16 May 2023 20:42
671
MƏDƏNİYYƏT

Milli musiqimizin təbliğatçısı

Azərbaycan xalqı qədim tarixə, güclü yaradıcı potensiala malikdir. Buna görə onun dünya mədəniyyəti xəzinəsinə verdiyi töhvələr əvəzsizdir. Dövləti tanıdan onun siyasəti və qüdrətidirsə, xalqı, milləti tanıdan isə onun mədəniyyəti və incəsənətidir. Azərbaycan bu gün artıq dünyada yalnız iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə kimi deyil, eyni zamanda yüksək milli-mənəvi dəyərlərə malik xalq kimi tanınır. Azərbaycanda mütəmadi keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində Azərbaycan diasporunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Diasporası güclü olan ölkə güclüdür. Xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışan Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində görkəmli elm və mədəniyyət xadimlərimizin adı artıq dünyanın əksər ölkələrində tanınır və onların xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

 Xüsusilə, Azərbaycanın musiqi sənətinin xaricdə təbliği sahəsində aparılan işlər son dərəcə böyük əhəmiyyətilə diqqəti cəlb edir. Musiqi,xalqlar arasında       tərcüməyə ehtiyacı olmayan  bir dildir. Bu bir tərəfdən musiqi sərvətimizin zənginliyindən və ifaçılıq sənətimizin yüksək səviyyəsindən irəli gəlirsə, digər tərəfdən isə Azərbaycanın mədəniyyət xadimlərinin həm də səmərəli yaradıcılıq axtarışlarının, pedaqoq kimi musiqi sənətimizin öyrədilməsi yolunda çəkdikləri zəhmətin nəticəsidir.

Azərbaycan mədəniyyətini ölkəmizin hüdudlarından kənarda, Rusiyada şərəflə təbliğ edən sənətkarlarımızdan biri  istedadlı tarzən, Azərbaycan Respublikasının əməkdar artisti, Moskva şəhəri, “ŞUŞA- Azərbaycan musiqi mərkəzi”nin rəhbəri Qorxmaz Axundovdur. Qəlbi vətən  sevgisilə döyünən həmyerlimiz Qorxmaz Axundov artıq uzun illərdir ki, vətəndən uzaqlarda, Moskva şəhərində fəaliyyət göstərərək  milli musiqimizi, muğamlarımızı, zəngin musiqi sərvətimizi  tanıtmağa və sevdirməyə böyük əmək sərf edir.

Q. Axundov 1956-cı ildə dünyanınən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində anadan olub. Atası Məmməd Axundov ixtisasca hüquqşünas olsa da, musiqi vurğunu idi və övladlarını da musiqiçi görməyi arzulayırdı. Musiqiyə olan bu sevgi,uşaqlıq illərindən yaxın qohumu aşıq Nabatın oxuduğu aşıq havalarının onun yaddaşında dərin iz buraxdığı  təəssüratlarla bağlıdır. Bildiyimiz kimi Naxçıvan böyük idtedadlar diyarıdır. Burada öz fəaliyyətilə musiqi mədəniyyətində silinməz izlər qoymuş görkəmli aşıqlar, xanəndələr, teatr xadimləri yaşayıb-yaratmış və  yaradıcılıqları ilə xalqın böyük sevgisini qazanmışdırlar. Bu sənətkarlardan biri də məhz Aşıq Nabat olmuşdur. Bu cür ziyalı, sənətə sevgi dolu  ailədə böyüyən Qorxmazın musiqi qabiliyyəti hələ kiçik yaşlarından özünü göstərir. Xüsusilə, ailənin böyük övladı Solmazın fortepiano sinfində təhsil alması, digər ailə üzvlərinin -Almazın skripka, Qorxmazın tar, kiçik qardaşı Çingizin isə kamança ixtisasına yiyələnmələrinə səbəb olur. Qorxmazdakı istedadı hiss edən atası gələcəkdə onu mahir tarzən görmək arzusu ilə  Naxçıvan şəhərində yerləşən  Uşaq Musiqi məktəbinə gətirir. Burada o, tanınmış tarzən Rəşid Məmmədovun  rəhbərliyi altında tar ixtisasını öyrənir, xalq musiqisinin bilicisi Yusif  Əliyevdən isə muğam dərsləri alır. Məhz həmin illərdən onun Azərbaycan xalq musiqisi, muğamlarımıza sevgisi yaranır. Xüsusilə 3-cü sinifdən başlayaraq  tarın sirlərinə dərindən yiyələnməsi, bu alətə ömürlük bağlanması  və istedadının hərtərəfli üzə çıxarılmasında müəllimi  tarzən Əkrəm Məmmədovun rolu əvəzsiz olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə Əkrəm müəllim Qorxmazın böyük ifaçılıq qabiliyyətinə malik olmasını qeyd etmiş və onun gələcəyinə inanmışdır. Artıq o,  kiçik yaşlarından başlayaraq uşaq musiqi məktəblərinin proqramına daxil olan muğamlarla yanaşı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini  tarda məharətlə ifa edirdi.1970 -ci ildə, musiqi məktəbinin 4-cü sinfində oxuyarkən, Qorxmaz, Naxçıvan Muxtar Respublikasının 40 illiyi münasibətilə Azərbaycanın paytaxtı  Bakı şəhərində keçirilən konsertdə məktəbin şagirdlərdən ibarət yeni yaradılmış xalq çalğı alətləri orkestrinin tərkibində fəal iştirak edir, həmin ildə Azərbaycan Respublikası musiqi məktəbləri şagirdləri  arasında keçirilən baxış – müsabiqədə uğurla çıxış edir.

