20 Iyun 2025 17:17
157
ƏDƏBİYYAT

“Bir qara tale də həp bizi seçər...” - Esmira İsmayılova yazır

Abid Tahirlinin “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyası haqqında düşüncələr

 Bu gün Azərbaycan  ədəbiyyatşünaslığında mühacir ədəbiyyatının, mətbuatının tədqiqindən söz düşəndə ilk yada düşən ad, imza Abid Tahirlidir. AMEA  Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, prof. Abid Tahirli Azərbaycan mühacirət ədəbiyyatının, mətbuatının araşdırılması kimi çətin işi, missiyanı öhdəsinə götürən əvəzsiz təqdiqatçılarımızdan biridir, bəlkə də birincisidir. Ən azından ona görə ki, prof. Abid Tahirli 70 illik ömrünün  tən yarısını mühacirət ədəbiyyatı və mətbuatının araşdırılmasına həsr edib, repressiya illərinin  cəmiyyətdən qopardığı  işıqlı insanları-söz-sənət adamlarını  yenidən üzə çıxartmağa, onların elmi, bədii, ictimai-siyasi fəaliyyətlərini geniş ictimaiyyətə təqdim etməyə nail olub. Abid müəllim bu şərəfli missiyasına ilk əvvəl publisistikasında, jurnalist fəaliyyətində başlayıb, sonradan bu axtarışlar, tədqiqlər bədii-elmi müstəviyə keçib və bu gün  paralel aparılır.

 Prof. Abid Tahirlinin XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan mühacir yazıçı, dramaturq Mirzə Abay Dağlının həyat və yaradıcılıq yolundan bəhs edən yeni  monoqrafiyasını onun tədqiqatçı alim  kimi elmi fəaliyyətinin mühüm nailiyyəti, böyük uğuru hesab etmək olar. Xalq yazıçısı, filologiya elmləri doktoru, prof. Elçin kitaba yazdığı Ön sözdə müəllifin bu  missiyasını, mühacirət mövzusuna sadiqliyini yüksək dəyərləndirərək yazır: “A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmalarında, məqalə və monoqrafiyalarında qələm sahiblərinə hörmət, ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət tədqiq və təhlil obyektinə ciddi və obyektiv münasibətdən gedir. Onun son illərdə yazdığı “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” (Bakı, “Elm və təhsil”, 2019.), “Məhəmməd Altunbayın həyatı və yaradıcılığı” (Bakı, “Xəzər” Universiteti Nəşriyyatı, 2023.) kimi monoqrafiyalarından sonra “Abay Dağlının həyatı və yaradıcılığı” monoqrafiyası yeni yaradıcılıq uğurudur və Abid bu silsiləni belə bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi mühacirətşünaslığımızın mənzərəsi bütövlük, müfəssəllik baxımından qazanmış olar”.

Mühacirət ədəbiyyatını, xüsusən bu ədəbiyyatın XX əsr 30-60-cı illər dövrünü tədqiq etməyi əksər ədəbiyyatşünas alimlər iynə ilə gor qazmaq adlandırırlar. Səbəb də budur ki, həmin dövrdə mühacirət etmiş şair, nasir, publisistlərin yazılı irsi repressiya xofundan, stalinizmin vahiməsindən demək olar ki,  məhv edilib, arxivlərdəki az-çox mənbələri üzə çıxartmağa isə  günün bu günündə də maneələr yaradılır, imkan verilmir. Güman qalır qonşu Türkiyə Cümpuriyyətinin və bir çox Avropa ölkələrinin arxivlərinə ki, Abid Tahirli də elmi tədqiqatında ən çox bu mənbələrdən bəhrələnib. Sosial şəbəkədə, xüsusən feysbukda olduqca aktiv olan prof. Abid Tahirlinin Türkiyə, Fransa, Almaniya muzey və arxivlərindən olan paylaşımlarını diqqətlə izləyənlər bilir ki, tədqiqatçı alimin  bu gedişləri təsadüfi deyil, yeni, növbəti elmi araşdırma mövzusudur, yeni monoqrafiyanın yazılması üçün zəmindir, növbəti addımdır.

Mütəxəssislər  prof. Abid Tahirlinin  yeni nəşr olunmuş  “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyasını bu yaradıcı şəxsiyyətin bədii irsinin araşdırılması istiqamətində  sanballı və fundamental tədqiqat işi hesab edirlər. Xatırladım ki, Abid müəllimin mühacirət mətbuatı və ədəbiyyatının tədqiqi mövzusunda  bu günə kimi  19 kitabı və onlarla məqaləsi işıq üzü görüb. Nəşr olunmuş kitablar,  elmi-tədqiqat işləri Abid müəllimin gərgin araşdırmalarının, yorulmaz fəaliyyətinin, yuxusuz gecələrinin bəhrəsidir. Gözlərinin nurunu, ürəyinin odunu, ömrünün böyük zamanını qoyub bu əsərlərinə tədqiqatçı alim. Yazıçı Elçinin təbirincə desək, bütün tədqiqatlarında, xüsusən son monoqrafiyasında : “A.Tahirli işlədiyi mövzunun aktuallığını ciddi faktlar və ətraflı şərhlərlə əsaslandırmış, tədqiqat predmetinin öyrənilmə tarixini diqqətlə izləmiş, araşdırmanın məqsəd və vəzifələrinə aydınlıq gətirmiş və arxiv sənədlərinə, ilkin mənbələrə effektli şəkildə istinad etmişdir. Yaxşı cəhətdir ki, Abid bilavasitə A.Dağlının əsərlərinə əsaslanaraq, onun həyatından, ilk qələm təcrübələrindən, yaradıcılığının sonrakı mərhələlərindən ətraflı bəhs edir və bu yazıçının qələmə aldığı mövzuların, onun bədii dilinin və üslubunun, bir sözlə, sənətkarlıq xüsusiyyətlərinin mahiyyətinə varır, A.Dağlının yaradıcılıq portretini yaratmağa nail olur”.

Görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədovun prof. Abid Tahirlini tədqiq etdiyi sahənin “lokomotivi” adlandırması da  təsadüfi ifadə, gəlişigözəl söz deyil, araşdırmaçı alimə uzun illər boyu apardığı silsilə elmi tədqiqatlarına görə verilən dəyərdir.  Qeyd edək ki, son monoqrafiyasında Abid Tahirli  Abay Dağlının  “Onlar türklərdi” romanını, “Dədə Qorqud”,  “Malazgirtdən Sakaryaya”, “Sakarya çətəsi”, “Sakarya”, “Atatürk”, “Atamızın gəncliyi” , “Sakaryada 22-ci gün”, “Ata anıları”, “Albay”, “Okullular”, “Füzuli”, “Əsir ruhlar” pyesləri və sair əsərlərini, onun “Mücahid” dərgisində dərc etdirdiyi məqalə və şeirlərini  tədqiqata cəlb edib. Maraqlı, mürəkkəb və zəngin bir yaradıcılıq yolu keçən Abay Dağlının  yaradıcılığı iki mərhələdə tədqiq olunur-mühacirətəqədərki və mühacirət dövrü. Prof. A. Tahirli  Abay Dağlının mühacirət dövrü yaradıcılığını həm sənətkarlıq, həm də mövzu-ideya baxımından  daha zəngin hesab edir, onun “Onlar türklərdi” romanınını repressiyanın, bolşevizmin, faşızmin bədii ittihamı adlandırır. 

Abay Dağlının “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında qələmə aldığı “Dədə Qorqud” pyesini təhlil edərkən  prof. Abid Tahirli əsərin milli-mənəvi, bəşəri dəyərlərinə xüsusi diqqət çəkir. Bu diqqəti müəllifin təhlil üçün seçdiyi şeir parçalarında da görmək mümkündür:
        

Yurdunu sevmirsə böyük hökmdar,
Bilməm ki, nasıl bir böyüklüyü var.
Başda olan kişi yol açmalıdır, 
Ətrafa hər zaman nur saçmalıdır.
Yerdən kin saçarsa ətrafdakılar,
 Düşməyə məhkumdur yüksəkdəkilər.

“Bir Qara dəniz var, suyunu içər, bir qara tale də həp bizi seçər” şərqisi ilə mühacirət ağrısını, Vətən həsrətini əsərlərinə köçürən Abay Dağlının həyat və yaradıcılığını son monoqrafiyasına tədqiqat mövzusu seçməklə  prof. Abid Tahirli xeyirxah missiyasını davam etdirib, daha bir mühacir yazarı Azərbaycan oxucusuna tanıdıb. Abid Tahirlinin monoqrafiyası  təkcə elmiliyinə, bədiiliyinə görə əhəmiyyətli  deyil, yurd həsrəti ilə qərib ölkələrdə həyatdan köçən el oğullarımızın tanıdılması istiqamətində atılmış növbəti bir addımdır, onlara sözlə qoyulmuş abidədir, milli yaddaşımızı oyaq saxlayan əcəl zəngidir: 

Yetər unutduğum kəndi adımı, 
Dilimi, ruhumu və əcdadımı.
Tarixlər dibindən gəlirkən adım..
.

Oxuculara bir anons da verim. Prof. Abid Tahirli daha bir monoqrafiya üzərində çalışır. Nağı Şeyxzamanlının həyat və yaradıcılığından bəhs edən yeni monoqrafiyasında da Abid müəllim mühacirət mövzusuna sadiq qalaraq Azərbaycan oxucusuna bu dəyərli şəxsiyyətin  tanıtımını planlaşdırır. 

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru