Regionda yaranan yeni reallıq
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib.
Ağdam rayon kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdamın adı bu gün təkcə bir coğrafi məkanın deyil, bütöv bir tariximizin, milli yaddaşımızın, xalqımızın sarsılmaz iradəsinin simvoluna çevrilib.
Birinci Qarabağ Müharibəsi dövründə erməni qəsbkarlarının işğalına məruz qalan ərazilərimizdən biri də Ağdam idi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Azərbaycan xalqı hər zaman torpaqlarının işğaldan azad ediləcəyinə inanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik…” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri son beş ildə Ağdamın bərpa-quruculuq dövrünün əsas xəttinə çevrilib.
Ağdam uzun illər boyu işğalın ən böyük ağrılarını yaşamış bölgə olaraq “Qafqazın Xirosiması” adlandırılırdı. Lakin 44 günlük Zəfərdən sonra bu torpaq xarabalıqdan dövlətimizin siyasi iradəsi, iqtisadi gücü və strateji baxışları hesabına yeni həyat qazanır. Bu gün Ağdam Azərbaycanın postmünaqişə dövrü inkişaf modelinin, “Böyük Qayıdış” konsepsiyasının nümunəvi vitrini kimi qiymətləndirilir.
20 Noyabr – Ağdam şəhəri günü təkcə tarixi xatırlatma deyil. Bu gün işğaldan azad edilən torpaqlarımızın yenidən dirçəlişinin, xalqın qələbə ruhunun və dövlətin iradəsinin ən parlaq rəmzidir. Bu gün Ağdamda inşa edilən hər yol, tikilən hər bina, bərpa edilən hər məscid və muzey yalnız infrastruktur deyil, milli ədalətin bərpasıdır, Azərbaycanın regionda yaratdığı yeni reallığın təntənəsidir. Tarixboyu strateji, mədəni, iqtisadi əhəmiyyətə malik olan Ağdam bu gün modern şəhərsalmanın ən müasir standartları ilə yenidən layihələndirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.
Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülüb.
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi də bölgənin canlanmasına xidmət edəcək. Kompleks Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzi yenidən Ağdamı mədəniyyət beşiyinə çevirəcək.
Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələrə nəzər salanda görürük ki, ölkə rəhbəri ilk səfərini 23.11.2020-ci ildə edərək Ağdam şəhərində Dövlət Bayrağını ucaldıb. Dağıdılmış Ağdam Cümə məscidini ziyarət, Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi, Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi, Ağdam Sənaye Parkının təməlqoyma mərasimi, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi ilə tanışlıq, Şahbulaq qalası ilə tanışlıq ölkə rəhbərinin Ağdamda gedən quruculuq işlərini hər zaman diqqətdə saxladığına nümunədir.
Ağdamda gedən quruculuq işlərinə ölkəmizə gələn qonaqlar da şahidlik edir. Dövlət başçısı ilə yanaşı Qırğızıstan prezidenti də Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etmişdi. ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləmiş, Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olmuşdular. 5 ilə Ağdamda kifayət qədər işlər görülüb. İllər ötdükcə “Qafqazın Xirosiması"nı xatırladan Ağdamın cənnət-məkana çevrilməsinin şahidi olacağıq.
Digər Xəbərlər
19 Noyabr 2025 11:40
Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirdi - FOTO
19 Noyabr 2025 11:39
Spiker: Azərbaycan iqtisadi müstəqilliyini daha da gücləndirib
19 Noyabr 2025 11:39
Azərbaycan müstəqilliyini daxili resurslarla təmin edib - Deputat
19 Noyabr 2025 11:38
Sahibə Qafarova gələn ilin büdcə proqnozlarını açıqladı
19 Noyabr 2025 11:02
Əli Əsədov və nazirlər PARLAMENTDƏ
19 Noyabr 2025 11:01
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNACAQ
19 Noyabr 2025 10:34
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı
18 Noyabr 2025 20:46


Bakı -°C