Musiqi məktəbini  başa vurduqdan sonra Qorxmaz 1972-ci ildə Bakıya gələrək təhsilini Asəf Zeynallı adına orta - ixtisas musiqiməktəbində “Xalq çalğı alətləri” şöbəsinin  tar sinfində  davam etdirir. Texnikumda onun muğam üzrə müəllimi tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti, görkəmli pedaqoq  Əlikram Hüseynov, ixtisas üzrə isə Avtandil Cəfərov olmuşdur.  Burada oxuduğu illərdə məktəbin xalq çalğı alətləri orkestri və ansamblının ən fəallarından biri olaraq, tədris ocağının bütün tədbirlərində tarını böyük məharətlə səsləndirmişdir. A. Zeynallı adına orta– ixtisas musiqi məktəbini uğurla, fərqlənmə diplomu ilə bitirdiyi üçün ona verilən təqdimatla, 1976 -cı ildə Üzeyr  Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» kafedrasına qəbul olunur.  Beləliklə, sənətinə olan sevgisiylə, böyük sənət yoluna qədəm qoyur. Bakının əsrarəngiz  mühiti, sehirli musiqi aləmi, konservatoriyadakı qudrətli sənətkarların əhatəsində olmaq Qorxmazın bir ifaçı kimi yetişməsinə, bir musiqiçi kimi püxtələşməsinə, dünyagörüşünə və inkişafına  böyük təsir göstərir. Burada o, Azərbaycanın Əməkdar  incəsənət xadimi, bəstəkar Süleyman Ələsgərov, professor  Oqtay Quliyev kimi böyük ustadlardan dərs alır. Tələbəlik illərində Qorxmaz  klassik əsərləri, xalq mahnı, muğamlarımızı böyük həvəs,  zəngin zövq və məharətlə ifa edir. O, təsirli, ecazkar ifası, işlətdiyi barmaqlar, vurduğu incə, zərif xallarla ifaçılıqda daim yeni yollar axtarır və yüksək ifa mədəniyyəti, dərin savadı və özünəməxsus, fərdi ifaçılıq üslubu ilə seçilir.

