adalet.az header logo
  • Bakı -°C
12 Iyul 2021 13:23
188542
MƏDƏNİYYƏT
A- A+

Kino səlnaməmizin Anası

Xalq artisti Sədayə Mustafayeva - 95

Kino... Çoxları bu adı eşidəndə onu sehirli aləm, möcüzələrlə dolu bir dünya, sirli bir pəncərə kimi xatırlayır. Doğrudanda kinematoqrafiya deyilən bir sənət özünün canlılığı ilə digər sənət növlərini üstələyən cazibədar bir aləmdir. Kinematoqrafiya geniş texniki imkanlara malik olmaqla canlı gerçəklikləri, keçmiş və gələcəyi, real və qeyri reallıqları, müxtəlif zaman-məkanları bütün sənət növlərindən seçilərək özündə əks etdirməyi bacarır. Kinematoqrafiya kerçəklikləri əks etdirən, fərziyələrlə dolu, nağılvari bir aləmdir. Bu nağılvari aləmin isə əbədiyaşar əsas sakinləri isə aktyor və aktrisalarıdır. Bu gün bu sehirli dünyanın əbədiyaşar sakini, Azərbaycan kinosunda mahir Ana obrzaları ilə yaddaşlarda yaşayan Respublikanın Xalq artisti Sədayə Mustafayevanın kino fəaliyyətindən söhbət açmaq istəyirəm.

İlk öncə deyim ki, Sədayə Mustafayeva xoşbəxt taleli sənətkarlarımızdan olmaqla ömrünün 78 ilinin 64 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr edən səhnə ustalarımızdandır. Bu ömrün 54 illik səhnə fəaliyyəti isə Gəncə Dövlət Dram Teatrının tarixi ilə bağlıdır.

Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəkidə anadan olub. Böyük Vətən Müharibəsi başlanmazdan üç il əvvəl 11 yaşında olarkən anası dünyasını dəyişib. Beş illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayıl ilə qardaşı Məhəmmədi müharibəyə yola salıb və Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında usta köməkçisi kimi işləməyə başlayıb. O illəri xatırlayan Sədayə Mustafayeva yazırdı: “Böyük Vətən Müharibəsi başlayanda mənim 14 yaşım vardı. Atam və qardaşım müharibəyə yollandığından evdə qalan bir qardaşım və bacıma mən baxmalı oldum. Atamın dostu Nəsib kişi vəziyyətimizin çıxılmaz dərəcədə ağır olduğunu görüb mənə dedi ki, gəl səni aparım sənət məktəbinə. Həmin məktəbin şagirdləri toxuculuq kombinatında istehsalat təcrübəsi keçir və bundan ötrü az miqdarda əmək haqqı alırdılar. Mən razılaşdım və Lətifə adlı bir ustanın şagirdi oldum. Toxuculuq kombinatında maşınlar primitiv bir üsulla işlədilirdi. Bir dəfə dəstəyi fırladanda “çornik” çıxıb üzümü yaraladı. Fəhlələr dedilər ki, bu balaca boylu, çəlimsiz qızın belə yerdə işləməyi mümkün deyil. Həm də ipək kombinatında işlədiyim müddət ərzində müəssisənin dram dərnəyinə yazıldım”.

Sədayə Mustafayeva 1940-cı ildə Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində ilk dəfə olaraq Səməd Vurğunun “Vaqif” tarixi dramında rəqqasə kimi səhnəyə çıxıb. Bir müddət maraqlı obrazlar qaleriyası yaradan aktrisa daha sonra fəaliyyətini Ağdaş və Göyçay Dövlət Dram Tearlarında davam etdirib. Sonda özünümaliyyələşdirmə sistemində çətinliklərlə üzləşən Göyçay Dövlət Dram Teatrı 1949-cu ilin sonlarında bağlandığından üç dövlət teatrlarından Naxçıvan, Gəncə və Gənc Tamaşaçılar teatrlarından dəvət alan aktrisa fəaliyyətini davam etdirmək üçün 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın Xalq artisti Məhəmməd Burcəliyevin dəvəti ilə Gəncə Dövlət Dram Teatrını seçib və bu teatrda fəaliyyətini davam etdirib.

Xalq artisti Sədayə Mustafayevanın kino fəaliyyəti 1966-cı ildən başlayır. Belə ki, kinorejissor Eldar Quliyevin diplom işi olan C. Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivləri əsasında 25 dəqiqəlik qısametrajlı çəkilən “Biri vardı, biri yoxdu” bədii filmi (quruluşçu rejissoru E. Quliyev, rejissoru R. Atakişiyev, operatoru Durov, rəssamı isə F. Bağırov) aktrisanın ilk debütüdür. Kinolentdə tənha qalmış iki nəfərin - qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Səssiz filmdə əsas rollara Sədayə MustafayevavəSadıq Həsənzadə çəkiliblər.

İlk debütdən sonra kinorejissorların diqqətini cəlb edən aktrisa bir-birinin ardınca daha maraqlı bədii filmlərdə obrazlara dəvət olundu. Maraqlı cəhət burasındadır ki, kinorejissorlar onu nədəndirsə ancaq Ana obrazları üçün daha çox dəvət edirdilər. Bununla da aktrisa Azərbaycan kinosunun mahir Ana obrazlarının yaradıcısı olaraq tarixiləşə bildi.

“Azərbaycanfilm”in istehsalı olan iyirmidən artıq filmə çəkilən Xalq artisti Sədayə Mustafayeva “Qanun naminə”də Xatun, “Mən ki gözəl deyildim”də Gözəl, “Şərikli çörək”də Şamama, “Qaynana”da Mülayim, “Ölsəm bağışla”da Suğra xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də Suğra xala, “Biri vardı, biri yoxdu”da Qadın, “Gün keçdi”də Əsmərin anası, “Qızıl ayaqlı qaz”da Şəfiqənin anası, “Var olun, qızlar”da Rüstəmin anası, “Firəngiz”də Məsmə, “Gümüşü furqon”da Mədinənin anası, “İlıq dənizdə buz parçası”da Təqaüdçünün anası, “Cin mikrorayonda”da Ana, “İşarəni dənizdən gözləyin”də Komandanın anası, “Şəhərli biçinçilər”də Humay, Amerika kinemotoqrafçıları ilə birgə “Azərbaycanfilm”in istehsalı olan “İlk körpü”də (“Dağıdılmış körpülər”) Əsmər obrazları aktrisanın böyük ustalıqla yaratdığı və yaddaşlarda yaşanan mahir Ana surətləridir.

Daha sonra 1969-cu ildə kinorejissor Muxtar Dadaşovun ekranlaşdırdığı Süleyman Rəhimovun “Mehman” povesti əsasında 97 dəqiqəlik “Qanun naminə” (ssenari və quruluşçu rejissoru M. Dadaşov, operatoru Ə. Hüseynov, bəstəkarı F. Qarayev, rəssamı isə Ç. Əzimov) bədii filmində yaratdığı Xatun arvad obrazı aktrisanın yaddaqalan surətlərindən biridir. Filimdə Xatun ananın oğluna olan sədaqəti, onun səmimi söhbət və nəsihətləri aktrisanın ifasında azərbaycanlı qadınlarına xas olan xüsusiyyətləri ilə diqqəti cəlb edir. Qoca, sadə qadının mərd xüsusiyyətləri oğlu Mehmanın (Bimbolat Vatayev - sovet və rus teatr və kino aktyoru,RSFSR xalq artisti) yüksək mənəviyyatı şəxsində əks olunmaqla Ana obrazının mülayim qadın simasının dəqiq ştrixlərində göstərilir.

Aktrisa 1969-cu ildə növbəti bir filmə dəvət alır. Belə ki, Xalq yazıçısı Bayram Bayramovun eyniadlı povesti əsasında kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı 76 dəqiqəlik “Mən ki gözəl deyildim” (ssenari müəllifi B. Bayramov, İ. Strekov, A. Quliyevin iştirakı ilə, rejissorlar T. Tağızadə, A. Quliyev, R. Məmmədov, operatoru A. Polkanov, bəstəkarı F. Əmirov, rəssamı isə G. Nəcəfzadə) bədii filmində yaratdığı Gözəl arvad obrazı da maraqla izlənilən ekran surətlərindəndir. “Mən ki gözəl deyildim” filminin mövzusu müharibənin dəhşətlərini yaşayan, Azərbaycan xalqının arxa cəbhədəki həyatından bəhs edir. Böyük Vətən Müharibəsinin ağrılı-acılı günlərinin gənclərin həyatında xüsusi iz buraxdığı anlar və müharibənin dəhşətləri filmin əsas sujetini təşkil edir. Həm də filmdə ailədaxili hadisələr ön planda göstərilir. Bu filmdə Gözəl arvad surəti Səidə (Xalq artisti Fidan Qasımova) ilə əlaqədə olan əsas personajlardan biridir. Qeyd etmək lazımdır ki, aktrisanın kino yaradıcılığındakı Ana obrazları müxtəlif tipoloji status formasındadır. Belə ki, filmlərdə hər bir dövrün konseptual məsələləri aktrisanın şəxsində obrazdaxili ifadə vasitələri ilə özünü göstərə bilirdi. Bununla da “Mən ki gözəl deyildim” filmində aktrisa Sədayə Mustafayeva – Gözəl arvad obrazında yaratdığı deyingən qadın simasında qayğısızlığa can atan ev qadının tipik xüsusiyyətlərini obyektiv bir şəkildə göstərməyə nail ola bilirdi.

