21 Sentyabr 2023 13:22
1117
ƏDƏBİYYAT

Repressiya qurbanları - Türklərə qarşı vuruşmaqdan imtina edən Zeynal ağanın acı taleyi

Zeynal ağa çar ordusunda xidmətdə olarkən, 1913-14-cü illər rus-türk müharibəsinin iştirakçısı olub. Döyüşlərin şiddətli vaxtı biləndə ki, rus əsgərləri, bu da onların içində, türklərə qarşı vuruşur, döyüşdən boyun qaçırır: “Mən türk qardaşlarıma güllə ata bilmərəm” deyib, silahını yerə qoyur, hərbçi andını pozur və çox çətinliklə də olsa baş götürüb birbaşa Azərbaycana - Şəmkirə gəlir. Atasının təsərrüfatında müəyyən işlərə rəhbərlik edir. Arabir qəzet, dərgi almaq üçün həmkəndlisi Yusif ağayla Gəncəyə gedirdi. Zeynal ağa burada həm də xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda düşünüb-daşınanlarla tanış olurdu.

Zeynal ağa təhsilli, ədəb-ərkanlı idi, ilk təhsilini kənddə molla yanında almışdı, sonra kəndə yaxın Aninnoda (indi Şəmkir rayon mərkəzi) almanlara məxsus dördsinifli məktəbi bitirmişdi. Hərbçi olmağa böyük həvəs göstərdiyindən atası da bu istəyi məmnunluqla qarşılamışdı. Aparıb Tiflisdə hərbi məktəbə qoymuşdu. Hərbi məktəbi uğurla başa vuran Zeynal ağa Bədirbəyli az sonra Rusiyada da hərbi məktəbdə oxumuşdu. O, rus və ərəb dillərini yaxşı bilirdi.

Zeynalın ağanın 29, uşaqlıq dostu Yusif ağanın isə 28 yaşı var idi. Zeynal ağa bölgədə böyük nüfuz sahibi, Cümhuriyyət qurucularına qoşulan, onlara maliyyə dəstəyi göstərən müsavatın fəallarından biri kimi tanınırdı.

Şamxor (Şəmkir) rayonunda məsul vəzifə sahibi, habelə yeni hökumətin yanında sözü keçən Piri oğlu Əli 1918-ci il “Eşalon davası”nın, 1920-ci il Gəncə üsyanının, neçə-neçə erməni-müsəlman münaqişəsinin iştirakçısı olmuş Qədim ağanın böyük oğlu Zeynal ağanı, onunla yoldaşlıq edən Kərbalayi Əhmədin oğlu Yusif ağanı yaxşı tanıyırdı.

Vaxtının çox hissəsini Cümhuriyyətin qayğılarına həsr edən Zeynal ağa Morulda adlı-sanlı kişilərdən olan Bəylər Alırza oğlunun qızı Maya xanıma nişanlı idi. Erməni-müsəlman qırğınları, Cümhuriyyət dövrünün çəkişmələri, Gəncə üsyanı toyun bu aydan gələn aya uzanmasına səbəb olmuşdu. Bolşevik əsgərləri və NKVD işçiləri tərəfindən iki dəfə həbs edilən məşhur mülkədar və bolşevik quruculuğunun düşməni olan atası Qədim ağanın, eləcə də qardaşlarının qolçomaq kimi həbs edilmək, sürgünə göndərilmək, güllələnmək təhlükəsi xeyir işi əngəlləyirdi.

İşlərin gedişindən gözü su içməyən Şura sədri, Qədim ağanın uşaqlıq dostu Piri oğlu Əli yaxınlaşan təhlükəni bu ailədən uzaqlaşdırmaq üçün Zeynal ağanı xəlvəti yanına çağırıb tapşırır ki, vəziyyət çox qarmaqarışıqdır, çalış gözə görünmə, baxaq, görək bu işlərin axırı necə olur...

Odur ki, Zeynal ağa dostu Yusif ağa ilə bir neçə ay idi ki, Kürqırağı meşələrdə, yataqlarda çobanların yanında, bəzən də təsadüfi tanışların evində gecələyir, qaçaq həyatı yaşayırdılar. Morula, evə-eşiyə yaxın gedə bilmirdilər, gedəndə də, əyin-baş dəyişmək üçün, gecələr gizlin gəlib, tez də aradan çıxardılar. Əsasən Kürqırağı meşələrdə günlərini keçirər, gündüzlər dükan-bazara dəymək bəhanəsi ilə ətraf kəndlərdə dolaşardılar. 1920-ci il dekabr ayının axırında Zeynal ağa ilə Yusif ağa Qaracəmirlinin üstündəki meşəlikdən çıxıb Alabaşlı stansiyasına gəlirlər. Dəmir yolu vağzalında bufetdən papiros alıb, çəkə-çəkə perronda o baş-bu başa var-gəl edirlər. Onların silahlı, yaraqlı-yasaqlı olmaları buradakı ermənilərin diqqətini çəkir. Gəzinənlərin yaxın gəlmə, ya da kənar kəndlərdən olduğunu zənn edib, hər ikisini perronun sakit küncündə güllələyirlər, üstlərində olan pulu, tapançanı, xəncəri, papirosu, müştuqu və s. götürürlər. Sonra da almanlarla dost və mehriban şəraitdə yaşayan yerli camaatın arasında münaqişə yaratmaq məqsədilə onları üzümçülüklə məşğul olan almanlar öldürüblər, deyirlər. Bununla da ermənilər yerli azərbaycanlılarla almanları qarşı-qarşıya qoymaq istəyirdilər.
O dövrdə terrorçu erməni dəstələri bu üsulla rusların evlərini qarət edir, qonşunun həyətindən toyuq-cücəsini, mal-qarasını oğurlayıb məqsədli şəkildə deyirdilər ki, bunu müsəlmanlar, azərbaycanlılar edib. Həmin dəstənin üzvlərindən bir neçəsi utanmadan hətta şahid kimi ermənipərəst rus məmurlarına ifadə də verirdilər: “Mən gördüm Yurikin evini Mamed apardı”.
Bolşeviklərin gəlişi ilə dönəlgəsi dönən ailənin Zeynal ağanın ölümündən sonra daha faciəli günləri başlayır. Zeynal ağanın meyiti Alabaşlıdan arabayla Morula - qapıya gətiriləndə nişanlısı Maya bərk əsəb sarsıntısı keçirir, havalanır, xəstələnir, az sonra dünyasını dəyişir. Ermənilər tərəfindən öldürülən Zeynal ağanın atası və yaxınları bolşeviklərin qorxusundan nə günahkarı arayıb axtardılar, nə də harasa şikayət edə bildilər. Heç yeni hökumət özü də bu qoşa qətllə maraqlanmırdı.
Köhnə Morul qəbiristanlığındakı Zeynal ağa Qədim ağa oğlu ilə Maya xanım Bəylər Alırza qızının qoşa məzarları, acı taleləri buraya ziyarətə gələnlərdə sovet hökumətinə, bolşevik rejiminə qarşı nifrət hissi doğurur.

Rəhman SALMANLI,
tədqiqatçı-jurnalist,
filologiya üzrə fəlsəfə doktoru.