HƏR ŞEY ZAMAN İÇİNDƏ
Roman
Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Adalet.az” həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.
İKİNCİ HİSSƏ
Kubinka
I
Artıq bir neçə gün idi ki, onlar Bakıda idilər. Min bir çətinliklə bir rus qarısının evində mənzil kirayələmişdilər. Qarının kimliyi bəlli deyildi. Bəlli olan təkcə onun adı idi: Babuşka Vera. Yerdə qalanı ilə maraqlanmağa da dəyməzdi, çünki qarının özü də belə şeylərlə maraqlanmırdı. Ona kirayənişin lazım idi, bunlara da kirayə mənzil. Mənzil Bakının Kubunka deyilən yerində yerləşirdi. Kubinka Şamaxı və Balaxanı yollarının kəsişməsində yerləşirdi və Qubalı tacirlərin bayır bazar meydanı kimi əmələ gəlmişdi. O sanralardan böyük bir məhəlləyə çevrilsə də, Kubinka olaraq qalırdı. Orada hər cürə mal tapıldığından o, bir növ qapalı məhəllə sayılırdı. Ora hər deyəndə milis-zad gələn yer deyildi.
Avqust ayının 20-nə iki gün qalırdı. Əbdüləli müəllim Mehralı qardaşla birlikdə təcili olaraq Nuxaya yola düşdü. Mehralı qardaşın köməyinə ehtiyac var idi. Əbdül Məcidin sənədləri oxuduğu Nuxa yeddillik məktəbindən götürülməli, nə yolla olursa-olsun, familiyası və adında dəyişiklik edilməklə Bakıya çatdırılmalı idi. Sənədlərdə onun adını "Əbdül Məcid” əvəzinə "Məcid”, atasının adını sadəcə olaraq "Lətif”, familiyasını isə ata babasının adı ilə "Rəsulov” şəklində yazdırmaq qərarına gəlmişdilər. Bunu edə biləcək yeganə adam Mehralı qardaş ola bilərdi. O da öz növbəsində Siyasi İdarədə işləyən "Yumru qıza” ümid bəsləyirdi.
Hər şey yaxşı bir sonluqla nəticələndi. Təzələnmiş sənədlər vaxtında Bakıya çatdırıldı.1931-ci ildə Rəsulov Məcid Lətif oğlu Nəriman Nərimanov adına Sənaye texnikumuna daxil oldu. Texnikumun Üçüncü kursunda oxuyarkən ona dərs deyən

M. Rəsulov N.Nərimanov ad. Bakı Sənaye
texnikumundatəhsil alarkən. Təxm. 1934-cü il.
bütün müəllimlər yekdilliklə bu qərara gəldilər ki, onun dördüncü kursda oxuması vaxt itirməkdir. Belə bir dərin zəkanın sahibi əlavə bir il vaxt itirincə, yaxşı olar ki, təhsilini institutda davam etdirsin.
Kollegial şəkildə qəbul edilmiş bu qərar Məcid Rəsulovu daha da ruhlandırdı. Bu qəradan sonra tələbə dostları da ona hörmət və ehtiramla yanaşır, onun yanında ciddi söhbətlər etməyə çalışırdılar.
***
O hələ Kokaralda olanda özü yaşda və özündən böyük uşaqlara öz-özündən dərs keçirdi. Bir dəfə "1” rəgəmi üstündə mübahisə düşmüdü. Onlar "1”-i Allah kimi başa düşür, hər şeyin ”1”- dən başlandığını deyirdilər və "1”-ə qədərki rəgəmləri qəbul etmirdilər. Məcid isə sıfırdan birə qədər saysız-hesabsız "1”lərin olduğunu söyləyirdi. "1”-in "1”-dən nə qədər böyük və ya nə qədər kiçik olduğunu bilməkdə insan beyninin acizliyini dilə gətirirdi. "1”-dən neçə "1” çıxmaq, "1”-in üstünə neçə "1” gəlmək məsələsi ortaya gələndə hamının ağzı açıla qalmışdı. Sən demə, bu gedib sonsuzluğa dirənirmiş! Ax, bu riyaziyyat! O hər şeyi rəqəmə çevirə bilirmiş! Bir saniyəni 60 rəbiəyəyə, bir dəqiqəni 60 saniyəyə, bir saatı 60 dəqiqəyə çevirib rəqəmsallaşdırırmış! Bir gün, bir həftə, bir ay, bir il, bir era da əlhiddə götürülmüş "1” demək imiş. Səmadakı ulduzların hər biri, bütövlükdə qalatikanın özü də əlahiddə "1” imiş. Ölçü və çəki, sürət və məsafə, zaman və hərəkət, isti və soyuq rəqəmsallaşdırılanda anlaşıqlı olurmuş.