Əmək fəaliyyətinə hələ tələbəlik illərindən, 20 yaşından  müəllim kimi başlayan Qorxmaz gənc tarzən kadrlarının yetişdirilməsi sahəsində böyük xidmətlər göstərir. 1981 - ci ildə konservatoriyanı bitirərək doğma Naxçıvana qayıdır və orta – ixtisas musiqi məktəbində müəllim kimi çalışır. 1983-cü ildə o, hərbi xidmətə çağrılır. Moskva şəhərində hərbi xidmətdə olarkən, dünyanınən böyük və mühüm mədəniyyət mərkəzlərindən olan Moskvanin musiqi həyatı ilə yaxından tanış olur. Burada yaşayan azərbaycalı musiqiçilərlə görüşür və onların dəvətilə xidməti başa vurduqdan sonra bir ifaçı və pedaqoq kimi fəaliyyətini Moskva şəhərində davam etdirir. Bildiyimiz kimi, Azərbaycan mədəniyyətinin xaricdə təbliğində  Azərbaycan  mədəniyyət mərkəzlərinin rolu son dərəcə böyükdür. Bu mərkəzlər bu gün  dünyanın bir çox ölkələrində, o cümlədən Amerikada, İsveçdə,  Almaniyada, Türkiyədə və başqa ölkələrdə fəaliyyət göstərir. 1996 –cı ildə, Moskvada açılmış Azərbaycan təhsil və mədəniyyət Mərkəzində o, konsertmeystr kimi fəaliyyətə başlayır. 1998 - ci ildən 2016 –cı ilədək rəhbərlik etdiyi Moskva şəhər,  Azərbaycan Təhsil - Mədəniyyət Mərkəzi və Mərkəzin nəzdində yaratdığı “Azərbaycanbülbülləri”  (“СоловьиАзербайджана”) uşaq mahnı və rəqs ansamblı, nəinki Moskvada, o cümlədən Rusiyanın bir çox regionlarında tanınmışdır. 157 saylı Azərbaycanetnik – mədəni kompanentli  məktəbin nəzdində fəaliyyət göstərən Təhsil – Mədəniyyət Mərkəzinin rəhbəri kimi Qorxmaz Axundov böyüməkdə olan gənc nəslin təhsil və tərbiyəsinə böyük əmək sərf etmişdir .

Qorxmaz Axundovun Azərbaycan musiqi mədəniyyətinin təbliği sahəsindəki xidmətləri diqqətəlayiqdir. Onun rəhbərlik etdiyi “Azərbaycan bülbülləri” ansamblı dəfələrlə beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edərək uğurlu çıхışları və yüksək ifaçılıq məharətinə görə bir çox mükafatlara layiq görülmüşdür. Ansamblın “Moskvanın gənc istedadları” adlı festivalda qazandığı laureat diplomu, MDB ölkələrinin I festivalında,  “Biz planetimizdə vahid ailəyik” adlı II beynəlxalq  uşaq festivalında, “Dostluq xorovodu” milli mədəniyyət festivalında, “Dostluq çələngi” uşaq festivalında, milli bayramımız olan “Novruz”  bayramı ilə bağlı tədbirlərin keçirilməsində fəal iştirakına görə təltif olunduğu diplomlar  bunun bariz nümunəsidir. Ansambl daima ölkənin müxtəlif bayram konsertlərinə iştirakçı kimi dəvət olunmuş, həmçinin Moskva ilə yanaşı Türkiyə, Finlandiya kimi ölkələrdə də uğurlu konsert proqramları ilə çıxış etmiş, bu ölkələrlə Rusiya arasındakı dostluq və mədəni əlaqələrin yaranmasına köməklik göstərmişdir. Ansamblın əldə etdiyi nailiyyətlər  və müxtəlif şəhərlərdə keçirdiyi uğurlu tədbirlər haqqında Qorxmaz Axundov böyük fəxrlə söhbət açır: Ümumiyyətlə götürsək, mərkəzə və ansambla, Rusiyanın prezident aparatı, Mədəniyyət nazirliyi, Moskva hökuməti tərəfindən 70 - dən çox Fəxri fərman və diplomlar, təşəkkür məktubları verilmişdir. Öz kollektivi haqqında Qorxmaz müəllim belə dedi:

