adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2023 11:16
1569
MÜSAHİBƏ, ƏDƏBİYYAT

Mərziyyə Nəcəfova: "Muşlu Aşıq Yığvalla  Aşıq Alının  fərqi..."- MÜSAHİBƏ

Bu gün Aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Aşıq Alının doğum günüdür.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova bu gün Adalet.az –ın oxucularına folklor ədəbiyyatının mühüm janrı olan aşıq ədəbiyyatı və xüsusən Aşıq Alı yaradıcılığı ilə bağlı bilgilərini bəxş edəcək.

-Mərziyyə xanım, gənclərimiz demək olar ki, nə klassik ədəbiyyatı, nə də folklorumuzu kifayət qədər bilmirlər. Azərbaycan ədəbiyyatında mühüm yeri olan Aşıq Alının isə yalnızca adını bilirlər. Sizdən bu mövzuda  yeniyetmə və gənclərimizə önəmli bilgilər verməyinizi xahiş edirəm

- Aşıq Alı Azərbaycanın tanınmış aşıq şairlərindəndir. 1801-ci ilin bu günü - iyunun 8-də Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 1911-ci ildə burada vəfat edib və kənd qəbiristanlığında dəfn olunub. 1988- ci illər yaşadığımız Qarabağ savaşı zamanı  ermənilər tərəfindən qəddarlıqla onun qəbr daşı dağıdılıb. Aşıq Alı yaradıcılığında təcnis, qoşma, gəraylı, deyişmə və s. kimi Azərbaycan aşıq şeir şəkillərindən istifadə edib.


- Mətbuat yazdı ki, Aşıq Alının son zamanlarda daha bir dastanı yayılıb. Oxucularımıza bu haqda danışardınız...

- Bəli, bu dastan  “Aşıq Alının Türkiyəyə səfəri” adlanır. Dastanda Aşıq Alının bir qıza aşiq olması və onunla evlənmək üçün pula ehtiyac olması dastanın yaranmasına səbəb olur. Aşıqlar hər zaman kasıb olublar, onların çörəyi xalqdan gəlib.Onlar xalq qarşısında çalıb- oxuyub, söz qoşub- deyişib qalib gəliblər.Bu dastanda da ən maraqlı hissə aşıq Alının öz dəstəsi ilə pul qazanmaq məqsədi ilə Muşa gəlməsi diqqət çəkir. Alının dostu Duraxan Muşu görüb deyir ki, “O görünən Muş şəhəridi, Hər kəs dəstəsini götürüb Muşun küçələri ilə gedəcək. Kim boş gəldi, kim dolu fərqi yoxdu. Pulu bu göylükdə mən özüm böləcəm” bu ifadə onu göstərir ki, onlar Muşun sözə-saza olan sevgilərindən xəbərdardırlar. Və inanırlar ki, burada yaşayan insanlar saza-sözə dəyər verəcəklər.

-  Aşıq Alını kasıbçılıq Muşa gətirir... 

- Bəli, Dastanda Alının saz çalıb söz söyləməsi, Muş əhalisini bir yerə toplaması,yaxşı pul qazanması əks edilib. Dastanda ən maraqlı hadisə Muşlu Aşıq Yığvalın Aşıq Alının qazandığı pulları götürməsi səhnəsidir. Aşıq Yığvalın xarici görünüşün dastanda Koroğluya bənzədilməsi, onun geyiminin təsvir, qotazlı papağının olması, hətta Koroğludan daha kilolu olması da diqqətə çəkilir. Dastanın davamının da maraqlı deyişmələrlə davam etməsi elə bu məsələ ilə bağlı olur. Dastanda Muşlu paşanın sözə verdiyi dəyər,onun Yığvalı(İqbal)müdafiə etməsi, onların deyişməsinə şərait yaratması da dolğun şəkildə əksini tapır. İki aşıq-Aşıq Alı və Muşlu Yığval qarı-qarşıya gəlirlər. Paşa “yəqin mənim aşığım sizə bir qafiyə deyib, siz də aça bilməmisiniz “- deyərək aşıqların deyişmə səhnəsini daha da zənginləşdirmələrinə səbəb olur.
Aşıq Alı burada “Aşıqsan meydana gəl” adlı deyişməsinə başlayır. Aşıq Yığvalın cavablarıı paşanı (bəy, xan) təmin etmir. Dastanda qiymətli deyişmələr yer alıb. Türk xalqının sənətə, saza,sözə verdiyi dəyər bu deyişmələrdən bəlli olur.


- Deyişmədə kim qalib olur? Aşıq Alı yoxsa, muşlu Aşıq Yığval?

-Aşıq Alı Azərbaycanın sayılıb –seçilən aşıqlarından olmuşdur. Göyçə Aşıqları deyəndə ilk anılan Aşıq Alı olur. Hər zaman bu kimi aşıqlara vergili aşıqlar deyiblər.Ona görə ki, heç vaxd onun sözünün qarşısına söz deyən bir sənətkar olmayıb. Hansı diyarın aşıqları ilə deyişibsə Aşıq Alı qalıb gəlib, aşıqlar dilində desən Aşıq Alını bağlayan bir aşıq yer üzünə gəlməyib. Aşıq Alı ilk dəfə atası tərəfindən Ağ Aşığa şəyird verilib, demək olar ki, ilk günlərdən Aşıq Alının fitri istedadaın görən Ağ Aşıq ona bütün el havaların öyrədərək onun bu havaları ustalıqla ifa etməsini söyləyir və məclislərdə ifa etmək üçün ona izn verir.” Onun sədası tezliklə Qızılvəngdə, Göyçənin hüdudlarından çox-çox uzaqlara yayılır.
Yeri gəlmişkən, Aşıq Alının yoxsulluq içərisində yaşaması və səfərlərə çıxmasına yeganə səbəb kasıbçılıq olmuşdur. Və onu bu mövzuda yazdığı şeir elə bilirəm ki, fikrimizin canlı sübutudur.


