adalet.az header logo
  • Bakı -°C
16 Yanvar 2026 13:15
122
GÜNDƏM
A- A+

“İranda yüksək vəzifəli şəxslər ziyarətgahların altında yeraltı sığınacaqlar hazırladıblar”

“İranla bağlı gərginlik artır, ABŞ-nin hərbi müdaxiləsi istisna edilmir. Biz hər zaman savaş və zor işlətməyi təqdir etməmişik. Ələlxüsus da çoxmilyonlu soydaşımızın yaşadığı İrana qarşı hərbi müdaxiləni arzu etmirik, problemin danışıqlar, anlaşma şəraitində həllini tapmasını diləyirik. Hər halda müharibə region üçün də, ölkəmiz üçün də xoş heç nə vəd etmir. Məlumatlara görə rejimin yüksək vəzifəli şəxsləri mümkün hava zərbələrindən qorunmaq üçün müqəddəs hesab olunan məbəd, məscid və ziyarətgahların altında yeraltı sığınacaqlar hazırladıblar”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, həmin sığınacaqlara sığındıqları halda əgər müdaxilə olunarsa, təbii ki, əsasən Peyğəmbər Əhli-Beytinə aid edilən məkanlara ciddi zərər dəyə bilər. Əvvəla, bu metod tamamilə İslam və Peyğəmbər ənənələrinə ziddir. Həzrət Muhəmməd Peyğəmbər Məkkə müşriklərinin Mədinəyə hücumu zamanı böyük elm və fəzilət sahibi olan səhabələrindən Salman Farsinin təklifi ilə döyüşü şəhər daxilindən kənara çıxarıb, şəhər ətrafına da səngər qismində xəndəklər qazdırmışdı. Baxmayaraq ki, hücumu şəhər daxilində müdafiə mövqeyində durmaqla dəf etməyi təklif edənlər də vardı. Lakin Peyğəmbər məscidi, məzarları sığınacaq, sipər, qalxan qərar vermədi, döyüş şəhər ətrafında baş tutdu. Yeganə olaraq bu yöndə İslam ənənəsindən kənara çıxan səhabə, Zübeyrin oğlu Abdullah Əməvilərə qarşı öz xəlifəliyini elan edərkən hücumlardan qorunmaq üçün qərargahını Kədənin içinə köçürdü. O, Kəbəni bir növ özünə qalxan qərar vermişdi. Lakin zalım Əməvi ordusu Kəbəni mancanaqla daşa tutub alovlu maddələr ataraq yandırdılar, Abdullah Zübeyr oğlunu da qətlə yetirdilər. Kəbə isə sonradan yenidən bərpa olundu.İmam Hüseyn isə Həcc zamanı Yezidin adamlarının onu Kəbədə öldürmək ehtimalına görə dərhal oradan çıxıb Kufəyə üz tutmuşdu ki, müqəddəs yerlərdə qan tökülməsin. Bəli, bu Əhli Beytin həssaslığı, ümumbəşəri dəyərlərə ehtiramı və yüksək əxlaqı idi”.

T.İrfan bildirib ki, İran rejimi gərək ki, bu nümunələrin əleyhinə getməsin və müqəddəs yerləri, imamzadələri hədəfə gətirib özünə qalxan qərar verməsin:

“Əksinə, onları qorusun, siyasət və müharibə alətinə çevirməsin. ABŞ-nin hərbi müdaxiləsi də reallaşarsa, ümumdünya müsəlman alimləri müraciət etməlidir ki, İranda Peyğəmbər Əhli-Beytinə məxsus, ələlxüsus İmam Rza əleyhissəlamın məzarına xas türbə və məscidlərə zərər vurulmasın. Hər nə qədər İran rejimi dini atribut və abidələri öz siyasi ambisiyalarına, məkrinə alət etsə də, bu dəyərlər İslam aləminin ümumi irsidir və toxunulmazdır. Ziyarətgahların, dini abidələrin, məscid və məbədlərin, kilsə və sinaqoqların, məfhil və atəşgədələrin qorunması vacibdir”.

Vasif ƏLİHÜSEYN