-2001-ci ildə Yaroslav şəhərində Azərbaycanın Əməkdar incəsənət xadimi, Üzeyr Hacıbəylinin sənət dostu, bəstəkar Müslüm Maqomayev adına müsabiqə keçirilirdi. Burada Rusiya Federasiyasından çoxlu kollektivlər iştirak edirdi. Çeçenistandan gələn tanınmış musiqi kollektivi məhz müsabiqənin qalibi olmaqla, Birinci yeri tutmaq və “Müslüm Maqomayev adına müsabiqənin”  laureatı adını almağı iddia edirdilər. Lakin, bizim ansambl və mənim solo ifam, münsiflər heyətinin daha çox xoşuna gəldi və  “Azərbaycan bülbülləri”  ansamblı müsabiqənin qalibi adına layiq görüldü. 2001-ci ildə Soçi şəhərində Qara dəniz hövzəsi dövlətləri arasında “COLDEN FERRY”, (Золотаяладья-Qızıl qayıq) uşaq  musiqi festivalı keçirilirdi. Azərbaycan dövləti tərəfindən festivala kollektiv gəlmədiyi üçün, Rusiya Federasiyasındakı, Azərbaycan səfirliyinin dəstəyi ilə “Azərbaycan bülbülləri” ansamblı festivalda iştirak etmək hüququna malik oldu. 12 dövlətdən gəlmiş musiqi kollektivlərinin proqramlarından fərqli olaraq, bizim ansamblın repertuarında həm mahnı, rəqs,  həm də, instrumental (solo, duet, trio)  ansamblın olması ilə fərqlənirdi. Bunu hətta bədxah qonşularımız, Yerevandan gələn kollektivin rəhbəri, konservatoriyanın professoru, “Azərbaycan bülbülləri”  ansamblının yüksək səviyyədə çıxışını etiraf etdi. 2003-cü ildə Kremlin qurultaylar sarayında keçirilən “Rusiyanın qızıl açarları” adlı konsertdə iştirakına görə ansambl  Rusiya Federasiyası Prezidentinin, Mərkəzi Federal dairəsindəki səlahiyyətli nümayəndəliyi  tərəfindən “Fəxri fərman”la təltif edilmişdir. 2003-cü ildə “Azərbaycan bülbülləri” ansamblı Rusiyanın “Şimal paytaxtı”, Sankt- Peterburq şəhərinin 300 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün dəvət alır. Konstantinovski sarayında keçirilən konsertin zalında, çəmi 42 dövlətin prezidentləri üçün kürsü qoyulmuşdu. Luçano Pavarotti, Demis Russos, “Skorpions” qrupu, Alla  Puqaçova, rəqqas Maykl Fletli  və dunya xalqlarının rəqslərini ifa edən, uşaq rəqs kollektivləri  ilə bir səhnədə, bir dəqiqəlik çıxışla “Azərbaycan bülbülləri” də iştirak etdi.

