adalet.az header logo
  • Bakı 12°C
01 Fevral 2023 11:04
1089
MƏMLƏKƏT

Rövşən Rzayev Zabux və Sus sakinləri ilə görüşdü

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Laçın rayonunun Zabux və Sus kəndləri icmalarının nümayəndələri ilə görüş keçirib.

Adalet.az xəbər verir ki, görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. 

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının 20 sentyabr 2022-ci il tarixli Sərəncamı əsasında Zabux və Sus kəndlərinin yenidən qurulmasına başlanılıb. Müasir standartlara uyğun inşası nəzərdə tutulan kəndlər sakinlərin rahat, təhlükəsiz yaşayacağı abad məkana çevriləcək. 

Dövlət Komitəsi tərəfindən Zabux və Sus kəndlərinin sakinləri arasında keçirilən sorğunun başa çatdığı, onların mütləq əksəriyyətinin dogma yurda qayıtmaq istədiyi xatırladılıb. 
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Daha sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, məcburi köçkünləri maraqlandıran suallar cavablandırılıb. 

Səmimi qəbula görə minnətdarlıq edən Zabux və Sus kəndlərinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.