adalet.az header logo
  • Bakı -°C

 Poeziyamızın Nəriman günü - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
158 | 2026-02-18 11:36
A- A+

(Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam oldu)

 

  Bu yaxınlarda Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evinə döndüOna rahatlıqdinclikistirahət lazım idiAmma omakinanın arxasına keçdiÜrəyi dolu idi.

 Bu il fevral ayının 18- poeziyamızın Nərimanı 95 yaşına çatır... Mən  böyük şairimizə qısaca  da olsa ürək sözlərimi  çatdırıram.

         Şeir yazdığım gün məğrur oluram,

         ilham ki,

         xəfifcə sinəmə dolur;

         bir şeh damlasıtək

         büllur oluram

         dünya dünyada yox, məndə əks olur.

 Bu misralar böyük Azərbaycan şairi Nəriman Həsənzadənindir. Mən onun daimi oxucularından və həm də tədqiqatçılarından biriyəm.  Amma mən nə oxucu, nə də tədqiqatçı kimi Nəriman Həsənzadəni  hələ də oxuyub qurtara bilmirəm. Onun şeirləri illər keçəndən sonra da məndə təzə bir ovqat yaradır. Fikirləşirəm ki: «Nəriman Həsənzadə bu şeiri lap indicə yazıb». Alman mütəfəkkiri Höte demişdir: «Mən nə kimi oxucu istəyirəm? Elə oxucu istəyirəm ki, məni, özünü və bütün aləmi unutsun və ancaq  mənim kitabımla yaşasın».

 Şairlərin adları qarşısında belə ifadələrlə tez-tez qarşılaşırıq; «lirik şair», «vətənpərvər şair», «yurdçu şair, «sevgi şairi», «təbiət şairi». Əlbəttə, belə bir bölgü və bu prinsir çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, o, bütün bunları öz şair varlığında yaşadır. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün  rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək… bütün bunlar onun şairlik missiyasına aiddir. Amma qayıdıram «lirik şair» ifadəsinə.   Nəriman Həsənzadə elə ilk şeirndən bu günə qədər lirik şairdir. O, hətta dram əsərlərində də, publisistikasında da lirikdir. Nəriman Həsənzadə səninlə görüşəndə də,hər hansı bir tədbirdə çıxış edəndə də, telefon danışığında da, onlarla adamın əhatəsində olanda da lirikdir. 63 il öncə ustad Mir Cəlal müəllim  görün nə demişdi: «Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı  görmək istəyir». Nəriman Həsənzadə  bir xatirəsində  Moskvada, Nazim Hikmətlə görüşlərindən söz açır. O, Xəlil Rza ilə  tez-tez Nazim Hikmətin görüşünə gedərdi. «Xəlillə ədəbi  mübahisəmiz olardı. Şeiri necə yazmaq  lazımdı? O deyirdi Mayakovski  ruhunda, qışqıra-qışqıra, yumruğunu  stola döyə-döyə. Mən bunun əksinə deyirdim. Nazim Hikmətin yanına getdik. Şərt qoyduq ki, fikrimizi əvvəlcə bildirməyək. Elə də oldu. Amma Nazim Hikmət  Xəlilin fikrini müdafiə etməyəndə, o, Nazimin «Kərəm kiimi» şeirini  misal gətirdi, bu şeir qışqırıqdır,-dedi. Nazim Hikmət Xəlilin qəlbinə dəymədi, dedi: «Övlad anası ilə necə danışırsa, şeir də elə yazılmalıdır. Pıçıltı ilə, sakit, həzin. Heç kəs anası ilə  qışqıra-qışqıra danışmaz».

  Və bütün bunlardan sonra Nəriman müəllimin özünə söz verək: «Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərlə, rənglərlə birlikdə təbiətin özüdür, əslidlir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər və doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu, mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də  bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır».

  Azərbaycan poeziyasında  mükəmməl ŞAİR obrazı ilə çox qarşılaşmışıq. Bütün şeir və poemalarında Nəriman Həsənzadənin ÖZÜ görünür, o, bu əsərləni BAŞ QƏHRƏNIdır. Daha doğrusu, onun hər bir əsərində  daxili aləminin, ruhi həyəcanlarının cizgiləri  öz əksini tapır.Şair bütün varlığı ilə  yaşadığı dünya və mənsub olduğu xalqla bir nəfəs alır. Dünya bütün  sevincləri və qəmi, acısı və şirini, dincliyi və qovğası ilə  şairin varlığında yaşayır.

   Bir insan olsaydım, nə idi dərdim,

   yaşardım hər fəsil bir paltar geyib

   Evimdə çay içib,

   çörək də yeyib,

   Bir insan qəmini çəkə bilərdim.

   Sinəmdə xalqların bədbəxt taleyi,

   bəzən bir aldanmış qadın gileyi,

   bəzən bir torpağın batan çeşməsi,

   bəzən bir üzsüzün üzə durması,

   könlümün yayını çəkib qırırlar.