Ümumiyyətlə kino tariximizdə Ana obrazlarının yaradıcısı kimi tanınan Sədayə Mustafayevanın yaratdığı qadın obrazları özünün rəngarəng kateqoriyaları ilə zəngin çeşidlidir. Aktrisa “Mən ki gözəl deyildim” filmində yaratdığı Gözəl arvad obrazını filmdəki məkan şərtiliklərinin müvafiq tipologiyalarına uyğun olaraq ifa edə bilirdi. Epizodik formada tamaşaçıya təqdim olunan Gözəl arvad obrazı aktrisanın ifasında tamamlanan bir sima olaraq təqdim edilirdi.

Aktrisanın maraqlı ekran obrazlarından biri də Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1986-cı ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı ikinci Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən,dramjanrında çəkilən 87 dəqiqəlik “Ölsəm bağışla” bədii filmindəki Suğra xala obrazıdır. Qeyd etmək lazımdır ki, Xalq artisti Sədayə Mustafayeva kinorejissorlar içərisində daha çox Rasim Ocaqovun diqqətini cəlb edən sənətkarlardan biri olub. Belə ki, aktrisanı bir neçə filmlərinə dəvət edən Rasim Ocaqov ona tapşırılacaq obrazların öhdəsindən böyük ustalıqla gələcəyinə və maraqlı ekran işi olacağına inanıb. Bu səbəbdən də Sədayə Mustafayevanın onun filmlərində canlandırdığı Ana obrazları müxtəlif tipoloji status formasında olmaqla surətlərin daxili aləmlərinin konseptual məsələləri obrazdaxili ifadə vasitələri ilə zəngindir.

“Ölsəm bağışla” bədii filmində aktrisanın ifasında Suğra xala ilk baxışda qayğısız, sakit görünsə də bu mülayim qadın film boyu cəbhədən yenicə qayıdan oğluna qonşularının həyatından söhbət açır. O, oğlunu məhəllə xəbərləri ilə tanış etməklə yanaşı hadisələrə özünün münasibətini də bildirmiş olur. Xəstə oğlunun, həbsdə həlak olan həyat yoldaşının sonsuz dərdi dözümlü ananın dilindən deyil yalnız gözlərindən, ağarmış saçlarından oxunur. Aktrisa obrazın müxtəlif xarakterlərini tamaşaçıya sadələşdirilmiş bir formada çatdıra bilirdi. Suğra xala aktrisanın ifasında coşqun xarakterli qadın oğlunun müharibədən gəlişi münasibəti ilə sevinən əl-ayaq edən adi bir qadın kimi də göstərilə bilərdi. Lakin filmdəki rejissor traktofkasına xas olan həddən artıq millilik məhz Suğra xala obrazından süzülərək aqil Ana, təmkinli Azərbaycan qadını surəti olaraq böyük ustalqıla təqdim edilə bilirdi.

Xalq artisti Sədayə Mustafayeva 1994-cü ildə üç bədii filmə, belə ki, kinorejissorlar Rasim Ocaqovun ekranlaşdırdığı dram janrında 81 dəqiqəlik “Həm ziyarət, həm ticarət”, Ənvər Əblucun ekranlaşdırdığı dram, döyüş, müharibə janrında 64 dəqiqəlik “Ağ atlı oğlan” və Amerika kinemotoqrafçıları ilə birgə “Azərbaycanfilm”in istehsalı olan, kinorejissor Rafiq Puyyanın ekranlaşdırdığı 100 dəqiqəlik “İlk körpü” (“Dağıdılmış körpülər”) bədii filimlərinə dəvətlər alıb. Aktirasının “Azərbaycanfilm”in istehsalı olan bu filmlər onun son ekran yaradıcılığı hesab edilir.

Sədayə Mustafayeva Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1958-ci ildə Əməkdar artist, 1981-ci ildə Xalq artisti fəxri adlarına və 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.

Unudulmaz sənətkarımız olan Respublikanın Xalq artisti Sədayə Mustafayeva 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Anar Burcəliyev

Teatrşünas-tənqidçi