adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Yanvar 2022 15:33
587
GÜNDƏM

Ləman Ələşrəfqızı: “Baxmayaraq ki, o müəllimlər saxtakarlığa bulaşıb...”

“Valideyn komitələri yaradıblar, bu komitələrə məktəblə vaxtaşırı əlaqəsi olan adamlar seçilir. Missiyaları nədən ibarətdir? “Whatsapp” qruplarında fond pul yığmaqdanmı?”.

Tanınmış jurnalist, “LAF” internet televiziyasının rəhbəri Ləman Ələşrəfqızı Adalet.az-a açıqlamasında deyib.

Mənim övladlarım 9 nömrəli məktəbdə oxuyub. Orada uşaqlar ikinci mərtəbənin pəncərəsindən atlanmışdılar. Elə bu yaxınlarda yenə belə bir insident baş vermişdi və məktəbin direktoruna töhmət yazılmışdı. Amma mən “LAF” TV-nin efirindən dedim ki, o direktoru qınamıram. Hansı ki o direktor şagirdi itələmişdi. Düzdür, cəmiyyətimiz müəllimlərə qarşı aqressiya ilə yüklənib. Bu da səbəbsiz deyil. Müəllim özünü seçkidə batırıb, saxtakarlığa imza atıb, saxtakarlığın tərkib hissəsinə çevrilib. Bizim dövrümüzdə müəllimlərə müqəddəs kimi baxırdıq,“müəllim su içmir, yemək yemir” fikrinə inanırdıq, bu şablon görünə bilər, amma biz doğrudan da buna inanırdıq. Müəllimlərimizə bayramlarda açıqcalar yazırdıq, səbrsizliklə oxumasını gözləyirdik, müəllim bizim üçün şəxsiyyət idi. Amma bugünkü Azərbaycan reallığı müəllimi o qədər əzik edib ki, yaxşılar da pislərin gözündə əriyib gedib. Ona görə də müəllimlərin bu formada dışlanmasının əleyhinəyəm. Baxmayaraq ki, o müəllimlər saxtakarlığa bulaşıb və qatıldığım seçkilərdə Sevil adlı bir müəllimdən özümə qarşı saxtakarlıq, hətta deyərdim ki, əxlaqsızlıq görmüşəm.

Həmişə valideyn iclaslarına qatılanda demişəm ki, mənim adıma, imzama, hörmətimə görə uşaqlarımın mənfilərinə göz yummayın. Valideynlər isə əksinə, deyirlər ki, amanın günüdür, uşağıma dəyməyin, zəri tökülər.

Oğluma deməmişəm, bilirdim ki, siqaret çəkmir, pis işlərə getməz, amma bu gün məktəbə gedən qızıma hər səhər sözüm var – məktəbdə tualetə getmə! Xəbərdarlıq edirəm, təbii ehtiyacını evdə həll edib gedir. Deməli, alt şüurumuza oturub ki, məktəb tualetlərində nələrsə baş verir. Düzdür, əyani sübutumuz yoxdur, amma deyilirsə, deməli var.

İkinci xəbərdarlığım isə bu olur – məktəbdən çıxanda ola bilər, biz səni götürmək üçün ləngiyək, kimsə sənə konfet, saqqız versə, götürmə. Çünki onun içində narkotik ola bilər. Düşünürəm ki, hər bir valideyn övladı ilə bu cür profilaktik işlər aparmalıdır.

Adətən müəllimlərə yanaşmada qadın-kişi ayrıseçkiliyi edirlər. Amma bu ötən gün 165 saylı məktəbin direktorunun kişi olduğunu görəndə təəccübləndim. Kişi direktorun olduğu məktəbdə də belə hadisələr baş verir. Ona görə də qadın-kişi fərqi qoyulmamalıdır. Sadəcə Təhsil Nazirliyi toparlanmalıdır. Nə etmək lazım olduğunu onlar bilir, çünki buna görə maaş alırlar. Nazirimiz xaricdə təhsil alıb. Valideyn komitələri yaradıblar, bu komitələrə məktəblə vaxtaşırı əlaqəsi olan adamlar seçilir. Missiyaları nədən ibarətdir? “Whatsapp” qruplarında fond pul yığmaqdanmı? Boş-boş müzakirələr açmaqdanmı? Bu komitələr danışdığımız mövzuda fahdalı işlər görə bilərlər, o qruplarda belə məsələləri müzakirə edib çıxış yolu tapa bilərlər. Bu məsələlər gündəm olmalıdır, direktorlar bunu gizlətməməlidir, dərhal müəllimə töhmət verib yaxasını kənara çəkməməlidir, bu məsələni açıb-ağartmaqdan utanmamalıdır, qorxmamalıdır. O fakt ki, artıq ortaya çıxacaq, müzakirə mövzusu olacaq.

Töhmət çıxış yolu deyil, qalan şeyləri isə Təhsil Nazirliyi düşünsün, bu onların işidir.

 

Eminquey