14 Fevral 2013 08:40
4411
ƏDƏBİYYAT

SALAM, DƏRDİ YENƏNLƏR

Yenə durnalar uçur
Üzü Şuşaya sarı.
Göy üzü ola bilsəm,
Öpərdim bu rüzgarı.

İstək  kəhər çapanda
Mən dönərdim nalına.
Gözümlə nur səpərdim
Durnaların yoluna.

Göy üzündə ruhumun
yolu bağlıdı, nədi?!
Özümə dönənmirəm,
yenə içim göynədi.

Xoş gördük, ulu yollar!
Salam, Dərdi yenənlər!
Gözünüz aydın olsun,
Ay özünə dönənlər!

OĞLUN BAŞ ALDADIR, ANA!

Varım yoxdu, yoxum budu,
Çox ağrı var, gərək udum.
Mənim varlanmaq umudum,
Yaman xoş aldadır, ana!

Inciməsin xalam, bibim...g
Pul ha deyil verəm, təbim.
Əllərimdən küsüb cibim,
Qalıb boş, aldadır, ana!

Haçan çatdım əlli yaşa,
Gələn təkdi, qaçan qoşa.
Əlim çatmır uçan quşa,
Məni daş aldadır, ana!

Yaxasını ələ verib,
Sonasını gölə verib,
Günlərini yelə verib,
Oğlun baş aldadır, ana!


LƏNƏT OLSUN DÖZÜMƏ

Dözümüm neft kimidir,
Köz üstə səpəmmədim.
Yağının sevincini
Gülləylə öpəmmədim.

Eh, qanımın istisi
Üşütmədi ölümü!
Qanımda can suyu tək
Gəzdirirəm zülümü.

Barsız söyüd kölgəsi
Sığal çəkir ahıma.
Şəhidlərin məzarı
Saray olub yuxuma.

Lənət olsun dözümə!
Lənət edə bilmirəm.
Mən özümdən özümə
Varıb gedə bilmirəm.

TANIMADI BU KÖY MƏNİ

Dərd gələndə bildirmədi,
Danışdırıb güldürmədi.
Məni bu yer öldürmədi,
Öldürəcək o göy məni.

Xəyalımda dağ şəkli var,
Başı qarlı ağ şəkli var,
Sinəm altda dağ şəkli var,
Oxşayammaz ögey məni.

Yenə könül qəhərlənib,
Sinəm dolub bəhərlənib.
Ömrüm, günüm şəhərlənib,
Tanıyarmı o köy məni?!


SALAM VERDİM EVİMİZƏ

Adam-adam azaldıqca
Sıxılırmış addım-addım.
Ömrün şəhər ağrısını
Gəlib doğma kənddə daddım.

Salam verdim evimizə,
Susdu paslı kilidləri.
İçin-için əridikcə
Çölüm məni kiritmədi.

İnnən belə yüz yol yalvar,
Sıxta, ləli, xeyri yoxdu.
Yer altında yer versə də,
Yer üstündə yeri yoxdu.


HƏR GECƏ SƏBRİM SOYULUR

Dəsmal ha deyil tab, dözüm,
Yuyb sərəm, canım-gözüm,
Yan baxırsan, yanır üzüm,
Yanağımda nəm soyuyur.

Sevincimlə dərdim - günü,
Ahnan yuyub sərdim günü.
Olub qalan ömür-günü
Dərd geyinir, qəm soyunur.

Qərib kimi boğuluram,
Bulaq kimi soğuluram,
Gündə ölür, doğuluram,
Hər gecə səbrim soyulur.
GƏZİRƏM

Mən yenə etdim axşamı,
Getməyə bir an gəzirəm.
Bu dağ o dağa oxşamır,
Bürkülü aran gəzirəm.

Noolubdu axı mənə,
Çatmır sözün ahı mənə.
Öz dərdimin şahı mənəm,
Kim deyir ki, yan gəzirəm.

Dönübdü ruhum uçağa,
Yığışmır yurda-ocağa,
Özümlə qanlıbıçağam,
Min ildi pünhan gəzirəm.

ÇÖLDƏN  BAĞLI QAPIYAM

Çəkdiyim ağrı-acı
Məni dən tək üyütdü.
Itiyimdən asmağa
Şəkil kimi böyütdü.

Inadımı qırdılar,
Səbrim dönür zəncirə.
Kilidlənmiş qapıyam,
Sözüm - açıq pəncərə.

Çöldən açıq görünür,
Içdən bağlı qapılar.
Fələk də açammasa,
Bir gün açan tapılar.

DƏNİZ ŞƏKİL ÇƏKDİRİRg

Dalğalar dəcəl uşaq,
Yatır sular qoynunda.
Neçə-neçə cavabsız.
Sual qalıb boynunda.

Ay da sığallanmada
Sükut boyda dənizdə.
Kölgəsini yusa da,
Ləkə qalır bənizdə.

Qağayılar ah kimi
Göyə qalxır bir anda.
Dönüb şəklinə baxır
Dəniz boyda ekranda.

Balıqçı tilovu da
Dara çəkir səbrimi.
Dənizdə qazacağam,
Belə getsə, qəbrimi.

Asmaq üçün, deyəsən,
Başdaşımın üzündən,
Dəniz şəkil çəkdirir
Balıqların gözündə.