Görün ki, bu dünya evini quran Kişi rəqəmlərin dəqiqliyinə nə dərəcədə riayət edibdir ki, müvazilik şəraitində dövr edən planetlər bir-biri ilə toqquşmur. Cəzb etmənin və ya itələmənin, məsafənin və nisbətin hansı məsafədən təyin edilməsinin əhəmiyyətini rəqəmlərsiz başa düşmək olurmu? Axı, planetlərarası məsafələr eyni ölçüdə ola bilməz. Milyonlarla məsafələrin və ölçülərin proporsionallığındakı dəqiqlik ilahi güc tələb etmirmi? Rəqəmlərsiz özünü anlamaq, dünyanı başa düşmək mümkündürmü? Toplamanı bilmədən artımı, çıxmanı bilmədən azalmanı və tükənməni dərk etmək olurmu? Qanadların ölçüsü və uçuş məsafəsi, ayaqların ölçüsü və qaçış məsafəi, qalxmalar və enmələr, dönmələr və əyilmələr, olmalar və ölmələr riyaziyyat imiş!.. Hər şey riyaziyyat imiş! Bir də ki, bu tənliklər, bərabərliklər!.. Şair demişkən:
Toplasan da, çıxsan da,vursan da, bölsən də,
Çatlasan da, partlasan da, ölsən də,
Özünə bərabər olur tənliklər.
Sənlik deyil sənliklər!
Mənlik deyil mənliklər!
Bununla da Kokarallı uşaqlar onun ruhani duyğularına daha şəkk gətirmədilər. Həmən o mübahisəni heç cür unuda bilməyən Məcid Rəsulov o günləri hər gün xatırlayırdı.Məhz o mübahisədən sonra "Ax, bu riyaziyyat!”sözü onu görən Kokarallı uşaqların ilk sözünə çevrilmişdi. Onlar bu sözü tez-tez təkrar edirdilər:
-Ax, bu riyaziyyat!
***
Kubinka dövlət içində dövlət kimiydi. Onun öz qanunları vardı və onları pozmaq olmazdı. O, "el içində, öl içində” prinsipi ilə yaşayırdı. Kubinkada yaşamaq kənar adamlara qəribə görünsə də, orada yaşayanlar üçün adi bir həyat tərzi idi. Orada yaşayan hər hansı bir şəxs haqqında kənara bir söz belə çıxa bilməzdi. Sözgəzdirənlər məxsusi şəkildə cəzalandırılırdı. Sənaye texnikumunda oxuduğu bu üç il ərzində bir kimsə ona "qaşın üstə qara var” deməmişdi. Əksinə, "Bacoğlu, birdən pulun olmaz” deyib ona cibxərcliyi verənlər də, siqaret satmağı təklif edənlər də olmuşdu. O da qaydalara əsasən bunların heç birindən imtina etməmişdi. Bir-iki dəfədən sonra ondan tacir çıxmayacağını qət etmişdilər. Ona hərdənbir cib xərcliyi verənlər olsa da, siqaret satmağı təklif edənlər bir daha olmamışdı. Onun səliqəsi və sahmanı, davranışı və rəftarı Kubinka əhlində rəğbət hissi oyatmışdı. Artıq Kubinka əhlinin də fəxr edəcək adamı var idi.
Əbdüləli müəllimin tez-tez Kubinkaya gəlib getməsi də diqqətdən kənarda qalmamışdı. Onun Nuxada müəllimlik etməsini də bilirdilər. Bir gün Kubinkada rastına çıxan qonşularından biri onu çox hörmətlə salamladı və dedi:
-Sizə halal olsun!Qeyrətli adamsınız. Hansı köməyə ehtiyacınız olsa, biz hazırıq.
Əbdüləli müəllim bu sözlərdən kövrəlmiş kimi oldu. Bir anlığa susub fikrə getdi. Sonra da özünü toplayıb təşəkkür etdi:
-Allah sizi qorusun! Var olasınız!
Bu dəfə Bakıya Əhməd qardaşsız gəlsə də, bu hadisə onun sabaha inamını da artırırdı.
Evədə Babuşka Vera ilə anasının şirin-şirin söhbər etdiklərini görüb kefi daha da kökəldi. Anası deyirdi: "Hamid də məktəbə gedir. Görək, axırı necə olacaq?” Babuşka Vera isə:-Yaxşı olacaq, Gulli xanım!- deyə təskinlik verirdi. Əbdüləli müəllim adəti üzrə salamlaşıb üzünü anasına tutdu:
-Anacan, bu yerin adamları necədir?
Güllü xanım gülümsədi:-Bunlar da onlar kimi mehribandırlar. Ağzıbütövdürlər. Onlardan bunların bir fərqi vardır. Onlar sevgilərini gizlədə bilmirlər. Bunlar isə hər deyəndə açıq danışmırlar.
