adalet.az header logo
  • Bakı -°C
08 Sentyabr 2026 13:32
46
MEDİA
A- A+

I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar

Həsən bəy Zərdabinin böyük fədakarlığı hesabına 1875-ci ilin iyulun 22-də «Əkinçi» qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının əsasları formalaşdı, milli jurnalistika sisteminin bünövrəsi qoyuldu.

Ünsizadə qardaşlarının yaratdıqları «Ziya» («Ziyayi-Qafqasiyyə»), «Kəşkül» qəzet və dərgiləri milli mətbuatın inkişaf zəncirində mühüm bir mərhələ təşkil etdi və yeni mətbu orqanların yaradılmasına təkan verdi. Yeni yaradılan hər bir mətbu nəşr H. Zərdabinin tarixi xidmətlərini unutmur, Azərbaycan mətbuatının başlanğıcını xatırlayır, «Əkinçi» yolunu davam etdirəcəkləri barədə bir növ oxucu qarşısında öhdəlik götürürdülər.

1920-ci ildə Azərbaycan sovetləşəndən sonra hakimiyyətə gələn bolşeviklər H. Zərdabiyə böyük vurğunluq hissi bəsləməsələr də, «Əkinçi»ni anadilli mətbuatın başlanğıc tarixi olaraq qəbul etdilər. 1925-ci ildə «Əkinçi»nin yaradılmasının 50 ili tamam olduğu bir dövrdə yenidən H. Zərdabi xatırlandı, bu yuvarlaq tarixi dövlət səviyyəsində qeyd etməyi məqsədəuyğun hesab etdilər. Azərbaycanda bolşevizmin banilərindən Ruhulla Axundov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 1925-ci il martın 16-da keçirilən iclasında «İlk türk qəzetinin 50 illiyi haqqında» məruzə ilə çıxış edərək, bir neçə təklif irəli sürür. Qərara alınır ki, «Əkinçi» ilə başlanan Azərbaycan Milli mətbuatının 50 illik yubileyi keçirilsin. Ayrı-ayrı şəxslərin evlərində, müxtəlif kitabxanalarda, arxivlərdə saxlanılan Azərbaycan dilində çap olunan nəşrlərin toplanılmasına başlanılır və hətta bu işə məsul olan «Kommunist» qəzetinin redaktoru Həbib Cəbiyevin səyi ilə Leninqrada, Tiflisə və Moskvaya əməkdaşlar ezam olunur.

Çalışmalar sürətləndirilsə də, Azərbaycan Milli mətbuatının 50 illik yubileyinin keçirilməsi baş tutmadı. 1926-cı ilin fevralın 26-da nəzərdə tutulan I Bakı Türkoloji Qurultayının tədbirlər planında Azərbaycan Milli Mətbuatı sərgisinin keçirilməsinə qərar verildi. Beləliklə, 1926-cı ilin fevralın 26-dan martın 6-dək Bakıda «İsmailiyyə» binasında keçirilən Türkoloji Qurultayın tədbirləri sırasında Mətbuat sərgisi təşkil edildi. Son 50 il ərzində Azərbaycanda çap olunan anadilli mətbuatın demək olar ki, əksər nümunələri bu sərgidə nümayiş olundu. Təəssüfləndirici hal ondan ibarət idi ki, I Bakı Türkoloji Qurultayına Türkiyədən nümayəndə kimi qatılan, anadilli mətbuatımızın inkişafında xüsusi bir istiqamət təşkil edən «Həyat» qəzeti və «Füyuzat» dərgisinin qurucusu, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin dühasının məhsulu olan nəşrlər sərgidə nümayiş etdirilmir. I Bakı Türkoloji Qurultayı çərçivəsində keçirilən mətbuat sərgisi haqqında «Kommunist», «Bakinskiy raboçi», «Yeni yol», «Yeni fikir» qəzetlərində xeyli sayda məqalələr, reportajlar çap olunub. Maraqlılığını nəzərə alıb «Kommunist» qəzetinin 28 fevral 1926-cı il tarixli 50-ci sayında dərc olunan «Mətbuat sərgisi» məqaləsini oxucuların diqqətinə çatdırırıq.

Mətbuat sərgisi

Son 50 ilin ərzində çıxan dövri mətbuat sərgisi ümuminin marağına səbəb olmaqdadır. Müxtəlif təşkilatlar və yaxud ayrı-ayrı şəxslər tərəfindən nəşr edilmiş olan və hazırda nəşr edilən qəzetə və məcmuələrin komplektləri və ayrı-ayrı nüsxələri türk əfkarı-ümumiyyəsinin 1875-ci ildən bu günə qədər necə inkişaf etməyini təqib etmək imkanını tamaşaçıya verir. Sərgidə 47 qəzet, məcmuələr, risalələr və ayrı-ayrı nəşriyyat nümunələri vardır.

Sərgidə mövcud qəzetlər arasında 1875-ci ildə nəşr edilən «Əkinçi», 1881-ci ildə intişar edən «Tərcüman», 1881-ci ildə çıxan «Ziyayi-Qafqaziyyə», 1893-cü ildə nəşr edilən «Kəşkül», 1903-cü ildə nəşr edilən «Şərqi-rus» qəzetləri vardır. Son zamanlarda nəşr edilən qəzetlər arasında 1918-ci ildə intişar edilən «Gələcək», 1918-ci ildə çıxan «Şura xəbəri», kommunist qəzeti olan «Zəhmət sədası», «Kommunist», «Şərq qapısı» qəzetləri, məcmuələrin maraqlısı isə 1906-cı ildə intişara başlayan «Molla Nəsrəddin» məcmuəsidir.

Qəribə burasıdır ki, «Şərqi-rus» qəzetinin 1903-cü ilin yeni türk əlifbası məsələsinə çox səhifələr həsr edilmişdir.

Akif Aşırlı

P. S. Məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin həyata keçirdiyi «I Bakı Türkoloji Qurultayı Arxiv sənədlərində» layihəsi çərçivəsində hazırlanıb.