adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ODLA SU ARASINDA

OQTAY SALAMOV
22968 | 2011-02-23 06:40
"Qış, gözünə barmağım, yaza çıxdı oğlağım!". Bunu o vaxtlar, millətin ac-yalavac vaxtında, özünün yeməyə çörək, keçisinin ot tapmadığı vaxtda ac olsa da kefindən qalmayan ağsaqqalımız yazın gəlişi ilə qışdan acıq çıxmaq üçün demişdi. İndikilər daha nə çörək, nə də ot-ələf dərdi çəkirlər. İndi bu problemlər yoxdur. Əslində indi heç ağsaqqal-ağbirçək də yoxdur, hamı rənglənib gəzir. Daha folklor nümunələri də yaratmırlar. Sərf eləmir, köhnəlik nümunəsi sayılır. Danışacağım mövzunu hələlik saxlayıb balaca bir haşiyə çıxım:
   
   Əkə qardaşlarımız özbəklər çox sürətlə avropalaşırdılar. Hətta ingiliscə danışanları da vardı. O qədər avropalaşdılar ki, bir də gördülər kökləri ilə budaqları arasında əlaqə qırılıb. Və necə sürətlə "qabağa" getmişdlilərsə, elə o sürətlə də "dala" qayıtmaq qərarına gəliblər. İndi Özbəkistan rok və repi "şeytan musiqisi" elan eləyir. Çəkdikləri "Melodiya və yoxsulluq" adlı filmdə bildirilib ki, rok və rep musiqisi "özbək gənclərinin başı üzərində qara buludlar kimi dolaşır".
   
   Rok musiqisi ilə bağlı məlumat verilib ki, onun kökü Afrikanın ovçu ayinlərinə gedib çıxır. Rep isə həbsxanalarda yarandığı üçün zərərlidir. Filmin yaradıcıları bildiriblər ki, hər iki musiqi janrı "şeytanidir" və Qərb gənclərinin mənəvi deqradasiyasının səbəbi məhz rok və repdir.
   
   Unudanlara bir məqamı da xatırladım ki, fevralın əvvəllərində Özbəkistanda Rusiyanın DTV və TNT telekanallarının yayımı dayandırılıb. "Fərqanə" agentliyinin məlumatına görə, buna həmin telekanalların "mənəviyyatsızlığı və əxlaqsızlığı" səbəb olub.
   
   Bu bunun burası. Folklor yaranmaması ilə bağlı yadıma düşmüşdü. Tamam başqa şeydən danışacam. Dünən yazın gəlişindən xəbər verən ilk çərşənbə idi axı. Yazılarımda bir dəfə soruşmuşam, bir də soruşdum, bilənlər aydınlıq gətirdilər. Balam, biz niyə çərşənbəni çərşənbə axşamı günü qeyd eləyirik? Yəni çərşənbə həftənin üçüncü günüdür, biz ikinci günü çərşənbə deyib durmuşuq. Bu gün Firudin Qurbansoyun yazısından bildim ki, (bağışlayın sitatı olduğu kimi göstərim ki, kimə nə aydın olmasa o kişinin özündən soruşsunlar): "Bəs bu gün çərşənbə axşamı olduğu halda, nəyə görə buna "çərşənbə" (od çərşənbəsi, su çərşənbəsi və s.) deyirik?
   
   Çünki çərşənbə günü (yəni, 3-cü gün) Merkuri səyyarəsinə aid olduğu üçün ticarət, alver, katiblik, yazıçılıqla əlaqələndirilir və xoş gün sayılır. İkinci gün - çərşənbə axşamı isə Marsa aid olduğu üçün qan-qaralıq, əsəbilik, düşmənçilik, aqressivlik ovqatını əks elətdirir, buna görə də ağır gün sayılır. Ona görə də çərşənbə axşamına "ağır çərşənbə" deyilir. Məhs bayram günü kimi ən ağır günü seçməkdə məqsəd bu günlərin neqativ təsiri azaltmaq istəyindən yaranıb".
   
   Hamımız kökümüzə bağlı, adət-ənənəmizə sadiq odmağımız ilə fəxr edirik. Ammag Atam balası, dünən hansı çərşənbə idi, hə? Bir folklorşünas alim deyir su çərşənbəsidi, o biri filoloq alim deyir ki, od çərşənbəsidi. Bir telekanal su çərşənbəsini vəsf eləyir, şəninə təriflər deyir, xalq ədəbiyyatı, inancları və adətlərindən misal çəkir, örnəklər göstərir, o biri telekanal odlu-odlu od çərşənbəsi olduğunu söyləyir və sübut da etməyə çalışır. Başınıza dönək, oturun, razılaşın, bir məxrəcə gəlin ki, bu gün odu bayram eləyək, yoxsa suyu. Bu ki, dünən olmayıb, srağagün olmayıb, dünya binə olandan çərşənbələr var, sırasını dəqiqləşdirin dəə.
   
   Su çərşənbəsidir deyənlər iddia edir ki, bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Həmin gün qədim türklərdə su Tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Sonra su ilə bağlı inanclardan nümunələr verilir. Maraq xatirinə bəzilərini sadalayaq:
   
   
   
   Süfrəyə su dağılması aydınlıqdır;
   
   Su içən adamı qəfil vurmazlar;
   
   Su içən adamı ilan çalmaz;
   
   Lal axan sudan keçməzlər;
   
   Su olan yerdə dirilik olar;
   
   Su ehsandır;
   
   Su murdarlıq götürməz;
   
   Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
   
   Elə təzəcə "Su çərşənbəniz mübarək!" demək istəyirsən ki, Firudin Qurbansoyun "Bu gün birinci ağır çərşənbə - od çərşənbəsidir" başlıqlı iri bir yazısı adamı haqlayır. Bu kişi ardıcıllığı belə müəyyənləşdirir: Od, su, hava və torpaq çərşənbələri. Sonra ardıcıllığın niyə belə olduğunu izah eləyir: "Əvvəlcə havaların qızması (od çərşənbəsi) ilə əlaqədar qarlar əriyib suya (su ç.) dönür, sonra havada baharın təravəti duyulmağa (hava ç.) başlayır və ardınca da torpaq oyanır (torpaq ç.), ona atılan dəni cücərtmək qabiliyyətinə malik olur".
   
