adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

PiQMALiON KOMPLEKSi

OQTAY SALAMOV
42323 | 2012-05-15 09:31
Qədim yunan əfsanəsinə görə Piqmalion adlı çox istedadlı heykəltaraş varmış. O bütün ömrü boyu məhəbbət allahı Aftoditaya səcdə edirdi, amma yer üzündə yaşayanlar arasında öz məhəbbətini tapa bilmədi. Bütün qadınlar onun üçün kifayət qədər ideal deyildi. Nəticədə Piqmalion öz ideal qadın obrazını - Qalateyanı mərmərdən yondu. Məhəbbət tanrısı heykəltaraşın dualarını eşitdi və heykələ ruh verdi, onu bir çox fəzilətlərin buketi etdi...
   
   Bernard Şounun ədəbi qəhrəmanı professor Higgins də bu sahədə uğurlu eksperiment keçirdi. O savadsız gülsatan qızdan ledi yapdı...
   
    Adamlar nağılları sevirlər və nəyin bahasına olur-olsun bu nağılları həyata tətbiq etmək istəyirlər. Bizdə bu maniya ilə əsasən qadınlar "xəstələnirlər". Kişilər bu mənasız işlə məşğul olmurlar. Əgər bir "Qalateya" xoşlarına gəlmədisə, başqaları ilə "ünsiyyət" qurmağa nə var... ki?!. Amma qadınların əksəriyyəti kimə vurulmağın aqibətini, "ləzzət"ini bilmirlər və sonra da bütün ömürləri boyu bu "məhəbbət"dən "adam", "əsl kişi" düzəltmək istəyirlər. Çünki cəmiyyətin fikrincə, qadınların fədakarlığı məhz əsl məhəbbətdir. Hər şeyi sevimli insana görə qurban vermək. Özü də bu heç ona lazım deyilsə də... Qəribə məntiqdir, amma neynəyəsən, bu cəmiyyətin fikridir...
   
   Birinci əhvalat: Tanıdığım bir xanım vurulduğu adamı uzun müddət gizli saxladı. Qorxurdu ki, rəfiqələri cumub onu əllərindən alarlar və bu "bir tanəni", bu dəfinəni itirər. Nəhayət ki, mən də bu "dəfinə"ni tanımaq şərəfinə nail oldum. Yəqin kişi cinsindən olduğum üçün xanım onu mənimlə tanış olmağa rəva görmüşdü. Vallah, kifayət qədər gözəl olan xanımın bu gözəgəlimsiz adama vurulması qəribə idi. Əjdərn marqsız danışığı və dünyagörüşü nəinki qadınların , heç kişilərin də xoşuna gələ bilməzdi. Amma K-nin ürəyini ovlamışdı. Qızın məhəbbəti öz layiqli qiymətini tapdığını güman edirsiniz? Qətiyyən.
   
   Əjdər hər addımda ona xəyanət edirdi, özü də bunu heç gizlətməyə də çalışmırdı. K. onun məcaralarını görməzliyə vurudu. Söz vaxtına çəkər, nəhayət 9 May bayramında Əjdəri növbəti xəyanətin, sərxoş vəziyyətdə başqa xanımın yatağından ürək tutması ilə xəstəxanaya çatdırdılar. K. iki həftə xəstəxanaya yemək və dərman daşıdı.
   
   Hamıya da and içirdi ki, Əjdər yaxşı adamdı, ancaq iradəsi zəifdir, o Əjdəri çox sevir və hər şeyi bağışlayır. Günahkar onunla olan fahişələrdir... Münasibət 3 il davam etdi. Bir neçə dəfə Əjdərlə əlaqələri kəsdi, sonra barışdı, vədlərə inandı ki, bir də belə şeylər olmayacaq. K. onun universiteti bitirməsi üçün çox çalışdı, səviyyəsini artırmağa çalışdı, amma Əjdərə bu lazım da deyildi... Nəticədə deyəsən birdəfəlik ayırldılar. İndi K. intelligent, layiqli bir adamla ailə qurub, bir oğlu da var. Əjdər də növbəti "məhəbbət" axtarışındadı...
   
   İkinci əhvalat: Z. artıq 10 ildir ki, Ruslanla yaşayır. Onların əlaqələrini nə ailə adlandırmaq olar, nə də subaylıq. Qız təkotaqlı mənzildə yaşayır. İpotekadımı, kreditdimi, bir sözlə, ayda məcburi ödənişləri var. İl yarımdır işəməyən Ruslana da baxır. Ruslan da, nə Ruslan, texnikumdan qovulub, yaxşı da içir. Z.dən soruşanda ki, nəyə görə ömrünü bu hevana həsr edirsən? - deyir, o yaxşı adamdı, onu sevir. Xarakteri zəifdir, dostları onu yoldan çıxarır.
   
   Cəlillə dostluq eləyəndə işə də düzəlmişdi, evə kömək də edirdi, pul qazanırdı. İndi bir zibillə dostluq eləyir, özünü də heyvan kimi aparır. Mən onu necə atım, onda tamam yolundan çıxacaq axı. Ona kömək eləmək lazımdı. Bəlkə yoluna qayıtdı...
   
   Belə əhvalatların sayını artırmaq da olar. Nə dəyişəcək ki? Bizdə ailə məsələləri ilə problemlər az deyil. Bəzisi mentalitetlə, bəzisi adətlərimizlə, bir çoxu iqtisadiyyatla bağlıdır. Hüquqlarımızı və qanunlarımızı bilməmək də əlavə problemlər yaradır. Bunların üstünə az-çox aktiv olan qadınların da bəzi başadüşülməyən hoqqalarını gələndə Afroditanın Qalateyaya ruh verməsi, ona can verməsi çox səfeh bir iş olur. Bir neçə hoqqanı sadalayımmı?
   
   Qadınların məhəbbət mehrabına hər şeyi qoymaq arzusu səfehliklə, idiotizmlə yan-yana, bəzən də bir-birinə qarışan şeydir.
   
   Əyyaşa ərə getmək və sonra bütün həyatı boyu onu yola gətirmək.
   
   "Heyvan"a ərə getmək, sonra ondan intellektual düzəltmək cəhdləri.
   
   Açıq-açığına "gəzəyən" kişəyə ərə getmək və sonra peşman olmaq ki, "gəzir".
   
   Narkomana ərə getmək, sonra da güman etmək ki, ailə və məhəbbət onu müalicə edəcək.
   
   Avara və tənbələ ərə getmək, sonra da ömür boyu özünə səbir və dözüm arzulamaq.
   
   Necə bilirsiniz, Piqmalion kompleksindən əziyyət çəkənlər azdır? Kişilər arasında məncə azdır. Səbəbini də yuxarıda dedim axı. Qadınlara isə, xoşlarına gəlməsə də, ağıllı və təcrübəli adamların fikirlərini çatdırım: İstənilən cinsin şəxsiyyətində dəyişikliklər etmək 3 il ərzində mümkündür. Tərbiyə etmək və nəyisə redaktə eləməyə 7 il lazımdır. Qalan əfsanələr, nağıllar, ədəbi uydurmalarr yalandır. Yəni sizin cəhdlərinizin mənası yoxdur, illah da üstündə təcrübə apardığınız obyekt nəyisə dəyişdirmək istəmir və buna çalışmırsa da. Bundan başqa, bu fərdlərdən uşaq həyata gətirəndə, siz uşağın gələcək həyatı və əxlaqının səhv modelini planlaşdırmış olursunuz. Məsələn, "narkoman, alkoqolik, avara, gəzəyən" ata uşaqlara hansı nümunələri göstərə bilər? Elə "narkoman, alkoqolik, avara, gəzəyən" kişi ilə yaşayan ana da nümunə kimi yaxşı ola bilməz. Bu haqda düşünmək lazımdır! Amma bu dəfə zarafatla yox, çox ciddi düşünmək lazımdır.

TƏQVİM / ARXİV