adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Yanvar 2022 09:00
784
ƏDƏBİYYAT

RUHUN GERİ DÖNÜŞÜ - ŞƏLALƏ CAMAL yazır

Salam mənim nəfəsim, sənin dediyin fani dünyadayam. Gəlmişəm səni görməyə...Sən indi yatırsan bəlkə də məni görmürsən... Sənin üçün yuxumu deyim, kabusmu deyim bax oyam. Səbəb hər nə oldusa mən canımı tapşırdım artıq, yaşamıram, yanında deyiləm. O qədər istəyərdim ki, qollarında uyumağı, qismət olmadı. İndi girib qollarına sənə sarılmışam. Heç çıxmaq belə istəmirəm. Sənin yanında olmağım sənə bir gün kimi gələcək, mənim üçünsə vur - tut cəmi üç saniyədir. Sağ olanda o qədər dalaşırdıq ki, barışsaq belə mən o gözlərinə baxa bilmirdim. İndi  sənə baxıb bütün varlığımı unuduram...

Əslində mən qəza keçirmədim, həyatımdan bezdim və intihar etdim. Hər şey üstümə - üstümə gəldiyi halda sən də gəldin. Tək ümidim, tək güvəndiyim sən idin. Sən də dinləmədin məni. Heç kimin başını aşağı edib intihar etmək istəmədim. Axı sizin cəmiyyət pis qəbul edərdi, axı biz özümüzü bir kənara qoyub başqaları üçün yaşayırıq. Onda pəncərədən yıxılmadım, atdım özümü. Hə, düz başa düşdün, atdım… Heç nə gözümə görünmədi, başıma o qədər insan yığışdı, fəqət onların arasında sən yox idin, çünki sən yatmışdın. Çünki sən səhərlər həmişə yuxudan gec oyanardın. Xəbər də etmədim. Çünki sənin səhərinin bəd xəbərlə açılmasına göz yuma bilməzdim. Çünki… Çünki… Çünki… Sevirdim səni və həqiqətən çox sevirdim.... Sənin dırnağına dəyən zədə mənim ürəyimə dəyərdi hər dəfəsində… Di gəl ki, bildirə bilməzdim... Mən yorulmuşdum... Ən çox da həkimdən aldığım diaqnoz artıq məni mənlikdən çıxarmışdı.

Deyə də bilməzdim sənə. Başa düşürsən? Mən səni bədbəxt edə bilməzdim. Xərçəng xəstəsi idim. Hansı ki, bədənim hər gün öz funksiyasını itirirdi, bitirdim hər dəfəsində. Huşumu belə itirirdim get – gedə. Səninlə yemək yediyimiz sonuncu günü özümə bağışlaya bilmirəm. Səni mən çağırmışdım, guya ki, sürpriz edəcəkdim. Amma sürpriz ürəyimin getməsi, həkimlərin restorana gəlməyi, səni biyabır etmək deyildi. Restoranda tələsikdən qoyub çıxdığın çantanın iç cibindəki balaca hədiyyəm idi. İkimizin şəklini çəkmişdim, sonar da taxtaya düzəltdirmişdim ki, həmişəlik qalsın. Bir də əsas səbəb səni görməyim idi. Bağışla o gün hər şeyi zəhər etdiyim üçün, bağışla həyatına girib alt – üst etdiyim üçün. Sən xoşbəxtliyə layiq birisən. Mənə nə qədər çətin olsa da sən həyatını qurmalısan. Ruhlar qırılmır deyirlər, amma mən hər dəfə paramparça oluram burada. Hər gün gələcəm yanına, hər gün…