29 Sentyabr 2025 10:20
186
SİYASƏT

“Paşinyan bunu reallaşdırmalıdır, “Tramp dəhlizinin” də əsas şərti məhz budur”

“Ermənistanın baş naziri Nikol Paşinyan yenə özü-özünü təkzib edib. O BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsinin gündəmdən çıxarılması gərəkliyini bildirib. Ona toxunan odur ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmadan sonra həmin layihə qısa adı

“Tramp dəhlizi“ (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) kimi çağrılmalıdır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, deyib ki, halbuki, Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzu dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandıraraq belə demişdi:

“Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp Marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”. Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı, beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qisim hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur. 1990-cı illərin sonlarında beynəlxalq tədbirlərin birində erməni ekspertlə adla bağlı mübahisəmi xatırlayıram. Çıxışımda Xankəndi söylədikcə o əsəbiləşirdi, fasilədə mənə yaxınlaşaraq “Stepanakert qəbul olunmuş addır, niyə reallığı qəbul etmək istəmirsiz” deyə sual etmişdi. “Kimin necə adlandırmasından asılı olmayaraq bizim üçün həmin şəhər Xankəndidir” demişdim və sonda biz deyən oldu, bu gün beynəlxalq aləm də bu adı qəbul edib.İndi ermənilər kefləri istədikləri qədər “Tramp dəhlizi” ifadəsindən istifadə edə bilərlər, biz bu adla yanaşı “Zəngəzur dəhlizi” ifadəsindən də istifadə edəcəyik. Bu ada dəhlizin ikinci adının müəllifi olan Ağ Ev sahibi də etiraz etmir. Əsas olan Azərbaycan vətəndaşlarının Zəngəzur və Tramp dəhlizindən maneəsiz istifadəsinin təmin edilməsidir. Paşinyan bunu reallaşdırmalıdır, özünün istifadə etdiyi “Tramp dəhlizinin” də əsas şərti məhz budur”.

Vasif ƏLİHÜSEYN