adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 12:31
67
SİYASƏT
A- A+

Prezident Administrasiyasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüş keçirilib

Prezident Administrasiyasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüş keçirilib.

Görüş haqqında məlumat Partiyanın Mətbuat xidmətindən verilib.

Qeyd olunur ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 10 iyun tarixində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüşüb.

Açıq fikir mübadiləsi şəraitində keçirilmiş görüş zamanı dünya və regionda cərəyan edən proseslər, həmçinin siyasi sabitliyi təmin edən amillər və siyasi partiyaların fəaliyyəti ətrafında söhbət aparılıb. Siyasi sabitliyin təməlində dayanan həmrəylik mühitinin təmin olunmasında sağlam iqtidar-müxalifət dialoqunun müstəsna əhəmiyyəti xüsusilə vurğulanıb.

 Bildirilmişdir ki, siyasi münasibətlər müstəvisində əməkdaşlıq təcrübəsinin şaxələnməsi qaçılmaz olaraq dövlətin demokratik ənənələrini inkişaf etdirir. Siyasi partiyaların legitim və şəffaf fəaliyyəti üçün yaradılmış imkanlar ölkənin siyasi həyatını zənginləşdirir və cəmiyyətin intellektual potensialının milli maraqların qorunması uğrunda səfərbər olunmasına xidmət edir.

Görüşdə həmçinin informasiya məkanında yaradılmış fəaliyyət sərbəstliyi nəticəsində siyasi partiyaların artan ictimai nüfuzu, partiya üzvlərinin müxtəlif dövlət qurumlarında çalışması və ölkənin ictimai həyatında yaxından iştirak etməsi ilə bağlı olan məsələlər də müzakirə olunmuşdur.

Vurğulanıb ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər ərzində həyata keçirilən tədbirlər sayəsində siyasi partiyaların işlək demokratik institut kimi inkişaf etməsi üçün zəruri şərait yaradılmışdır. İctimai rəyi əks etdirən siyasi partiyalar cəmiyyətdə həmrəylik mühitinin qorunması prosesində də fəal şəkildə iştirak edir.

Milli birlik və siyasi sabitliyin qorunmasına xidmət edən həmrəylik mühitinin inkişafı naminə iqtidar ilə hər zaman sağlam əməkdaşlığa hazır olduğunu bildirən Partiya sədri dialoq dəyərlərinə bundan sonra da sadiq qalacağını vurğulamışdır.

Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqların qorunması uğrunda aparılan fəaliyyətdə Klassik Xalq Cəbhəsi Partiyasına müvəffəqiyyətlər arzulamışdır.