Nəriman Həsənzadənin Şair obrazı onun fəal həyat mövqeyində, dünya, cəmiyyət, xalq, Vətən və yaşadığı mühit haqqında poetik düşüncələrində əks olunur. O, Sovet dönəmində də, müstəqillik dövründə də HƏQİQƏT uğrunda mübarizə aparmış, yalanı, riyakarlığı, antişumanizmi qətiyyətlə pisləmişdir. Onu Bakıda döyülən bir jurnalistin taleyi də,  gürcü şairi İ.Çavçavadzeyə xaincəsinə atılan güllə də, restoranda pişiyinə ad günü keçirən bir müğənninin harınlığı da, Ziya Bünyadovun qətli də, Xatın harayı da, iki Azərbaycanı bir-birindən ayıran tikanlı məftillər də… eyni dərəcədə  düşündürüb. Şair 90-cı illərin əvvəllərində İranda oldu, «Cənub həsrəti» silsiləsi də bu zaman yarandı:

    Keçdim Culfadakı dəmir körpüdən,

    orda fars dayanıb, burda rus durür.

    Qarşıda-

           İkiyə bölünmüş Vətən,

    ortada-

              bir Araz, bir namus durur.

Nəriman Həsənzadənin yaradıcılığından tarixi bir xətt keçir. Bu xəttin bir ucu XX əsr Azərbaycan həqiqətləri,əsrin  ziddiyyətli, təzadlı hadisələri, müstəqillik, azavdlıq mücadilələri, bir ucu Cənub həsrəti, bir ucu Nizamidən bəri bizim böyük sənətkarların faciəli taleləri,  bir ucu dünyanın indisindən antik dövrünə qədər keçdiyi yoldur.  O, həmişə poeziyasında qəhrəmanlığı vəsf edib. Nuru Paşadan poema yazıb, Qasaq Kərəmi tərənnüm edib... Akademik  Nizami Cəfərovun  bu fikriylə tam şərikəm ki: «Nəriman Həsənzadənin  bütün yaradıcılığının baş qəhrəmanı  Tarixdir». Onun «Nəriman» və «Zümrüd quşu» epik-dramatik poemaları, «Atabəylər» və «Pompeyin Qafqaza yürüşü» mənzum pyesləri düşünülmüş bir bədii konsepsiyanın  reallaşmasıdır.

    Araz qırağında, küləkli gündə,

    Mən bir söyüd gördüm çayın üstündə.

    Dağılmış saçını gah yel yolurdu,

    Gah da ki, tikanlı məftil yolurdu.

    Əyilib o tayı öpürdü söyüd,

    Əyilib bu tayı öpürdü söyüd.

    Sandım ki, yel əsir əsr yarımdı.

    Dondu damarımın elə bil qanı.

    Sanma qanunlara mən qulaq asdım,

    Bölmədim bölünmüş Azərbaycanı,

    Söyüdlə birlikdə bağrıma basdım.

1962-ci ildə, Araz qırağında yazılmış bu şeirin o illərdə qələmə alınmış  «Araznamə»lərdən fərqi burasında idi ki, şeirdəki hüzn və elegiya vay-şivən səviyyəsinə enmir.

 Nəriman Həsənzadədən nəyi öyrənmişik, nəyi öyrənirik? Həyat həqiqətlərini (o həqiqətlər ki, şeir dililə ifadə olunanda onları hökm kimi qəbul edirsən), Vətən sevgisini (içindəki Azərbaycan sevgisinə Nəriman sevgisi qarışır), tariximizi, türkçülüyümüzü, kimliyimizi, müstəqil düşünmək istəyimizi, Azadlıq təşnəliyimizi və bir də… qadını sevməyi… Onun nəzərində Yer üzünün ən gözəl məxluqatı  Sevgili-Qadındır.  Qadın kimdir?  «Qadın üz döndərsə, sönər məhəbbət. Nəğmələr yayılmaz obaya, elə. Qadın xoşbəxt edər, istəsə əlbət. Dünyada ən bədbəxt kişini belə. Qadınsız çətindi həyatı sevmək. Sevgisiz həyat da bir həyat deyil»..

         Gedirsən, darıxıram,

         get, qayıt külək kimi.

         Çiçəyim, bitmə gedib

         çəməndə çiçək kimi.

         Kölgəni yerdə görüb

         göydə uçan durnalar,

         Səni də durna bilib

         qatarına çağırar.

 Nəriman Həsənzadənin səksəninci illərin sonlarına qədər yazdığı sevgi şeirlərində ayrılıq küləkləri əsmir, məhəbbətin insana bəxş etdiyi mənəvi gözəllik, kişinin bu məhəbbətin təsiriylə kamilləşməsi diqqəti cəlb edir. Ancaq həyat yoldaşı sara xanım vəfat edəndən sonra Nəriman Həsənzadənin şeirlərində hicran küləkləri əsməyə başlayır.Azərbaycan poeziyasında Füzulidən sonra QƏM poeziyasının ən qəmli bir şeirləri yaranır:

     Yer üzü vətəndi, qəbir də vətən,

     bu gözün ağıdı, o qarasıdı.

     Lakin bu dünyada  olmayıb deyən,-

     Bunun vətən hansı, qürbət hansıdı?!

     Ayrılıq bir əbədi  bir qəmdi, nə qəm,

     nə arzuya qıyır, nə yaşa baxır.

     Mən daşa baxmaqdan daşa dönmüşəm,

     Üz-üzə durmuşuq: daş daşa baxır.

Mən Nəriman Həsənzadəni – iki yaşında atasını, iyirmi beş yaşında anasını, əlli beş yaşında həyat yoldaşını itirən, amma milyonlarla insanların sevgisini qazanan bu böyük şairimizi bütün Azərbaycan oxucuları adından təbrik edirəm… İlk Xalq şairimizdir ki, ömür nərdivanlarından keçə-keçə bu yaşı da adlayır…

 

TƏQVİM / ARXİV