Əlbəttə ki, Güllü xanım "onlar” deyəndə Kokaraldakı adamları nəzərdə tuturdu. Bu da Əbdüləli müəllim üçün tam anlaşıqlı idi. Əbdüləli müəllim söhbəti bir az da qızışdırmaq istədi:
-Babuşka Vera, bəs sən nə deyirsən?
-Nə barədə?
-Kubinka barədə.
Babuşka Vera sanki gözləmədiyi bir sualla qarşılaşan adamlar kimi oldu.Əvvəlcə döyükdü və udqundu, sonra yarırus və yarı türkcə danışmağa başladı:
- Bakıda avtoritet jiteley Kubinki oçen böyük. Alış-veriş bunların qanında. Üzdən baxanda çox sakit görünürlər. Amma mujçinı zdes qoryaçiye, devuşki qordıye i nezavisimıye.
Babuşka Vera öz danışığına mat qalmış kimi ağzıaçıla vəziyyətdə dayandı və susdu. Sonra da gülümsədi. Ona baxıb Güllü xanım da, Əbdüləli müəllim də
gülümsədilər. Birdən hər üçünü gülmək tutdu.
Ana danlağı
II
Bu axşam dördü də süfrə başında idi.Elə ki, süfrə yığışdırıldi, onda Güllü xanım Əbdüləliyə tərəf döndü:
-Allaha çox şükür olsun ki, bu il Məcid instituta girdi, Hamid də, Allah qoysa, birinci sinfə gedəcək. Daha nə qalıb ki? Dörd-beş gündən sonra dərslər başlayacaq. Allaha çox şükür!
-Ay ana, daha nəsə demək istəyirsən, amma demirsən.
-Allah atana rəhmətlər eləsin, ay oğul! Elə bilirəm ki, harada olsaq da, o, Davud dağının döşündən durub bizə baxır. Onun baxışları ilə rastlaşanda yadıma sənin hələ də subay olmağın düşür. Axı, o mənə çox tənəli baxır.
- Baxmaz, anacan, baxmaz!
-Baxır, oğlum, baxır!
-Axı, nəyə görə?
-Sənə qarşı soyuqluq elədiyimə görə.
Əbdüləli müəllim ciddiləşdi.Onun maraq, hörmət və sevgi dolu baxışları

Əbdüləli müəllim.
Rəsulov Əbdüləli Hacı Lətif oğlu
anasına zilləndi:
-Nə danışırsan, ay ana? Bəs bizi boya-başa çatdıran sən deyilmisən? Bizi uzaq yolların tozundan, səhraların bürküsündən, bəzi insanların soyuqluğundan qoruyan sən olmadınmı?
Əbdüləli müəllim anasına yaxınlaşıb boynunu qucaqladı. Üzünü anasının üzünə söykəyib, dən düşmüş saçlarına sığal çəkməyə başladı:
-Bu saçlar ərinin çəkdiyi əzabları gözləri ilə görən bir qadının ürəyinin ağrılarından ağarmadımı? Körpə Hamidin göz yaşları dən-dən olub bu saçlara səpələnmədimi? Heç vaxt özünü sındırmayan yeniyetmə oğlunun atasının məzarı qarşısında sonsuz bir kədərlə əyildiyini görən ananın saçları ağarmasın, neyləsin?
Bayaqdan bəri sakitcə dayanan Məcid ayağa durub gözləri yaşaran anasının əllərini əllərinə aldı:
-Telləri bilinən xəzəl kimi damarları görünən ana əllərinin qiymətini hesablayacaq bir düstur tapa bilsəydim, nə dərdim olardı ki? Şair demişkən:
Qandan, candan gəlmədir
İnsanın məharəti.
Bəsimizdir, anacan,
Əlinin hərarəti.
Halal südünlə bizə
Namus, qeyrət içirdin.
Səhralardan adladıb,
Dəryalardan keçirdin.
Sənin borcunu vermək
Deyil işimiz bizim.
Sənsiz batar Günəşi
Körpə ürəyimizin.
Bir tərəfdə oturub yaşına xas olmayan bir sakitliklə fikrə gedən Hamidi bağrına basaraq Əbdüləli müəllim əlavə etdi:
-Allah qoysa, Hamid bizim hamımızdan ağıllı olacaqdır. Bizdən də yaxşı oxuyacaqdır.
Güllü xanım ayağa qalxıb Hamidin o üzündən, bu üzündən öpdü:
-Hamid mənim ana kimi sonuncu laylamdır. Laylalarımın ən mükəmməlidir, özü də sevinc və gözyaşı ilə qarışıq, ən şirin və ən acı laylamdır. Ancaq mən həm də nənə kimi ilk laylamı çalmaq istəyirəm. Əbdüləli, nə deyirsən?
