adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Mart 2023 10:00
689
HADİSƏ

“Qardaşım arvadını saxlamadığına görə məni qaçırdılar...”- Həyatı valideynlərinə görə puç olan qadın

Adalet.az “qadın taleyi”rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Sevilin (adı şərtidir) taleyini nəql edəcəyik. Sevil deyir ki, qardaşına görə onun gənc qız kimi həyatı puç olub. O, olanları belə nəql edib:

“Qardaşım Rusiyada təhsil alırdı. Elə oldu ki, universiteti bitirib orda işləməyə başladı. Bir gün valideynlərim onu məcbur Azərbaycana gətirib evləndirdilər. Toyun səhəri gün qardaşım gəlini qoyub Rusiyaya çıxıb getdi. Bir müddət gəlmədi və valideynlərim məcbur olub onun arxasınca getdilər. Orda məlum oldu ki, qardaşım sən demə rus qadınla evli imiş və hələ üstəlik bir övladı da var. Valideynlərim hər dəfə gedib qardaşımı məcbur Azərbaycana gətirirdilər və o da bir-iki gün evdə qalıb yenidən Rusiyaya qayıdırdı. Hər şeyi izah edirdi deyirdi ki, “mən siz aldığınız qadını istəmirəm. Orda evliyəm, övladım var”. Amma valideynlərim onu başa düşmürdü”. 

“Birlikdə toya getdik və yolda məlum oldu ki...”

“Bir gün gəlinimizin bacısı bizə gəlib dedi ki, birlikdə toya gedək. Mən də 11-ci sinifi yeni bitirmişdim. Hələ ağlıma gəlmirdi ki, o məni hara aparır. Birlikdə toya getdik və yolda məlum oldu ki, məni qardaşına qaçırdır. Məni qaçırdılar və iki ailə arasında böyük dava düşdü. Onların məqsədi bəlli idi, yəni siz bizim, biz də sizin qızı saxlayaq. Bir sözlə, qız-qıza qohum olduq. Amma qardaşım qərarında qəti idi, ona aldığımız qızla, yəni indi mənim baldızım olan gəlinimizlə yaşamaq istəmirdi. Bir il sonra qardaşım gəlinimizi, gəlinimizin qardaşı da məni boşadı”.


“Bu mənim başıma gəldi, amma istəmirəm ki...”

“Bununla da həyatım qardaşıma görə puç oldu. Amma bir müddət sonra həm mən, həm də ata evinə qayıdan gəlinimiz də ailə qurdu. Qardaşım da öz rus xanımıyla rahat yaşamağa başladı. Bəs görən valideynlərimizin bu cür uğursuz seçimi nəyə lazım idi? Bizim valideynlərin əksəriyyəti elə düşünür ki, oğlumu Rusiyadan gətirib Azərbaycanda evləndirsəm, ordakı rus qadınından ayrılacaq. Amma elə deyil, bununla neçə-neçə azərbaycanlı qızın həyatı puç olur. Bu mənim başıma gəldi, amma istəmirəm ki, başqasının da başına gəlsin. Valideynlərimizə də səslənirəm, bir də belə etməyin!”.

Vasif Əlihüseyn