adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Yanvar 2022 16:54
881
MƏDƏNİYYƏT

Qədim Azərbaycan irsi Nyu-York Sərgisində 

Gəncə şəhərindən olan iki Azərbaycanlı gənc Orxan Məmmədov və Lara Binnet Azərbaycanın mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək, ABŞ-ın Nyu-York şəhərində keçiriləcək sərgidə dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar. 

Belə ki, sözügedən tədbirdə bu iki bacarıqlı gənc öz ana vətənlərinin, eləcə də Məhsəti və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərinin mədəni irsini süni intellektlə birləşdirərək sərgiləməyə hazırlaşırlar. Burada maraqlı və çox önəmli faktorlardan biri də budur ki, dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Mustafayev Mehmet Mikayıl oğlu əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. Onun Azərbaycanın qədim mədəni irsinə, Azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı və əmək sərf edərək bu dəyərləri dünyanın gözü önündə yayımlaması da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır. Nyu-Yorkun və bütün dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları bu möhtəşəm sərgi hər biri beş dəqiqə olmaqla doqquz özəl sənət əsərinin qırx beş dəqiqəlik nümayişindən ibarət olacaq. Onu da qeyd edək ki, sərgi 27 yanvar Bakı vaxtı ilə səhər saat 11:30 radələrində baş tutacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi instaqram hesabında izləyicilər üçün canlı yayımlanacaq.

Nəzərinizə çatdıraq ki, süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov dünyaya Azərbaycan mədəni irsini çağımızın ən son texnologiya alqoritmi ilə birləşdirən yeganə insanlardandır. Belə ki, O.Məmmədov 2019-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən əlli səkkizinci beynəlxalq dərəcəli Venedik Bienali müasir incəsənət sərgisində Azərbaycan pavilionunu layiqincə təmsil etmişdir. Hazırda O.Məmmədov dövrümüzün ən müasir süni intellekt alqoritmindən istifadə edərək, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edərək oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasiyalar yaratmışdır. Sənətçi O.Məmmədov indiyə qədər yüz əlli mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və “Estetikanın dirçəlişi” sərgisində bu günə qədər mövcud olmayan xəyali kilimlər yaratmış və dünyaya nümayiş etdirmişdir.