adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 10:56
70
GÜNDƏM
A- A+

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” - İlahiyyatçı

“Din, məzhəb, əqidə pərdəsi altında pozğunçuluq, əxlaqsızlıq, pedofiliya, məzhəblərarası ədavət, xaricdəki mənbələrə bağlılıq, tarixi şəxsiyyətlərin obrazı arxasından ekstremizm təbliğatı edən, sosial şəbəkələrdə ziyalıları, dövlət xadimlərini, vətənpərvər adamları söyən və söydürən, bu yöndə propaqanda aparan şəxslər müvafiq qanunun tələblərinə görə məsuliyyətə cəlb olunmalıdır”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, əsl dini və mənəvi, milli dəyərləri təhqir və təhrif edənlər əslində din pərdəsi altında, məzhəb qiyafəsində gizlənənlərdir:

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var. Bu, açıq sezilir və fəaliyyətləri öz mənfi nəticələrini verir.Təsir əks təsir yaradır. Din adı altında dinsizlik, əxlaqsızlıq, pozuculuq yayan maskalanmışların fəaliyyəti etirazçı əks cəbhənin formalaşmasını labüdləşdirir. Nəticədə cəmiyyətdə paradoksal mühit yaranır. Sivil dialoq və müzakirələr əvəzinə mübahisə, çaxnaşma və ədavət cücərir. Qatı və ekstremist məzhəbçilik, fanatizm və xurafat ateizmi sürətləndirir, mənəvi dəyərlər sistemini mübahisələndirir. Ona görə ümumi nizamın, dini tolerantlığın, milli həmrəyliyin, habelə mövhumatdan münəzzəh mənəvi dəyərlərin qorunması üçün bu mövzuda bir çox işlər görülməli, təmizləmə işləri aparılmalıdır”.

Vasif ƏLİHÜSEYN