adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 10:45
82
SİYASƏT
A- A+

“Türkiyə və Pakistan təmsilçiləri İrana gəlməmişdən 5 gün öncə...”

“Avqustun 7-də “Məkkə sazişi”ni imzalayan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı təmsilçilərinin oktyabrın 26-da qəfildən, mediaya öncədən hər hansı açıqlama vermədən Tehrana gəlmələri, İran rəhbərliyi ilə olduqca xoş atmosferdə görüş keçirmələri və birgə əməkdaşlıq üçün dialoqun davam etdirilməsinə razılaşmaları İslam dünyası üçün olduqca mühüm addımdır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Politoloq bildirib ki, bu, hər şeydən əvvəl, “Məkkə İttifaqı”nın İrana qarşı qurulduğu və tezliklə Yəməndə məzhəb qarşıdurmasının başlayacağı, bunun bütün coğrafiyaya yayılacağı haqda İsrail və Qərb mediasının 2 aydır apardığı, beyinləri zəhərlədiyi fitnəkar təbliğatı alt-üst etməklə, İslam dünyasının aparıcı ölkələrinin bir araya gəlməkdə qərarlı olduğuna dair ümidləri də xeyli artırır:

“Görünən odur ki, nüfuzlu İslam alimlərinin parlaq zəkası və illərdir pərdəarxası apardığı işlər, nəhayət, özünü müsəlman sayan və axirətə inamı olan rəhbərləri də ortaq hərəkət etməyin faydasına və ümmətin taleyi üçün hansı məsuliyyəti daşıdıqlarına inandıra bilib. O fakta da mütləq diqqət yetirək ki, Türkiyə və Pakistan təmsilçiləri İrana gəlməmişdən 5 gün öncə - oktyabrın 21-də daha iki İslam ölkəsi – İndoneziya və Qətərlə də “Bədr sazişi”ni imzalayıb. Beləliklə, “Məkkə sazişi” və “Bədr sazişi” ölkələrinin İranla əməkdaşlığa başlaması sünni-şiə vəhdətinin yaradılması istiqamətində atılmış ən ciddi addımlardan biri olmaqla, ABŞ-İsrail tandeminin yenidən İrana qarşı hər hansı uğurlu əməliyyat aparmaq və bu əməliyyatda hansısa müsəlman ölkələrindən istifadə etmək planlarını da öncədən puça çıxarmaq deməkdir. İndi gəlin, “Məkkə” və “Bədr” sazişləri çərçivəsində əməkdaşlığa başlayan müsəlman ölkələrin hansı məzhəbləri təmsil etdiklərinə baxaq: Türkiyə və Pakistan İslamın “hənəfi”, Səudiyyə Ərəbistanı və Qətər “hənbəli”, İndoneziya “şafeyi” fiqhinə əsaslanır. Şiə məzhəbli İran isə “cəfəri” fiqhindədir”.

E.Şükürlünün sözlərinə görə, hazırda bu ölkələr üçün ən uyğun əməkdaşlıq meydançası, onları bir araya gətirəcək ortaq mövzu isə sünni - şiə ziddiyyətinin salınmasına çalışılan 45 milyonluq Yəməndir:

“Yəmən əhalisinin, demək olar ki, 60 faizi sünnilər (şafeyi), 40 faizi isə isə şiələrdir (zeydilər). Əgər “Məkkə sazişi” ölkələrinin Yəmən husilərini dəstəkləyən İranla başlayan əməkdaşlığı Yəmən probleminin sülh yoluyla həllinə gətirib çıxaracaqsa, bu, rəhmətlik professor Nəcməddin Ərbakanın arzuladığı formatın – İslam ölkələrinin Müdafiə Şurasının yaradılması və müsəlmanların öz aralarındakı münaqişələri də özlərinin həll etməsi ideyasının gerçəkləşməsi demək olacaq.Dünən Tehrandan indiyədək aralarında müxtəlif ziddiyyətlər olmuş 4 aparıcı müsəlman ölkəsinin təmsilçilərinin dünyaya verdikləri ən mühüm mesaj da elə bu idi: müsəlmanlar öz problemlərini öz aralarında birlikdə həll etməlidirlər! Yolgöstəricimiz “Qurani-Kərim”in bu ayəsi, sanki, elə bugünlərimiz üçün deyilib: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi! Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”. (“Ali-İmran” surəsi, 102-ci ayə)”.

Vasif ƏLİHÜSEYN