adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
25 Noyabr 2022 11:15
565
ƏDƏBİYYAT

Kəlbəcərə gedən yollar

Kəlbəcərə gedən yollar.

 

Yazda əriş-arğac olar

Kəlbəcərə gedən yollar

Yayda örüş-arxac olar

Kəlbəcərə gedən yollar...

Ənvər Rza.

 

İlahinin heç bir gözəlliyi əsirgəmədən , təbiətin dilbər guşəsində könlünün xoş vaxtı yaratdğı cənnət məkanlardan biri də Kəlbəcərdir. Kəlbəcərin bənzərsiz gözəlliyindən dünyanın bir çox səyyahları, tanınımış insanları dəfələrlə yazıblar. Xoş günlərində gözəl hüsnünə, həsrətli günlərdə isə vüsal həsrəti ilə saysız –hesabsız əsərlər yaranıb.

 

İlahinin hikmətindən xəbər verir hər dağ, dərə.

Şübhəm yox ki , Mələklər də qədəm basmış Kəlbəcərə.

İnsanoğlu, cahil olma, duy hikməti, bir dön geri,

O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri,-

 

deyir İslam Azimov.

Bəli, min bir dərdin dərmanı olan şəfalı bulaqları, gözəl təbiəti olduğu kimi də saf, zəhmətsevər,qonaqpərəst insanları ilə seçilən Kəlbəcər qədim İnsan məskənlərindən biri olmuşdur. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bəli, Tərtər çayının sahili boyunca yerləşən bu ulu insan məskənində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Amma, Kəlbəcər inzibati rayon statusunu 1930-cu ildə almışdır. İşğala qədər rayonun əhalisi 53478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Özünün xoş günlərini yaşayan Kəlbəcər,1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına işğal olunmuş, mülkü, sərvəti talan edilərək Ermənistana daşınmış, təbiəti məhv edilmiş, yandırılmış, ekoloji, mədəni, mənəvi terrora məruz qalmışdır. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır; BMT-in qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Beləcə, qədirbilən Kəlbəcər camaatı 30 il çətin köçkünlük taleyi yaşamalı oldu. Hərəmizdən bir çirin pay kaş alaydın gəlməyəydik deyə fəryad edən, bir anda fərqli iqlim şəraiti yaşayan, vətən dərdli, həssas Kəlbəcər camaatının əksəriyyəti elə ilk illərdə dünyasını dəyişdi...

Hər qaranlıq gecənin bir günəşli sabahı var,-deyiblər. Görünür dərdləri ilə insanları sınağa çəkən Ulu Tanrı onun dərmanını da verməyi əsirgəmiyib. Millətin xilaskarı Ulu Öndər yadiğarı yenilməz Azərbaycan Xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, canını vətən yolunda əsirgəməyən şəhidlərimizin, qanı ilə torpaqları suvaran qazilərimizin sayəsində onillərin həsrətinə son qoyuldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-dəKəlbəcərrayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün Kəlbəcər özünün bərpa və yenidənqurma mərhələsini yaşayır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə qərarlar təsdiq olunub.

Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel, uzunluğu 81 kilometr təşkil edən Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.

202-ci ilin avqustunda və 2022-ci ilin iyun aylarnda Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri hamımıza yüzilliklərin qanlı-qadalı ədalətsiz qanunlarına son qoyulacağına, həsrətində olduğumuz azad vətəndə qayğısız , firavan yaşamaq arzumuzunun reallaşacağına ümid verir. Doya –doya seyr edib qayıdan şairlərimiz yenə də;

Dolandım o ki var, gəzdim o ki var.

Cənnəti gözümlə görüb gedirəm.

Nigaran qalmışdım öz ilhamımdan,

Köksümü şeirlə hörüb gedirəm deyərək Kəlbəcərin gözəlliklərini, abad, firavan həyatını tərənnüm edəcəklər. Amma heç vaxt siyasəti, bacarığı, canı və qanı bahasına qovuşduğumuz bu gözəl vətənin xilaskarları olan Ali Baş Komandanı, şəhidlərimizi və qazilərimizi unutmamaq şərti ilə!

 

Adil HƏMİD, şair-publisist