Ay ağalar, gəlin sizə söyləyim,
Yəqin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət , qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.


Dastanda Aşıq Alının yola çıxması aşağıdakı bənddə əks edilib.


Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallar,
Aşıq Alı düşdü tozlu yollar,
Yolum düşdü el osmana deginən.

Bu şeiri Alı Türkiyəyə keçəndə atasının dostu Ramazanla atasına göndərir.


-Adını çəkdiyiniz Aşıq Yığval haqqında da qısa bir məlumat verərdiniz…


-Dastanda Aşıq Yığvalın görünüşünün təsvir edilməsi də dastanlarımızdan gələn təsvirləri xatırladır. Dastanda Koroğlunun adının çəkilməsi də folklorumuzdan gələn ənənə və Koroğlu dastanına olan sevgidən xəbər verir. Aşıq Yığval dastanda belə təsvir edilir.
“Bir də gördüm ki, uca boylu bir adam gəldi. Boyda-buxunda Koroğluya on təpik vurmuşdu. Əynində bir şalvar varıydı, hər civinə üç yaşında bir uşax salsaydın bilməzdin hayana getdi. Başındakı fəsinin ortasında da yarım girəvəngədən artıq qotazı varıydı. Ədəfnən salam verib dizini yerə qoydu.
Civinnən bir ipək dəsmal çıxartdı. Pulu dəstələyib saydı, sonra dəsmalın arasına qoyub, şalvarının cibinə salıf dedi;
-Yanşaxlar, üç yüz iyirmi manat quruşunuz oldu.”
Bu kimi dastanda hadisələrin təsviri real və sadə dillə verilib. Dastanın ən coşkulu yeri isə insanların qarşısında Aşıq Alı ilə Aşıq Yığvalın deyişməsidir.


Gəndinə Aşığam deyən ,
Aşıxsan meydanə gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl


Aşıq Yığvalın cavabı bir az özündən razı səslənir, o aşıx Alını mərfətə, ərkanə çağırır:


Ey arifə, bir salam ver,
Soruşum halım görüm,
Həqiqət haqq aşığısan,
Söylə kamalın görüm
İncil, Zəbur, Tövrat, Quran
Göstər kitabın görüm
.
Dastanın bu yerində Aşıq Alının sorğusu Paşanı məftun etdi.


Bu sözlərdən Paşanın özünəməxsus xarakteri, insanlara inamının olduğu, aşığı Yığvaldan fərqli insan olduğu anlaşılır. Səmimi bir insan olduğu Muş elinin yalnız aşıq Yığval kimilərin deyil, belə paşaların olduğunu da əks etirir.
Nəhayət aşıq Yığval cavab verir.
İsayiyəm, musayiyam,
Hə nəyəm öz yolumda.
Haqqınnan söz söylərəm,
Mərifət kamalımda.


-Özündən müştəbeh aşıq imiş Yığval qardaş…


-Aşıq Alının elmə olan sevdası Aşıq Yığvalın məğlub olmaına səbəb oldu.Bu səfər söz Aşıq Alıda olduğu üçün o özünə inam hissi ilə belə söylədi.


Mərifətdən şəriətə gəlmişəm,
Təriqqətdə yol ərkanı bilmişəm.
Aşıx alı deyər mətəl qalmışam,
Çarxı- dəvvarədə neçə elm var?


Sual qarşısında vacab verə bilməyən Aşıq Yığval Paşası qarşısınd da gülünc vəziyyətə düşməsi dastanda açılmasa da amma paşanın ona qəzəbi ilə aydınlaşır.
Bİr az yumorlu , bir az şirin dildə qələmə alınmışAzərbaycan və Türkiyə ədəbi-mədəni fikrini, Muş insanlarının sözə-sənətə dəyərini bizə təqdim edən bu dastan bizim üçün çox böyük əhəmiyyətə malikdir. Aşıq Alı sözünün hikməti, Aşıq Alının yaradıcılığının bütün gücü, sehri bu dastanda bir daha bizə bəlli olur. Dastanın sonunda Paşanın Aşıx Alını Muşda qalıb orada ona aşıxlıq etməsini istəyən Paşa istəyi də Aşıq Alı dəyərini birə on artıran reallıqdır. Dastanda Aşıq Alı surəti o qədər canlı və tam əksin tapıb ki, Aşıq Alı haqqında məlumatı olmayan yalnız bu dastanı oxumaqla böyük və əzəmətli bir Azərbaycan aşığını tanıya və tanıda bilər. Gənclərimizə mütləq bu dastanı oxumalarını məsləhət görürəm.


- Mərziyyə xanım, folklorumuzun az müraciət olunan aşıq sənəti , dastanlar , xüsusən Aşıq Alı ilə bağlı verdiyiniz qiymətli məlumatlara görə sizə təşəkkür edirik!

 Söhbətləşdi Əntiqə Rəşid