RÖYALARIN GERÇƏK QƏHRƏMANI

Adəm oğlu dünyaya göz açandan bəzən ona dost, bəzən düşmən, gah loğman, gah mərəz olub yuxuları... Amma heç qopmadığı, rahatlanıb dincəldiyi, özünə qapandığı, düşündüyü, ilhamlandığı, gizlətdiyi, sevindiyi – insan duyğularını büsbütün əhatələyən sirdaşı, həmfikri olub bu röyalar... Bəzən sahibinə nələrisə xəbərdar etmək, onu qorumaq kimi ilahi bir vəhy olaraq özündə möcüzəvi müəmmaları daşıyıb. Hər birimiz bu rəngarəng, hərdən əski kino lenti kimi qırıq-pozuq bu röyaları yozmaq üçün yaxınlarımıza, ya da ən azından yuxuyozma kitablarına müraciət edib qəlbimizim, ruhumuzun təlatümünü sakitləşdirmək istəmişik.
Əbəs yerə yuxulardan söz açmadım... Bu səhər yuxudan oyanar-oyanmaz yuxu yozumları kitabını açdım... Gerçəyin xəyala, aşkarın röyaya həsəd aparacağı bir yuxumu yozmaq üçün... Düşüncəsi belə xoş – müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şeirləri xalqının qəlbində, hafizəsində özünə əbədi yer eləmiş Məmməd Araz idi röyamın qəhrəmanı...
Kitabı vərərqləyə-vərəqləyə düşünürdüm, görəsən yuxumda mənə yenicə "doğulmuş” əlyazmalarını oxuyan, hərdən fasilə verib üzümə baxan şair nə demək istəyirdi, bununla mənə nə çatdırmaq istəyirdi? Axı bu dahi şairin məhz mənim yuxumu özünə oylağ seçməsinin səbəbi nə idi?!.. Bəlkə özümün də qələm əhli ola-ola niyə hələ onu anmadığımdan gileyliydi?... İnsan oğlu anlaya, çözə bimədiyi məqamlarda dağı arana, aranı dağa daşıyır. Mən də bu xüsusdan hali deyiləm. Kimə dedimsə, "yəqin şairin şeirlərini oxumusan, onu düşünmüsən”, deyə sadə məntiqlə cavab verdilər. Razılaşmaya bilmədim... Əlimə qələm alandan Məmməd Araz şeiriyyatı ilə ilhamlanıb qanadlanmışam. "Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasını bir şüar kimi əzbərləyib, həyat devizimə çevirmişəm.
Düşüncələr içində oxudum – yuxuda qələm əhlini görmək Allah tərəfindən hidayətə çatmaq, kədərindən xilas olmaq və həqiqətin nura qovuşması deməkmiş... Qələm adamı müvəffəqiyyətə, düşmənə qalib gəlməyə, sirr saxlamağa, comərdlik və yaxşılığa dəlalət edər. Qələm hər şeyin dəyəridir, şeiriyyat ilahi hikmətdir...
Bəli... Məhz ilahi hikmət, nurlu həqiqət idi yuxumun qəhrəmanı... Yaşadığımız qarışıq, dumanlı zəmanənin aydınlığı, zəkası böyük şair Məmməd Arazdı röyamın qonağı... Onun misraları, qələmindən nur kimi ələnən kəlamları uşaqdan-böyüyə hər bir azərbaycanlının anladığı, dilində, zehnində vətəndaşlıq qazandığı, şirin türkcəmizin rəmzinə çevrilə bildi. Hələ Sovet İmperiyasının "qırmızı ateizmində” qələmə alınmış, dillər əzbəri olmuş fəlsəfi şeirləri şüurumuzu, idrakımızı təzələdi, düşünən beynimizi o zamanda yasaq Sufi həqiqətilə aydınlatdı. Nə sənə, nə mənə, nə də heç kimə qalmayacaq bu dünyada yalnız qoyacağımız şərəfli adımızdan və aparacağımız rəhmətdən başqa bir karımız olmadığını xatırlatdı.
Heç unutmaram. Yorğun iş günündən sonra avtobusun şüşəsindən tozlu qəsəbə yollarını mürgülü halda seyr edərkən, arxa oturacaqdan 5-6 yaşlı bir uşağın əzbərlədiyi bir neçə şeir qulağıma dəydi. Avtobuslarda bu adi haldı, azyaşlı uşaqlar yarışa giriblərmiş kimi bildikləri şeir və mahnıları birnəfəsə söylərlər. Amma mənim diqqətimi çəkən bu uşağın bəzi böyüklərin belə qavramadığı şeirləri bilməsi idi. Ustad Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz yaradıcılığından əzbərlədiyi şeir parçaları ilə sərnişinlərə bir neçə dəqiqə kiçik "şeir ziyafəti” verdi. Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” misralarına çatınca bu balaca qəhrəman bir anlıq dayandı. Sonra maraqla anasına baxıb soruşdu: "Ana, mamır nədi?” Gənc ana bir anlıq duruxdu, sonra uşağın anlayacağı tərzdə "Suda bitən ot” dedi. Maraq dolu oğlancığaz yenə susmadı: "Axı o qədər qəşəng gül-çiçək ola-ola mamır niyə olmaq istəyib şair?” Cavab ləngidi. Bir az düşündükdən sonra gənc qadın handan-hana: "Gül-çiçək olmağı hər kəs istəyər. Şairin böyüklüyü ondadı ki, o yeri gəlsə vətən üçün mamır da, daş da olmağa hazırdı” dedi... Dönüb uşağı seyr etdim. Anasının cavabı onu qane etdimi, bilmirəm. Amma dinləyən hər kəsin dodağında bu sadə həqiqətin həzin təbəssümü oynadı. Bəli, Məmməd Arazın fərqi elə sadə həqiqətdə, aydın məntiqdə, fəlsəfəsindədi. Doğrudan da, vətən üçün rəngarəng, könüloxşayan, ətirli, xoşagələn gül-çiçək olmağa nə var! Kim istəməz ki?! Böyüklük, cəsarət, sadəlik bu vətənin daşı, mamırı, torpağı olub bununla iftixar etməkdi ki, buna da yalnız Məmməd Araz kimi elinə-obasına bağlı, sadiq, fədakar oğullar hazırdı.
Müasir ədəbiyyatımıza milli dəyanəti, bugünkü fəlsəfəyə uyğun bir sahiblik düşüncəsini gətirdi Məmməd Araz... Adını daşıdığı Araz çayı kimi millətini "şimal-cənub” deyə ikiyə ayırmadı. O taylı-bu taylı millətinin üstünə milli məfkurənin şölələrini saçdı. Azərbaycanın hər bir vətəndaşı – şəhərin şıq sakinləri, dağların sadə çobanları bu şeirlərin təkcə misraları ilə vəcdə gəldi, bir misra ilə alovlandı. Vətənin hər övladına bu torpağın daşı, qayası, mamırı olmağı aşıladı.
İlhamının vəcdindən yaranan, həyatın, həqiqətin təbii mənbələrinə aparan, qocaman bir millətə xilaskar kimi milli tərbiyə verən bu dahi əcəba necə yaşayıb, bir nəzər salaq:
Məmməd Araz (İbrahimov) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz” jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Bu gün cismən aramızda olmasa da, şeirləri ürəkləri saf və milli qururla coşduran və hər kəsi düşündürmək iqtidarına malik böyük şair ruhən həmişə bizimlədir. Şairin vəfatından sonra ona nəzirə və ithaflarla dolu çoxsaylı kitablar həsr olunub. Şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı deyir ki, Məmməd Araza 775 şair nəzirə və ithaflar yazıb. Onun sözlərinə görə, şairin əlyazmalarının və ona oxucularından gələn məktubların bir qismi Ədəbiyyat Muzeyində və Əlyazmalar Fondunda saxlanılır. Gülxanım müəllimə indi şairin arxivində olan dərc edilməmiş əsərləri tərtib edir, onların işıq üzü görməsinə çalışır. Şairin ölümündən sonra bir sıra kitablar atıq oxuculara təqdim edilib.
"İndi dərc edilməmiş tərcümələr var, onları çapa hazırlayıram. Bir də Məmmədlə bağlı yazdığım xatirələr var ki, onlara bir sıra əlavə edirəm” – şairin həyat yoldaşı belə deyir. Bir neçə il öncə Gülxanım Fətəliqızının Məmməd Arazla bağlı qələmə aldığı xatirələr "Azərbayan” jurnalında çap edilmişdi.
Bəzən insanların həyatında adətən, onların ömür yolunu dəyişdirən, zərbə vuran hansısa peşmançılıqları olur. "Bu həyatda kim uduzur, kim udur, peşimanı kim olur, bilmirəm” amma Məmməd Araz keşməkeşli həyat yolunda, tale sınaqlarında zəfər çalmış, öz ədaləti, öz istedadı ilə ucalmağı və sınaqdan üzüağ çıxmağı bacarmış bir şəxsiyyətdir.
Bəzən şairlər, əsl duyğularını xalqdan gizlədərlər, o isə "Qəlbimdə nə varsa şeirlərimə demişəm. Anadan-bacıdan gizlətdiyimi, kağızdan, qələmdən gizlətməmişəm” deyə hisslərini, qəlb döyüntülərini vərəqlərə tökdü. Əli ilə yazdıqlarına qəlbinin ən məhsum, saf duyğularını qatdı:
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
Öz əli ilə , qələmi ilə minlərlə azərbaycanlının qəlbinə silinməz, unudulmaz avtoqrafını yaza bildi...
Ədil Ədilzadə
(Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş "Haqqın var yaşamağa" kitabından)
Digər Xəbərlər

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"

İRSİYYƏT,AİLƏ,ƏTRAF ALƏM,MƏKTƏB,TƏHSİLİN VƏHDƏTİNDƏ FƏRDİN SOSİALLAŞMASI və ŞƏXSİYYƏT PROBLEMİ
