adalet.az header logo
  • Bakı -°C
26 Avqust 2026 13:26
67
ƏDƏBİYYAT
A- A+

Metamodernizm: postmodernizmdən sonra - Əli Şirin Şükürlü yazır

(esse)

 

      Gerçəkliyi dərketmə axtarışları müstəvisində XX əsrdən XXI əsrə keçid üç böyük təfəkkür paradiqması ilə xarakterizə olunur: modernizm, postmodernizm və metamodernizm.

 

      Modernizm (inam və struktura cəhd): Modernizm xaosda olan dünyaya rasional nizam vermək, "mütləq həqiqət"i tapmaq cəhdi idi. Modernizmin saf optimizm - inam dövrü kimi xarakteristikası daha qabarıq görünür: Elmlə, böyük ideyalarla dünyanı xilas edə bilərik və bu halda hər şey mükəmməl olacaq! Rasionalizmin doğurduğu modernizmin əsas xüsusiyyətləri əsasən bunlar idi: idrak və elmə inam, varlığın qanunlarla tənzimlənməsi və dərkedilən olması, elmi biliyin sosial problemlərin həlli və həyatın yaxşılaşdırılması üçün əsas vasitə olması - proqressif inkişaf, elm və fəlsəfənin irrosionalizmdən azad olunması, azadlıq, bərabərlik, ədalət və humanizmin təntənəsinə səbəb ola biləcək universal əxlaq və hüquq normaları. Ədəbiyyatda isə modernizmin generasiyası əsasən ciddi struktur, nizam axtarışı, səmimiyyət, pafos – iztirab çəkən insan obrazı və insanın kainatdakı yerini axtaran fərdi mənlik – ekzistensional prinsip ilə səciyənəlir.

 

     Postmodernizm (inkar və ironiyaya sığınma): Modernizmin böyük idealları çökməyə başladıqca (müharibələr, iqtisadi krizis, faşizm idealogiyası və s.) postmodernizm səhnəyə çıxdı. O, mütləq həqiqət anlayışını təkzib etdi. XX əsrin ikinci yarısında postmodernizm modernizmin “böyük ideyalarına” qarşı çıxaraq relativizm – mütləqliyin nisbiliyi, məzmunun şərtiliyi, dekonstruksiya, intertekstuallıq və ironiya – qara yumor üzərində quruldu. Bu yanaşma insanı xaos içində və “həqiqətin çoxluğu”: dünyanın tekstual – semantik məna zənginliyi (müəllif ölümü), gerçək olandan simulyasiyaya qeyri-səlis (aramsız – sərhəd müəyyənetmənin qeyri-mümkünlüyü) keçid ilə yaşayan varlıq kimi təsvir edirdi. Postmodernist mədəniyyətin oyunçul təfəkkür və məna çoxluğu ədəbiyyatı tekstual oyuna, dekonstruksiyaya, kinayəyə (ironiyaya) və skeptisizmə çevirdi. Qeyri-səlis məntiq dili ilə desək, binar (məntiqi qiymət: həqiqət - 1, yalan -0) fəlsəfə inkar olundu, amma yerinə sadəcə nihilizm və "heç nə mütləq deyil – hər şey simulyasiyadır" soyuqluğu gəldi.

 

     Lakin... postmodernizmin oyun üzərində qurulan düşüncə spektri və varlığa məxsus ontoloji məna çoxqatlılığı XXI əsrin qlobal çağırışları qarşısında yetərsiz görünməyə başladı...

 

    

    Metamodernizm (rəqs və koqnitiv sintez): Metamodernizm postmodernizmdən sonrakı elmi-mədəni paradigma kimi ortaya çıxdı. Bu anlayışı 2010-cu ildə hollandiyalı mütəfəkkirlər -  filosof Robin van den Akker və media tənqidçisi Timoteus Vermulen (Metamodernizm haqqında qeydlər essesi) populyarlaşdırdılar. XXI əsrin informasiya bolluğu və sosial-texnoloji gərginliyi fonunda insan nə postmodernizmin hər şeyi ironiyaya çevirən müstəvisində qala bildi, nə də modernizmin sadəlövh inamına qayıda bildi. Metamodernizm iki qütb arasında osilliyasiya – rəqs yaratdı. Onun əsas prinsipi olan osilliyasiya – elmlə metafizik baxış, rasionallıqla irrosionallıq, məntiqlə intiusiya, ümidlə şübhə, səmimiyyətlə ironiya, milli ilə qlobal arasında davamlı hərəkətdən ibarətdir. Metamodernist düşüncə insanı həm rasional, həm də emosional varlıq kimi qəbul edir. Bu, belə demək mümkünsə, XXI əsrin yeni idrak modelidir.

        Metamodernist düşüncə xüsusilə elmi-mədəni diskursda (elm və fəlsəfənin sənətlə sintezi, müasir elmi-texnoloji innovasiyaların incəsənətə daxil olması) özünü qabarıq göstərir. Burada elm və poeziya, texnologiya və mədəniyyət, milli və qlobal yanaşmalar bir-birini tamamlayır. Metamodernist ədəbiyyat modernizmin səmimiyyəti və ümidi, postmodernizmin ironiyası və skeptisizmi ilə eyni anda yaşayır. Ədəbiyyatda bu keçid aşağıdakı təməl parametrlərlə səciyyələnir: ironik səmimiyyət, ehtimallar və sintez, struktura malik simvol və informativ dəqiqlik, qeyri-səlis yanaşmalar.

     P.S. Metamodern ədəbiyyat həm də elmi biliklərin - rasional düşüncənin sənətə qayıdışıdır. Bu konteksdə Ədəbi suprematizm – intellektual poeziya haqqında konsepsiya xüsusi məna qazanır: rasionallığı fəlsəfi düşüncə vasitəsilə ədəbiyyata gətirməklə elmi düşüncəni və  səmimiyyəti skeptisizm və ironiya ilə birgə yaşadır:

       

                                 Ədəbi suprematizm:

                                    Mən və mən: kvant adam

   

    Otaqdayam. Paraleliped şəklində olur adətən

    bütün otaqlar; döşəmə, tavan, divarlar - düzbücaqlı.

    Bir sözlə, otaqda hayana baxsan hər şey çərçivədə sanki.

    Və beləliklə, otaqdayam. Mən və əşyalar doldurub məkanı;

    masa, televizor, güzgü və sairə.

 

    Pəncərədən boylanıram fərqli mənzərə görüm;

    baxıram mənəm, gedirəm harasa. Çəkilirəm pəncərədən.

    Çəkildikcə gözdən itir o, - yəni mən. Geri dönürəm;

    qarşıda yenə mənəm, dayanmışıq üz-üzə.

 

     Gedib qayıtdın deyəsən? – soruşuram. Nəsə deyir – eşitmirəm.

     Əlimi uzadıram görüşüm özümlə. Axı harasa gedib, gözdən itmişdi

     bir az əvvəl. Əlimi uzadıram, o da uzadır. Görüşə bilmirik.

     Məsafə olmasa da, arada nəsə var elə bil. Soyuq nəyəsə toxunur

     barmaqlarım. Soyuq nəyəsə...

     Güzgü qarşısında dayanmışam özümlə üz-üzə.

 

     Üz-üzə dayanmışıq. Arada güzgü – məsafəsiz məsafə.

     Nəsə söyləyir o, eşitmirəm amma.

     O necə, yəni mən güzgüdəki - anlayırmı məni görəsən?!

 

       ... – 26.08.2026