adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 15:17
59
ƏDƏBİYYAT
A- A+

Azərbaycan-Özbəkistan: Əsrlərin qardaşlığı, gələcəyin strateji tərəfdaşlığı

Azərbaycan və Özbəkistan xalqları ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik olan iki qardaş xalqdır. Əsrlər boyu formalaşmış bu münasibətlər bu gün dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tarix boyu Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Zəhirəddin Babur kimi böyük şəxsiyyətlər Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıblar. Bu gün Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması xalqlarımız arasındakı qarşılıqlı ehtiramın parlaq nümunəsidir.

Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi və humanitar sahələrdə əməkdaşlıq sürətlə genişlənib. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad münasibətləri əlaqələrin inkişafına yeni təkan verib. Energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr əməkdaşlığın miqyasını daha da artırıb.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biri olub. Qarabağın işğaldan azad edilməsindən sonra qardaş ölkə bölgənin bərpasına fəal töhfə verib. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb iki xalq arasındakı dostluğun və qardaşlığın rəmzinə çevrilib.

2025-ci ildə Azərbaycana təşkil olunan media-tur çərçivəsində özbək alimləri, jurnalistləri və yaradıcı şəxsləri Bakı, Füzuli və Şuşada aparılan quruculuq işləri ilə yaxından tanış olublar. Səfər iştirakçıları Azərbaycanın tarixi irsi, müasir inkişafı və Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası, Avrasiya Beynəlxalq Mətbuat Fondu və AzTV-də keçirilən görüşlər zamanı elmi, mədəni və media sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər ortaq tarixin, ədəbiyyatın və mədəni irsin gələcək nəsillərə çatdırılması istiqamətində yeni layihələrin əhəmiyyətini vurğulayıblar.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri təkcə iki dövlət arasında əməkdaşlıq deyil, ortaq köklərə söykənən mənəvi birliyin ifadəsidir. Əsrlərin sınağından çıxmış bu dostluq və qardaşlıq əlaqələri gələcəkdə də Türk dünyasının birliyinə, regionda sabitlik və rifahın möhkəmlənməsinə xidmət edəcək.

 

Şöhrət Həyitov,

Filologiya elmləri doktoru, ədəbiyyatşünas,

Özbəkistan Yazıçıla rBirliyinin üzvü.