-Deyirəm ki, qoy bu işlər yoluna düşsün. Sənin də, Məcidin də, Hamidin də Nuxada üzə çıxmaq imkanınız yaransın ki, mən də bir iş görə bilim.
Məcid dikəlib ayağa qalxdı:
-Mən sizin hamınızı təbrik edirəm. Artıq biz ürəkli surətdə üzə çıxa bilərik. Üçillik sürgün çoxdan - aprelin 20-dən başa çatmışdır.
Məcidin bu sözləri Əbdüləli müəllimi ayıldan kimi oldu.Ayağa durub sevincindən Məcidi qucaqladı:
-Riyaziyyatçı belə yerdə lazımdır.
Sonra hamını bir-bir hamını nəzərdən keçirdi, ciddi bir tövrlə əlavə etdi:
-Bunu mən də bilirdim, amma tələskənlik edəcəyimdən qorxurdum. Məcid doğru deyir. İndi ehtiyat ediləsi elə bir şey yoxdur. Sabahdan Nuxaya yola düşmək üçün tədarük görə bilərik. Mən də bir yük maşını danışaram ki, həm özümüzü, həm də şey-şüylərimizi aparsın.
-Bəs uşaqların dərsləri?- deyə Güllü xanım soruşdu.
- Məcid istəsə, bizimlə gedər. Sonra da qayıdıb gələr, dərslərinə davam edər. Hamidi də Nuxada birinci sinfə göndərərik. Bircə mən qalıram ki, mənə də fikir yoxdur. Evdə ana olandan sonra gedib dərs deməyə nə var ki? Amma gələn il ali təhsil almaq üçün bəxtimi sınamq fikrindəyəm.
-Aıllah, ağzından eşitsin, ay oğul! Gedim, yerinizi salım, yatın!
***
Azərbaycan Pedaqoji İnstitutu
III
1931-ci il 20 aprel tarixindən günə-gün hesablanan sürgün müddətinin 1934-cü il 20 aprel tarixində tamamlanması, Əbdüləli müəllimin iştirakı ilə anasının, qardaşı Hamidin Nuxaya qayıtması Məcidin, bir növ, ruhən yüngülləşməsinə səbəb olmuşdu. O daha enişli və yoxuşlu Kubinkaya gedib gəldikcə qorxulu düşüncələrin təsiri altında sıxılmırdı.
Digər bir tərəfdən isə 1 sentyabr1934-cü il gənc Məcidin həyatında unudulmaz bir tarixə çevrilmişdi. O, Azərbaycan Pedaqoji İnstitutunda təhsil alırdı. Lap elə qəbul imtahanlarını verdiyi ərəfədə burada güclü beyinlərin toplandığını hiss etmişdi. Elə ki, dərslər başladı, onda Məcid düşdüyü mühitin cazibəsində layiqincə fırlanmaq üçün butün əqli və fiziki qüvvələrini səfərbərliyə aldı. Qayda belədir ki, böyük adamlar xırda, xırda adamlar isə böyük adamların arasında sıxıntıdan başqa bir şey görmürlər.Sadəcə olaraq, böyük şəxsiyyətlər böyük şəxsiyyətlərin yanında rahatlıq və sərbəstlik tapırlar.
Azərbaycan Pedaqoji İnstitutu isə artıq tarixi şəxsiyyətlərin qarşılaşdığı, salamlaşdığı, opponentləri ilə mübahisələrə və mübadilələrə girişdikləri elm ocağına çevrilmişdi. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 26 avqust 1921-ci il tarixli dekreti əsasında yaradılan bu təsisat o vaxt rusdilli tələbələrlə yanaşı ana dilimizdə təhsil alan altı tələbə ilə işə başlamışdı. İndi burada yüzlərlə tələbə türk dilində təhsil alırdı. Onun İlk direktoru Odessa Universitetinin "Biologiya” fakültəsinin məzunu prof. Fətulla bəy Əziz oğlu Rzabəyli (1885-1968) olmuşdu. O, İnstitutun yaradılması ilə bağlı yaradılan komissiyanın sədri olmuş, 1921-1924-cü illərdə APİ-yə rəhbərlik etmişdi.
