adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 15:30
80
MEDİA
A- A+

Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu

Medianın İnkişafı Agentliyi tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, habelə sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

Sorğu iştirakçılarının 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir.

Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti (81,8%) informasiyanı sosial şəbəkələrdən əldə edir. Sonrakı yerlərdə televiziya (55,9%), xəbər saytları (48,8%), ailə üzvləri və ətrafdakı şəxslər (37,9%), radio (5,8%), xarici media (4,8%), qəzet və jurnallar (2,8%) qərarlaşıb.

Gənclər arasında informasiyanı sosial şəbəkələrdən əldə edənlərin payı 94,1% təşkil edir.

Məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə ilk yeri televiziya tutur – 64,6%. Sonrakı yerlərdə xəbər saytları (43,0%), sosial şəbəkələr (31,4%), radio (20,2%) və qəzetlər (9,6%) qərarlaşıb.

Sosial şəbəkələrdən istifadə məqsədləri arasında ilk yeri gündəmi izləmək və məlumat əldə etmək tutur – 78,2%.

Sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.

İctimai rəy sorğusunun nəticələri ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinə yönəlmiş tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir. Respondentlər hesab edirlər ki, sosial şəbəkələrin yaratdığı risklər yalnız fərdi və ya ailə səviyyəsində nəzarət vasitəsilə aradan qaldırıla bilməz. Bununla yanaşı, nəticələrə görə, informasiya mənbələrinə ictimai etimad səviyyəsi üzrə ənənəvi medianın əsas subyektləri – televiziya kanalları və xəbər saytları xüsusi mövqeyə malikdir.

Qeyd edək ki, ictimai rəy sorğusu 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı ±3 faiz təşkil edir.