   Daha sonra Firudin müəllim bu dörd çərşənbənin fəzilətlərindən danışır, onları necə bayram kimi keçirmək lazım olduğunu izah eləyir və sonda mübahisəli məsələyə belə aydınlıq gətirir: " Bəs niyə su yox, od?
   
   Birinci çərşənbənin su yox, od çərşənbəsi olduğunu tarix elmləri doktoru Güllü Yoloğlu da deyir. İlk çərşənbənin məhz su yox, od çərşənbəsi olması folkşorşünasların səhvi sayıla bilər, çünki məhz od təbiəti qış yuxusundan oyadır, canlanma yaradır".
   
   Amma dəxli yoxdur, artıq neçənci ildir ki, bu çərşənbə sırası mübahisəsi Qarabağ düyününə dönüb. Qalmışıq odla su arasında.
   
   Fərqi yoxdur, hansı çərşənbədirsə olsun, yazın xəbərçisidi və bu gündə bir çox maraqlı, yaddaqalan, yaddaşa yazılmalı hadisələr baş verib. Dünən Azərbaycanın üç Milli Qəhrəmanının - Tahir Həsənovun, Faiq Rəfiyevin və Rövşən Hüseynovun doğum günü idi.
   
   Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub. O kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak etmiş, qəhrəmanlıqla vuruşub. O, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər vuruşub, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni də məhv edib.
   
   Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində doğulub. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib. Faiq Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub.
   
   Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəltdilər və cəbhəyə yola düşdülər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərdi. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.
   
   Xoş gəlmişdiniz bu dünyaya! Şəhidliyiniz mübarək!
   
   Dünən 19 yaşadək futbolçulardan ibarət Milli komandamız Almaniyanın TSV "Münhen 1860" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununda 4:0 hesabı ilə qalib gəlib. Nə olar ki, yoldaşlıq görüşüdür, nə olar ki, əsas heyətimiz onların əvəzediciləri ilə oynayıb, əsas odur ki, yaza bilirik ki, "Azərbaycan Almaniyanı darmadağın etdi"...
   
   Bu bayram günü Ankara "Arıçılar Şurası"nın sədri Selcuq Solmaz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cavanlıq sirrini açmaq adı ilə öz təşkilatlarını zor bir reklam elədi. Xanım"Habertürk"ə müsahibəsində dedi ki, Ərdoğan üçün arı südü və propolislə xüsusi bir kokteyl hazırlayırlar. Solmaz xanım bu məhlulun insanı gümrah etdiyini, ürəyə qüvvət verdiyini və qanı yüz faiz təmizlədiyini bildirib. Mütəxəssislərin əsrin icadı adlandırdıqları propolis normal antibiotikdən 70 - 80 dəfə daha çox təsir gücünə malik imiş, farengit və anginanı 1 gündə sağaldırmış. Tərkibi: 55 faiz qatran, 30 faiz mum, 10 faiz uçucu ətirli yağlar, 5 faiz isə tozcuq dənələrindən ibarətdir. Propolisi birbaşa, habelə çay, qəhvə və su ilə qəbul etmək mümkündür.
   
   Ta nə istəyirsiniz, bayram günü bu da cavanlıq resepti.
   
   Amma bu gün Xuan Arika üçün heç bayrama oxşamadı, arvadı onu dünyada biabır elədi. Yəqin müsəlman olmadığındandı. Deyir, Perunun Puerto-Maldonado şəhərinin cənubundakı kiçik İka Xuan qəsəbəsində yaşayan Mariya Qonsales Legiya ərindən boşanmaq niyyətindədir. Səbəb isə qadının ərinin cinsi potensialından narazı qalmasıdır. "Anlamıram, hansımız qoca, hansımız cavanıq?! Heç bir yerdə işləmir, mənim hesabıma yaşayır, pullarımı xərcləyir. Amma axşam evə gələn kimi yatır. Mən isə hələ həyatın dadını çıxarmaq istəyirəm", - Legiya deyib. Bir neçə fabriki, böyük əkin sahələri və bağları olan Mariya Qonsales Legiyanın 93, onun əri Xuan Arikanın isə 17 yaşı var.
   
   Bu gün sizə bir bayram nağılı danışdım. Adətən nağılların sonunda göydən alma düşür. Bu dəfə isə göydən maşın düşdü. Zarafat eləmirəm, daha bir qeyri-müsəlman ölkəsində, Brazilyanın Parana şəhərində qeyri-adi avtomobil qəzası baş verib. Çoxmərtəbəli avtomobil dayanacağının 3-cü mərtəbəsində maşınını saxlamağa çalışan sürücü əyləc əvəzinə səhvən qaza basaraq qəza törədib. Avtomobil yerə çırpılıb, sürücü də xəsarət alıb. Ölüm-itim yoxdur.
   
   Nə deyirsiniz, dünən hansı çərşənbə idi?...
   
   
   
   
   
   

TƏQVİM / ARXİV