Ondan sonra bu vəzifəni M. Əfəndiyev, Ş. Manafov, C. Məmmədzadə kimi görkəmli ziyalılar icra etmişdilər. 1927/1928-ci, 1928/1929- cu tədris illərində bəzi çətinliklər üzündən Azərbaycan Pedaqoji İnstitutu ADU-ya birləşdirilsə də, 1929/1930-u tədris ilindən etibarən Pənah Qasımovun rəbərliyi (01.09.1929-10.12.1930) ilə əlahiddə tədris müəssisəsi kimi yenidən fəaliyyətə başlamışdı. P. Qasımovdan sonra Məmməd Bayramov (10.12.1930-22.02.1933), Bəşir Bünyadov (22.02.1933-21.12.1933) APİ-nin rektoru olmuşdular. Məcid Rəsulovun APİ- dəki tələbəlik illəri Mirzə Məmmədovun (21.12.1933-25.05.1936), Davud Rəsulzadənin (26.05.1936- 31.02.1937 və ya 08.08.1936-25.01.1937), Hüseyn Musayevin (31.01.1937-07.10.1937) və Aqil Salayevin (22.11.1937-27.11.1939) direktorluğu dövrünə təsadüf etmişdi. Adları çəkilən direktorların direktorluq müddəti ilə bağlı rəqəmlərdəki çarpaşıqlıq və çarpıcılıq repressiya dövrünün dolaşıqlıqlarından irəli gəlmışdi.
"Stalin-Beriya-Bağırov Üçlüyü”nün ən şirin dövründə və bağıra-bağıra Bağırovdan sitat gətirənlərin ən alovlu vaxtında Kremldəki havadarı Anastas İvanoviç Mikoyana görə Azərbaycanı, demək olarki, Partiya Təşkilatının rəhbərliyində sözü keçən Levon Mirzoyan idarə edirdi. Nəticədə 1932/1933-cü tədris ilində APİ-nin bütün fakültələrində erməni şöbələri açılmışdı. Vətəndən və millətdən dəm vuranların gözləri qarşısında kütləvi repressiyalar keçirildi. APİ-nin "SSRİ tarixi” kafedrasına M.Q.Əsiryan, "Marksizm-Leninizm” kafedrasına Q.A.Simonyan, "Siyasi iqtisad” kafedrasına T. A. Petrosyan, "İngilis dili” kafedrasına T. O. Akopova, "İqtisadi coğrafiya” kafedrasına T. A. Koçaryan rəhbərlik edirdilər.
Çox iyrənc bir dövr idi. Sözdə ölkənin birinci adamı olan Mir Cəfər Bağırov qorxunc xəyali bir obraz şəklində təbliğ olunur və elə o cür də təsəvvür edilirdi. Xalqı daim qorxu, səksəkə və çaşqınlıq içində saxlamaq üçün onun varlığına hamını inandırmaq istəyirdilər. Bağırov var idisə də, təbliğat üçün var idi. Axı,

Azərbaycan Pedaqoji İnstitutu
o. Azərbaycan üçün necə var idi ki, APİ-nin "Ümumi tarix” kafedrsı S. P. Ağayan,
A. A. Padikyan, A. S. İonesyan , Q. S. Aslanyanla, "Pedaqogika və psixologiya” kafedrası Q. Q. Karamyan, A. M. Tevosyanla doldurulmuş, "Dil-ədəbiyyat” fakültəsində isə A. A. Qəribyan və A. A. Balayan çalışırdılar.
1930-cu illərin axırlarına yaxın APİ-nin"Riyaziyyat” fakültəsində X. O. Qayamova, A. A. Kartaşyan, S. A. Xaçiyan, E. S. Qriqoryan, "Fizika” kafedrasında S. S. Baqdasaryan, T.A.Qakisov kimi açıq-aşkar antitürk xətti
yeridən ermənilər məhz o məşhur "Üçlüyün” üçüncü həlqəsi kimi təbliğ edilən şəxsin xeyir-duası ilə yerləşdirilmişdilər. Bəzən insan özündən asılı olmayaraq fikirləşir ki, o məhşur "Üçlüy”ün üçüncü həlqəsi nə gündə olmuşdur? Nə üçün yerdə qalan həlqələr onu saya salmamışlar? Əgər onu saya saldıqları halda belə hadisələr baş vermişdirsə, o kim imiş? Bəlkə də, o illərin reallığı onda imiş ki, adamlar bu sualı verməkdən çəkinmişlər. Hamı bilirmiş ki, o-cəlladdı, "Stalin, Beriya, Mikoyan Üçlüyü”nün hökmünü yerinə yetirəndi. Məhz bu cəlladın razılığıyla 1931- ci ildə APİ-də yaradılan 26 kafedranın çox önəmli əməkdaşları repressiya illərində həbs edildi, sürgünə göndərildi və güllələndi. Onlar üçün Azərbaycan əl dəyməyən meşə kimiydi. Onlar sapı özümüzdən olan baltaları kommunist ideologiyası və ateist düşüncələrlə itiləyir, Şəkililər demişkən, xartlayırdılar. Kommunist və ateist baltaçılar əyri ağaclara söykənib, düz ağacları kəsirdilər. Bu rəzalətə təkcə APİ deyil, bütünlüklə Azərbaycan xalqı dözməli olurdu. Məcid Rəsulov da o vaxtkı sənədlərində məcburi olaraq özünü "kasıb bağban oğlu” kimi təqdim edirdi. Əlbəttə ki, duyğulu bir gəncin ürəyincə olmayan bu təqdimat onun insanlarla davranışı və rəftarına da sirayaət etmişdi.
Şəksiz ki, Məcid Rəsulovun xarakterindəki ciddilik və obyektivlik elmə münasibəti ilə, sərtlik isə ilk gənclik və tələbəlik illərində məruz qaldığı və müşahidə etdiyi haqsizlıqlarla bağlı olmuşdur. Belə deyirlər ki, nə vaxtsa qəbul imtahanları zamanı bir ermənini lap yuxarılardan tapşırıblarmış. Qəbul imtahanı götürən müəllimlər nəyin bahasına olursa-olsun, yuxarılara yarınmaq üçün heç bir riyazi düşüncəsi olmayan erməniyə dolayı yollarla kömək edirlərmiş və aradabir abituriyenti tərifləyirmişlər. Onların hərəkətlərini izləyən Məcid Rəsulov savadsız erməninin qiymətini yazıb komissiya üzvlərinə deyir: ”Abituriyentin qiymətini yazmışam qol çəkin!” Sən demə, Məcid Rəsulov kütbeyin abituriyentə "2” də yox, "1” yazıbmış. Heyrətlənmiş komissiya üzvləri savadsız abituriyenti müdafiə etməyin faydasız olduğunu qət edib imtahan vərəqəsini imzalayırlar.
Məcid Rəsulovun APİ ilə tanışlığı onun bir alim və bir şəxsiyyət kimi yetişməsində müstəsna rol oynamışdı. O burada elmin və siyasətin necə kəsişdiyini, aşağıya və yuxarıya hansı bucaqlardan baxıldığını görmüşdü. Düz bucaq, kor bucaq, iti bucaqdan baxmağın riyazi məntiqi ilə yanaşı siyasi-ideoliji məntiqini də öz şəxsiyyətində yaşayan tələbə Məcid məhz burada Məcid Rəsulov kimi yoğrulub yapılmışdı. Burada – APİ-də "Riyaziyyat” kafedrasına prof. M. R. Əfəndiyev, "Fizika” kafedrasına dossent R. M. Məlikov, "Riyaziyyatın tədrisi metodikası” kafedrasına isə prof. A. M. Ammosov rəhbərlik edirdilər. Onlar ləyaqətli elm adamları idilər. Onları elmin gələcək inkişafı düşündürürdü. Məcid Rəsulov üçün müəllimləri, müəllimləri üçün Məcid Rəsulov əsil kəşf idi. Elmin uğurla və uğursuzluqla dolu dolanbac yollarında saç ağardan bu əzabkeşlər Məcid Rəsulovun simasında gələcəyin daha böyük əzabkeşini tapmışdılar. Əslində əzabdan doymayan bu əzabkeşlər çox xoşbəxt idilər. Bu xoşbəxt əzabkeşlərin daha bir xoşbəxtliyi də onda idi ki, onların sırasında gələcəkdə dünya şöhrəti qazanacaq akad. Yaroslav Borisoviç Lopatinski də var idi. O, 9 noyabr 1906-cı ildə Tbilisidə anadan olmuşdu. Onun babası L.Q. Lopatinski slavyan filologiyası üzrə tanınmış professor idi. O, nəvəsinin də filoloq olmasını istəyirdi.Yaroslav Borisoviç isə riyaziyyata həvəs göstərirdi. O, istəyinin dalınca gedərək 1921-ci ildə - hələ on beş yaşında ikən ADU-ya daxil olmuş və 1926-cı ildə oranı çox böyük müfəffəqiyyətlə bitirmişdi. Xüsusi törəməli differensial tənliklər daim onun diqqət mərkəzində idi.

Akad. Yaroslav Borisoviç Lopatinski
(09 noyabr 1906-10 mart 1981)
Yaroslav Borisoviç bu qəbildən olan tənliklər üzərində düşünməkdən və çalışmaqdan əsla yorulmurdu. Əldə etdiyi elmi-təcrübi nəticələri ümumiləşdirmək ona xüsusi zövq verirdi. Riyazi fizika tənliklərinin həllində əldə etdiyi nailiyyətlər onu daha da ciddi axtarışlara sövq edirdi. Onun əsas işləri differensial və inteqral tənliklərə, həmçinin cəbrin bir sıra məsələlərinə həsr edilmişdi. O, xüsusu törəməli differensial tənliklərin həllində sərhəd məsələlərininəzərdən keçirmiş, həlli üçün fundamental şərtlər irəli sürmüşdü. İlk vaxtlar bunu "Şapiro-Lopatinski şərti”adlandırsalar da,Amerika riyaziyyatçıları, sadəcə olaraq, "Lopatinski şərti” adlandırdılar. Y.B. Lopatinskinin sərhəd məsələlərin həllində tətbiq etdiyi müasir tipoloji metodlar fizikanın və mexanikanın riyazi problemləri üzərində çalışanelmi dairələrinmarağına səbəb olmuşdu. Onun metodlarından istifadə edən yapon alimləri buna "Lopatinski determinantı” deyirdilər. Universiteti qurtaran kimi Bakının, Lvovun və Moskvanın müxtəlif ali məktəblərində mühazirələr oxuyan Y.B.lopatinski 1938-ci ildə dissertasiya müdafiə etmədən Xarkov Universitetinin Elmi Şurasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. 1947- ci ildən fizika –riyaziyyat elmləri doktoru olan, 1951-ci ildə USSR EA-nın müxbir, 1965-ci ildə həqiqi üzvü seçilən, elmi rəhbərliyi altında 40 namizədlik, 10 doktorluq işi yazılan bu nəhəng 1926- 1945-cı illərdə Bakıda – APİ-də və ADU-da, 1946- 1963-cü illərdə Lvov Universitetində, 1963-1966-cı illərdə Moskva Qaz sənayesi və Neft-kimya İnstitutunda, 1966-1981-ci illərdə Donetsk Hesablama Mərkəzində və Donetsk Dövlət Universitetində öz fəaliyyətini davam etdirmiş, nəhayət, 10 mart 1981-ci ildə vəfat etmişdir. Elliptik tip tənliklər və sistemlər üçün sərhəd məsələri nəzəriyyəsinə yeni şərtlər əlavə edən Y.B. Lopatinski Banax fəzasında operator tənliklər üçün Koşi məsələlərinin həllində ciddi nəticələr əldə etmişdi.
Məcid Rəsulovun belə bir mühitə düşməsi onun fitri istedadının aşkarlanmasına və əqli qabiliyyətinin inkişafına misli görünməmiş təkan verdi. Vaxtı ilə Şərq mütəfəkkirləri Şəms Təbrizi (1185-1247/48) ilə Cəlaləddin Rumi (1200/07-1273) qarşılaşmasını "iki okeanın qovuşması” kimi qiymətləndirmişdilər. Məcid Rəsulov və Y.B. Lopatinski rastlaşması da buna bənzər bir hadisə idi. Şəms Təbrizi - Rumi əməkdaşlığı qlobal ədəbi-bədii-fəlsəfi düşüncənin, Məcid Rəsulov - Y.B. Lopatinski əməkdaşlığı isə qlobal riyazi-fiziki düşüncənin sərhədlərini genişləndirdi.
***
Ax, bu riyaziyyat!
IV
Məcid Rəsulovun yeni bir ulduz kimi elmin səmalarında parlayacağı APİ-nin müəllim, professor heyətində artıq heç bir şübhə doğurmurdu. 1937/1938-ci tədris ilində institutu "Birinci dərəcəli diplom”la bitirən Məcid Rəsulov artıq o dövrdə ADU-da çalışan Yaroslav Borisoviç Lopatinskinin təklifi ilə aspiranturaya qəbul olunur. Bu, hər hansı savadlı bir tələbəyə göstərilən etimad deyildi. Bu, riyaziyyat adlı elmin gələcəkdə qazanacağı böyük uğurlara imza ata biləcək istedadın təbiiliyinə -fitrətinə inamdan irəli gələn etimad idi. Buna görə də elmi rəhbər olmağı Lopatinskiyə həvalə edirlər. O da elmi rəhbərliyi həvəslə öz üzərinə götürür.
Məcid Rəsulov aspiranturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verir və müsabiqədən keçərək , "Funksionsal analiz” üzrə ADU-nun aspiranturasına qəbul edilir. O dövr üçün Məcid Rəsulov səviyyəsində kadrı əldən vermək şansı əldən verməyə bərabər idi. Prof. M. R. Əfəndiyev, prof. A. M. Ammosov, dossent R. M. Məlikov və başqa müəllimlərinin təklifi ilə onu APİ-yə - "Riyazi analiz” kafedrasının assistenti vəzifəsinə dəvət edirlər. Onun pedaqiji fəaliyyəti də elə o vaxtlardan başlamış və demək olar ki, ömrünün sonuna qədər davam etmişdi.
Rəqəmlərin təhlili, onların mahiyyəti və mənasını açmaq cəhdi Məcid Rəsulovu rahat buraxmırdı. Riyazi analiz ona axtarış kimi görünrdü. Bəs bu axtarış nəyin axtarışı idi? Kokaralda olduğu kimi yenə də öz-özünə təkrar edirdi:
-Ax, bu riyaziyyat!
Sonra da dərin bir fikrə gedib, sonsuz düşüncələrə dalan Məcid Rəsulov daxili bir

Məcid Rəsulov . 1938-ci il.
