adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 16:06
67
SAĞLAMLIQ
A- A+

SN və DGK dərman vasitələrinin idxalına nəzarəti gücləndirib

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı işgüzar görüş keçirilib.

Adalet.az xəbər verir ki, görüşdə səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, hər iki qurumun rəhbər vəzifəli şəxsləri, eləcə də aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə dərman vasitələri və tibb təyinatlı məhsulların idxal-ixracı zamanı tətbiq olunan nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin operativliyinin artırılması və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunub.

Görüşdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində dərman təminatının keyfiyyətinin yüksəldilməsi və nəzarət sisteminin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Onun sözlərinə görə, dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunması məqsədilə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə çıxışında gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edəcək.

Müzakirələr zamanı dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üzrə məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risk qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, risk səviyyəsi yüksək olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə çıxış imkanının yaradılması, spesifik malların idxalına dair normativ bazanın təkmilləşdirilməsi, həmçinin bəzi psixotrop maddələrin beynəlxalq konvensiyalara uyğun olaraq milli qanunvericilikdə əks etdirilməsi məsələləri də gündəmdə olub.

Görüş çərçivəsində idxal-ixrac əməliyyatları üzrə icazələrin rəqəmsal inteqrasiyası, gömrük nəzarəti altında saxlanılan dərman vasitələrinin tələb olunan şəraitdə mühafizəsi və nəzarət prosedurlarının daha da təkmilləşdirilməsi istiqamətində təkliflər nəzərdən keçirilib.

Sonda tərəflər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi və birgə fəaliyyətin koordinasiyasının artırılması istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.