adalet.az header logo
  • Bakı -°C

KƏRBƏLAYİ: «OĞLUM YADULLANIN MÜSİBƏTİ  HEÇ BELƏ OLMAMIŞDI!» - Aqil ABBAS yazır

AQİL ABBAS
291 | 2025-12-11 12:47
A- A+

Hamımız qələbəyə köklənmişdik. Amma bu futboldu, istədiyimiz olmadı. Təbii ki, mən hələ də özümə gəlməmişəm. Amma heç vaxt «Qarabağ»a ümidimi və inamımı itirmərəm. Adım kimi əminəm ki, «Qarabağ» bu mərhələni adlayacaq. 

Və azarkeşlərimiz, «Qarabağ»sevərlərimiz unudurlar ki, «Səbail»lə oynamırdılar ey, Avropanın ən öndə gedən futbol ölkəsinin ən güclü  komandası ilə oynayırdı. Nə olsun ki, ilk  beş turda məğlub olmuşdular. 

İndi baxıram ki, sosial şəbəkələrdə və mənə zəng edən saytlarda hamı Qurban Qurbanova dərs keçir: bu belə olmalıydı, o belə olmalıydı, Nərimanı niyə oyuna saldı və sair və ilaxır. 

Adı yadımdan çıxıb, məşhur bir rus yazıçısı deyir:

- Hamı üç şeyi bilir: futbolu, kinonu və polisi. Mən komandanı belə oynadardım, filankəsi vaxtında dəyişərdim, sistemi belə qurardım, bu filmi belə çəkərdim, rejissor burda  səhv  edib, aktyorları düz seçməyib, cinayəti açmaqda polis gecikib, dəlilləri  ayrı cür toplamalıydı və sair və ilaxır.

İndi baxıram, hamı Qurban Qurbanovu tənqid atəşinə tutub, xüsusilə Nəriman məsələsində. Nərimanın 21 yaşı var, istedadlı futbolçudu və Qurban Xoca da ona inanır. Nərimanı oynatmalıydı ki, təcrübə toplasın, onu komandaya gətirməyib ki, şorabaya qoysun. 

Hamı qalibin yanında olur, əsl azarkeş odur ki, komanda uduzanda da onun yanında olsun. İlk beş oyunu uduzmuş «Ayaks»ın fanatları kimi. 1450-yə yaxın fanatı gəlmişdi komandalarına dəstək üçün. Bütün oyun boyu da yorulmadan  mahnı oxuyurdular. Belə olmaq lazımdı, yoxsa uduzan kimi komandadan küsmək nə dərəcədə doğrudur?

Gəlin boş-boş məsləhətlər verməklə, tənqid etməklə, hətta Nərimanı təhqir etməklə (belə bir təhqiramiz video paylaşıblar), futbolçuları  ruhdan salmaqla nə qazanacaqsınız?

Uğurlar olsun, Qurban Xoca!
Uğurlar olsun, «Qarabağ»!

Uğurlar olsun, Nəriman! İnanıram ki, növbəti oyunda qol vuracaqsan  və səni qaldıracaqlar Arda Gülərin yanına. 

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV