adalet.az header logo
  • Bakı -°C
07 Fevral 2026 12:33
74
SİYASƏT
A- A+

“Ermənistanın sağlam qüvvələri anlayırlar ki, onların tarixi fəlakəti...”

“Bakıda erməni separatçılarıyla bağlı aparılan və uzun sürən məhkəmənin yekunlaşması və qərarların elan olunması, yəni Azərbaycana qarşı cinayətdə fəal iştirak edən dörd nəfərin ömürlük həbs cəzasına, yerdə qalanlarının isə 20 il azadlıqdan məhrum edilməsi cəzası əlbəttə ki, Azərbaycanda hər kəsin ürəyindən xəbər verir. Yəni bu birinci növbədə ədalətin qələbəsidir. Əlbəttə, şəxsən mən arzulayardım ki, belə hallarda nə qədər qeyri-insani yanaşma olsa da onlar daha ağır cəzaya məhkum edilsin, ölüm hökmü kəsilsin. Çünki bunlar yüzlərlə, minlərlə azərbaycanlının ölümünə bais olublar, bunların əli yüzlərlə soydaşımızın qanına bulaşıb”.

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, bunların ən ağır cəzaya, güllələnməyə məhkum olunması belə çox ədalətli olardı:

“Amma indi dünya reallıqları şəraitində verilən qərar da hər kəs üçün qəbul olunandır. Azərbaycanın Qarabağ məsələsini bu şəkildə çox ağıllı, ehtiyatlı, düşünülmüş, addım-addım, həm diplomatiyanın gücündən, həm hərbi gücdən istifadə etməsi bir nümunədir. Düzdü, indi Ermənistanda da Rusiyanın əlaltıları Qarabağ bayatısı oxuyurlar, “Artsax” haqqında danışırlar və hesab edirəm ki, bunlar hamısı cəfəngiyyatdır. Artıq Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın sağlam qüvvələri anlayırlar ki, ermənilərin tarixi fəlakəti Rusiyanın əlində vasitə olmasıdır. Ermənistan Türkiyə və Azərbaycana qarşı qoyulmasıdır. Bölgədə qarışıqlıq yaratmaq üçün ermənilərdən istifadə olunmasıdır. Yəni bunu başa düşəndən sonra artıq erməni rəhbərliyi də düzgün nəticələr çıxarır”. 

Q.Məhərrəmli deyib ki, bu gün Paşinyanın yürütdüyü siyasət ermənilərin xilas olunmasına, onların üzərindəki tarixi ləkəni götürməyə yönəlib:

“Bax ona görə bu məhkəmə də Köçəryanlar, Sarkisyanlar üçün bir tarixin dərsidir. Əlbəttə, məhkəməyə cəlb olunmalı adamlar yenə də var. Xocalı faciəsi, Başlıbel və digər yerlərimizdə soyqırım törədənlərin hamısı əlbəttə ki, ağır cəzaya məhkum olmalıdırlar. İndi real imkan bundan ibarət oldu və bu da əslində bütün o cinayətkarlar üçün dərs olacaq bir məhkəmədir və nə yaxşı ki, Azərbaycan prosesi bu şəkildə sona yetirə bildi. Əlbəttə ki, biz bilirik məhbuslar ətrafında siyasi oyunlar da, siyasi alver söhbətləri də olacaq. Yəni bunların hamısından da hesab edirəm ki, Azərbaycan çox uduşlu bir vəziyyətdə çıxa biləcək”. 

Vasif ƏLİHÜSEYN