adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 10:23
87
SAĞLAMLIQ
A- A+

NARKOMANİYA – UÇRUMA APARAN YOL

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq dünyanın əksər ölkələrini narahat edən ən ciddi, qlobal, sosial bəlalardan biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi  hallara gətirib çıxarır.

    Narkomanlıq, yəni narkotik maddələrə qarşı asılılıq, müasir dövrün ən təhlükəli və yayılan sosial xəstəliklərindən biridir. Bu problem təkcə ayrı-ayrı fərdlərə deyil, həm də cəmiyyətin sağlamlığına və inkişafına böyük təsir edir. Narkomanlıq həm psixoloji, həm də fiziki asılılıq yaradır və bir çox sosial, iqtisadi və hüquqi problemlərə səbəb olur. Narkotik maddələrdən asılı olan şəxslər yalnız öz həyatını deyil, eyni zamanda ətrafdakıların həyatını da təhlükəyə atırlar. Bu problem müasir dövrün ən ciddi problemlərindən biri olmaqla bir çox sosial bəlaların yaranmasına səbəb olur.

    Narkomaniyanın genişlənərək cəmiyyətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının sürətlə çoxalması ciddi narahatlıq doğurur.

    Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində beynəlxalq standartlara uyğun normativ hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, narkomaniya ilə bağlı mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni yanaşma, münasibət formalaşmışdır.

    Ulu öndər Heydər Əliyevin  1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışından sonra insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin sağlamlığının qorunması, rifah halının yaxşılaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulmaqla, narkomaniyaya qarşı mübarizənin vacibliyi ön plana çəkilmişdir. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı bu sosial bəlaya qarşı mübarizənin güclənməsi üçün geniş imkanlar açmış, 2000-ci ilə qədər olan dövr üçün narkomaniyanın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanaraq narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində hədəflər müəyyənləşdirilmişdir.

    Bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ötrü Narkomanlğa və Narkotik Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komitəsi yaradılmışdır. 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında ” Qanun qəbul olunmuşdur.

    Eləcə də, Ümummilli liderin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin, onların rekursorlarının  qanunsuz dövriyyəsinə  və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram” (2000-2006-cı illər) təsdiq edilmişdir.

    Qeyd olunan sosial bəla ilə mübarizəni daha da gücləndirmək məqsədilə qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, Azərbaycan Prezidenti tərəfindən narkotik vasitələrin , psixotrop  maddələrin  və onların prekursorlarının  qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən çoxlu sayda Fərman və Sərəncamlar, Qanunlar imzalandı, ayrı-ayrı dövlət orqanlarının birgə aktları qəbul edildi. Eyni zamanda fəaliyyət istiqamətini  genişləndirmək məqsədilə 2000-ci ildən respublikanın bütün şəhər, rayon icra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar yaradıldı. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ardıcıl, sistemli  şəkildə maarifləndirmə işləri aparıldı, qətiyyətli tədbirlər həyata keçirildi.

    Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Möhtərəm Prezidentimiz gəncliyin inkişafına, potensial imkanlarının genişləndirilməsinə davamlı şəkildə qayğı göstərir.  Gənclərin müstəqil həyata hazırlanması, sağlam həyat tərzinin təmin edilməsi, ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılması istiqamətində kompleks tədbirlər görülür.

    Dövlətimizin başçısının barışmaz və prinsipial mövqeyi  narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlğa qarşı mübarizə üzrə dövlət siyasətində aydın ifadə olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində dövlət orqanları tərəfindən ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

    Bu gün hüquq-mühafizə  orqanları ilə yanaşı digər dövlət qurumları, ictimai, qeyri-hökümət təşkilatları bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, qarşıya qoyulan məsələlərə tam nail olmağa çalışırlar.

    İmişli rayon prokurorluğunun kollektivi müvafiq dövlət orqanları ilə səmərəli, işgüzar əlaqələr qurmaqla qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarınlın qorunmasına, cinayətkarlığa, digər qanunazid əməllərə, eləcə də narkomaniya kimi ümumbəşəri bəlaya qarşı mübarizə işinə layiqli töhfələr verir.

     Son dövrdə rayonda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi xeyli gücləndirilmiş, rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də qanunla qadağan olunmuş digər maddələrin əldə edilməsi, saxlanması, daşınması, satışı və sair qanunsuz əməllərin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər hıəyata keçirməklə, cinayət törətmiş şəxslərdən külli miqdarda narkotik vasitələr götürülmüşdür.

    Müşahidələr göstərir ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, cinayətkarlığa yuvarlanmasına səbəb olur. Bəzən həyətdə, küçədə, ictimai yerdə hətta bir narkoman olması ətrafdakılara qeyri-adekvat təsir göstərir. Gənc nəslin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə müvafiq qurumların işi deyil, bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşür. İlk növbədə ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səylər göstərilməlidir.

    Yetkin yaşına çatmayanların  və gənclərin  narkotikdən və digər zərərli vərdişlərdən uzaq olması üçün təbliğat və maariflənmə tədbirləri daha da genişləndirilməlidir. Hamı bilməlidir ki, narkomaniya ailələrin dağılmasına, çarəsiz xəstəliklərə, amansız cinayətlərə və digər ağır fəsadlara aparan yolun başlanğıcıdır. Narkotiklər varlığın qənimi, ölüm, həyatın sonu deməkdir. Eyni zamanda təkcə bir fərd üçün deyil, bütün cəmiyyət üçün böyük təhlükədir.

    Maarifləndirici tədbir kimi buklet  hazırlanıb məktəblərdə paylanıb. Maarifləndirmə və reabilitasiya kimi tədbirlər bu bəlanın qarşısını almaq üçün əsas amillərdəndir. Narkomanlıqla mübarizə davamlı və koordinasiyalı  tədbirlər tələb edir.  Yalnız dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının və tibb mütəxəssislərinin deyil, eyni zamanda cəmiyyətin hər bir fərdinin bu mübarizəyə qatılması vacibdir.

    İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaq və mənəvi dəyərləri sarsıdan, cəmiyyətin harmoniyasını pozan, güclü sosial bəlaya çevrilmiş  narkomaniya  və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  münasibətdə hər birimiz barışmaz mövqe tutmalı, ümumbəşəri “ağ ölüm”ə qarşı qətiyyətli mübarizə aparmalıyıq.

                                                                                              Ceyhun Alıyev

                                                                             İmişli rayon prokurorunun köməkçisi