Əsl vətənpərvər, qəlbi daim Vətənlə bağlı olan Qorxmaz Axundov bu sevgini Moskva şəhərində təşkil etdiyi “ŞUŞA- Azərbaycan musiqi mərkəzi” ilə  bir daha nümayiş etdirmişdir. Bu mərkəzin yaradılması və fəaliyyəti haqqındakı fikirlərini bizimlə bölüşən Qorxmaz Axundovun sözlərinə görə: “Hələ  “Azərbaycan təhsil və mədəniyyət mərkəzinin” rəhbəri olduğum dövrdə, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr  tez-tez mənə müraciət edərək onların universitet və institutlarında keçirilən tədbirlərdə iştirak etməyi xahiş edirdilər. Bu konsertlərdə mən və yaxud «Azərbaycan bülbülləri» ansamblının üzvüləri gedib çıxış edərdik. Konsertlər zamanı gördüm ki, digər ölkələrin və dövlətlərin tələbələri, özləri öz mahnılarını ifa edirlər. Mən azərbaycanlı tələbə və gənclərə dedim ki, gəlin mən sizi təmannasız olaraq öyrədim və siz də onlar kimi özünüz çıxış edin. 2019 – cu ildə təmənnasız olaraq, tələbə və gənclər üçün belə musiqi kursları yaratdım. . Möhtərəm prezidentimiz çənab İlham Əliyev, Şuşa şəhərini Azərbaycanın mədəniyyət mərkəzi e'lan etməyi bizim üçün mesaj oldu. 2022 – ci ildən Moskva şəhərində «ŞUŞA – Azərbaycan musiqi mərkəzi”  adı altında fəaliyyət göstəririk. Mərkəzin məqsədi və əsas işi Azərbaycan muğamlarını, xalq mahnılarını, xalq rəqs musiqisini və Azərbaycan bəstəkarlarının əsərlərini tədris, təmsil və təbliğ etməkdir. 1) Profesional musiqiçilərdən ibarət ansambllar yaradılması ; duet, trio, kvartet, kvintet və s… (konservatoriya, musiqi akademiyasa, orta – ixtisas musiqi məktəblərində, musiqi  kolleclərində  və ibtidai musiqi məktəblərində təhsil alan uşaqları, yeniyetmələri, tələbə - gəncləri  cəlb etmək; 2) Həvəskar musiqiçilər qrupu;  3) 9 – 10 yaşlarından etibarən, yaşından və milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan musiqisini sevən və öyrənmək istəyənlər üçün qrup yaratmaqdır. Bütün bunlarla yanaşı, “ŞUŞA – Azərbaycan musiqi mərkəzi” mütəmadi olaraq Azərbaycan musiqisi haqqında mühazirə - konsertlər keçirilməsini nəzərdə tutmuşdur. Azərbaycan musiqisini böyük Rusiyada təbliğ, tədris etmək üçün, hər il nəzərdə tutulan “ÜMUMRUSİYA, AZƏRBAYCAN MUSIQISI IFAÇILARININ MÜSABIQƏSI” nin keçirilməsinin çox mühüm bir əhəmiyyəti olacaq. Azərbaycan bəstəkarları tərəfindən fortepiano, skripka, vokal, ümumiyyətlə bütün musiqi alətləri üçün çox zəngin, sanballı əsərlər yazılmışdır. Qaliblərə diaspora təşkilatları tərəfindən yaddaqalan, qiymətli hədiyyələr təqdim olunarsa, müsabiqə hər il keçirilərsə, musiqi təhsil ocaqlarında proqramlara Azərbaycan bəstəkarlarının əsərləri salınacaq və bu müsabiqəyə ciddi hazırlıqlar gedəcəkdir. Bu da Azərbaycan musiqisinin təbliğində böyük və mühüm rol oynayacaq”.

Milli mədəniyyətin formalaşması, inkişafı və təbliği sahəsindəki fəaliyyətinə görə, daima beynəlxalq festivallarda fəal iştirakına görə, gənc nəslin təhsili və mədəni aləminin tərbiyəsindəki böyük xidmətlərinə görə Qorxmaz Axundov bir çox fəxri fərmanlar, diplomlarla təltif edilmiş, beynəlxalq festival-müsabiqə laureatı olmuş, təşəkkür məktubları almış, 2007-ci ildə  Azərbaycanın “Qabaqcıl təhsil işçisi”, 2011- ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  mədəniyyət sahəsindəki nailiyyətlərinə, xalqlar arasında dostluğun gücləndirilməsindəki roluna, yüksək ifaçılıq məharəti  və çoxmillətli Azərbaycan incəsənətinin təbliğindəki fəaliyyətinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə  Azərbaycan Respublikasının Əməkdar artisti  fəxri adına layiq görülmüşdür.

Qorxmaz Axundovun əldə etdiyi yüksək professional yaradıcılıq nailiyyətləri Azərbaycan musiqi mədəniyyətinə verilən ən böyük tövhədir. Artıq yaradıcılığı və yaşının kamillik dövrünə qədəm qoyan Qorxmaz Axundov bu gün də böyük həvəslə öz bilik və bacarığını gənc nəslə öyrədir. O, daima bir borc kimi “ müəllimlərimin mənə öyrətmiş olduğu muğamları mən də, gənclərə öyrətməliyəm” fikriilə yaşayır və usanmadan milli musiqimizin tədrisi, təmsili, təbliği ilə məşğuldur. Bu yolda ona can sağlığı və böyük uğurlar arzu edirik. Əziz oxucular. Gəlin hamımız yadda saxalayaq. Bizim Moskvada Azərbaycan musiqilərini yüksək səviyyədə təbliğ və tədris edən Qorxmaz Axundov kimi eloğlumuz var. Var olsun belə oğullarımız.

Rüxsara HÜSEYNOVA,

musiqişünas, Azərbaycanın  Əməkdar müəllimi: