adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2023 23:16
596
ƏDƏBİYYAT

“Onun hədiyyəsi öz əlləri ilə dağdan dərdiyi tər çiçəklər, çobanyastığı...”- Şəhid xanımı 

“Farizlə bağlı xatirələrim hər zaman yaşayır qəlbimdə. Silinməsi mümkün deyil. Bir ömür silinməz izlər buraxan həyat bəxş edib mənə çünki Fariz. 8 martda onun hədiyyəsi xüsusi olurdu”

Bunu Adalet.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, çavuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova deyib. Əzizə xanım Farizin 8 Mart Qadınlar bayramında ona dağlardan çiçək dərib gətirdiyini bildirib:

“Düşmənlə sərhəddə postda xidmət edirdi. Məlum məsələdi mağazalar uzaq, icazə problem idi. Çünki tək post başçısı idi. Onun hədiyyəsi öz əlləri ilə dağdan dərdiyi tər çiçəklər, çobanyastığı və başqa maraqlı güllər olurdu. O güllər ki, dəyərini milyonlar əvəz edə bilməzdi. Bu günki gün 1 saatlıq da olsa vaxt edib evə gələrdi. Öz məsum, sevgi dolu dünyasının hədiyyəsini mənə ərmağan etmək üçün. Kitelinin sol cibində gizlədirdi. Hansı ki, ürəyə yaxın idi. İçəri girəndə hərbi salam verərdi. Elə qapının yanında əlini cibinə atıb, "dünyanın ən gözəl həyat yoldaşına hərbçi yarından hədiyyə " deyib barut qoxan əlləri ilə hədiyyəni mənə verərdi. Qoxlayardım, "çox sağol, mənim ən böyük hədiyyəm sənsən " deyib sarılardım ona. Bu ən böyük xoşbəxtliyim idi. İndi bu günə nifrət edirəm. Bədbəxtliklə xatırlayıram çünki”-deyə şəhid xanımı bildirib. 

Qeyd edək ki, Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Müddətdən artıq hərbi qulluqçumuz Fariz Həsənov Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Fariz Həsənov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn