"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib".
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva açıqlayıb.
Onun sözlərinə görə, hamiləlik zamanı əsas prinsip qida miqdarını artırmaq deyil, qidanın keyfiyyəti və balansını düzgün qurmaqdır:
"İlk trimestrdə qadının enerji tələbatı əhəmiyyətli dərəcədə dəyişmir. İkinci və üçüncü trimestrlərdə isə gündəlik rasiona əlavə olaraq 300-450 kilokalori artırmaq kifayət edir. Zülallar hüceyrə quruculuğunun əsasını təşkil edir. Bu səbəbdən hamilə qadının rasionunda yağsız ət, balıq, yumurta, kəsmik və paxlalılar kimi zülalla zəngin qidalara üstünlük verilməlidir. Balıq həftədə 1-2 dəfə qəbul edilə bilər, lakin civə tərkibi yüksək olan yırtıcı balıqlardan, məsələn, köpəkbalığı və kral skumbriyası kimi növlərdən uzaq durmaq tövsiyə olunur".
R.İsayeva bildirib ki, mürəkkəb karbohidratlar enerji balansının qorunmasına və qan şəkərinin kəskin dəyişməsinin qarşısının alınmasına kömək edir:
"Qarabaşaq, yulaf, tam buğda çörəyi və liflə zəngin tərəvəzlər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və qəbizlik riskini azaldır. Sağlam yağ mənbələri olan zeytun yağı, çərəzlər və avokado isə dölün sinir sisteminin inkişafı üçün vacib hesab olunur. Hamiləlik dövründə bəzi vitamin və mikroelementlər xüsusi əhəmiyyət daşıyır. Fol turşusu (B9 vitamini) mayalanmadan ən azı 1-3 ay əvvəl başlanmalı və hamiləliyin ilk 12 həftəsinə qədər davam etdirilməlidir. Gündəlik 400 mikroqram fol turşusu qəbulu döldə sinir borusu qüsurlarının yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Bütün bunlar həkim müayinəsindən sonra və həkim tərəfindən təyin edilməlidir".
Mama-ginekoloq qeyd edib ki, dəmir hamiləlik zamanı vacib elementlərdən biridir:
"Qan həcmi 40-50 faiz artdığı üçün dəmir çatışmazlığı və anemiya riski yüksəlir. Dəmir preparatları yalnız hemoqlobin və ferritin göstəriciləri qiymətləndirildikdən sonra həkim tərəfindən təyin edilməlidir. D vitamini və kalsium dölün sümük və diş inkişafında, həmçinin ananın sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. Yod körpənin qalxanabənzər vəzisinin normal fəaliyyəti və zehni inkişafı üçün vacibdir. Omeqa-3 yağ turşuları, xüsusilə DHA isə dölün beyin strukturlarının və göz torlu qişasının formalaşmasında əvəzolunmazdır".
Digər Xəbərlər
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