ADU-nun aspirantı
monoloq söyləməyə başlayırdı:
-İlahi, nə qədər məchul olar? Bu məchulların tapılması üçün məlumlaramı istinad etmk lazımdır? Axı, yarımməchullar və yarımməlumlar da vardır. Onlar Ayın və aysberqın görünən və görünməyən tərəfləri kimidir.
Ax, bu riyaziyyat!
Görünənə görə görünməyəni görmək!
Nə yaxşı ki, elmdə "axtarıb tapmaq”, "kəşf etmək” kimi istilahlar vardır!
Qarışqanın addımı nə qədərdir və o hansı bucaq altında addımlayır? Riyazi
baxımdan bu cox sadə bir şeydir. O hansısa bir düsturun köməkliyi ilə bunu tapacaqdır. Elə bir sahə varmıdır ki, riyaziyyat ora nüfuz edə bilməmiş olsun?
-Yoxdur və ola da bilməz.”
Assistentliyinin ilk dövründə necə olmuşdusa, gənc bir qız ona çəpəki,
yəqin ki, qıyğacı baxmışdı. Məcid müəllim qeyri-ixtiyari olaraq gülümsəmişdi. Sonra da fikirləşmişdi ki, ixtiyarilik üçün hər hansı bir qiymət məqbul sayıla bilər.
Bəs qeyri-ixtiyarilik üçün hansı qiymət əsas götürülməlidir? Çəpəki və ya
Qıyğacı baxışlara gəldikdə isə baxmaq üçün hansı bucaq daha məqbuldur?
Bir ara iti bucaq altında sancılan iti baxışlardan hansı sürətlə qaçmaq
olar sualına cavab vermək istəmişdi və kağız üstündə bunu tapmağa müvəffəq olmuşdu. Məsələ bunda idi ki, qaçılması mümkün olmayan o iti baxışlara hələlik rast gəlməmişdi. O iti baxışların qabağından qaça bilməyəcəyi günü isə heç ağlına da gətirməmişdi.
-Ax, bu riyaziyyat!..
Riyaziyyat onu iti baxışlar haqqında deyil, bərabərliklər, tənliklər haqqında düşünməyə vadar edirdi. Nə olsun ki, yayda gündüzlər uzun, gecələr qısa, qışda gecələr uzun, gündüzlər qısa olur? Məsələ ondadır ki, nəticə bərabərliklə qurtarır. Yazda və payızda baş verən gecə-gündüz bərabərliyi anlarındakı tarazlaşmalar da bir üstəlik. Böyük kainatdakı tarazlıq, bərabərlik və tənlik onun tərkib hissəsi olan hər hansı bir obyektdə bütövün böyük, böyüyün kiçik hissəyə olan nisbətində
özünü göstərmirmi? Ölçünün və simmetriyanın bir qalaktika daxilindəki sabitliyini, ayrı-ayrı qalaktikalar baxımından isə ölçünün ölçüsüzlüyünü, simmetriyanın assimmetrikliyini riyazi gözlərdən başqa qeyri gözlərlə görmək mümkündürmü? Axı, bir şey digərinə təndir. Sevinci kədərinə, ağı qarasına, enişi yoxuşuna bərabər olan, dostu dostuna tən gələn bu dünyanın gözümüzün və ağlımızın sferasına sığmayan yerləri vardır.
Ax, bu riyaziyyat!
Onsuz nə etmək olar?
Ax, bu riyaziyyat!
Ax, bu Lopatinski!
Məcid Rəsulovun üzərində işləyəcək mövzunun adı belə idi: "Differensial
tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxıqlar üsulu ilə araşdırılması.”
Elmi istiqamətini riyazi fizika tənliklərinin həlli və araşdırılması üzrə
götürmüş Məcid Rəsulov differensial tənliklər və funksional analiz kimi çətin və mürəkkəb sahələrdə də öz sözünü deməli idi. Bu işin qəribəliyi onda idi ki, o həm nəzəri, həm də tətbiqi əhəmiyyət daşıyırdı. Belə bir elmi işin öhdəsindən gəlmək cılğı riyazi düşünə bilən xalis riyaziyyatçılara nəsib ola bilərdi.
Oldu da!
Amma bu böyük alim ömrünün altı ilini İkinci Dünya müharibəsi ərəfəsində hərbi xidmətdə keçirməli oldu.
***
Müharıbə və alim
V
Alber Kamü hansısa bir əsərində deyirdi ki, müharibə və bəla həmişə bir-birini izləməkdədir. Müharibə qurtaranda bəla, bəla sovuşanda müharibə başlayır. İnsanlar isə müharibənin və bəlanın qarşısını almaqda həmişə acizdirlər.
İkinci Dünya müharibəsi də sülh müqavilələri bağlana-bağlana, ölkələrarası dostluqdan və əməkdaşlıqdan danışıla-danışıla baş verdi. Danışıqlarla pərdələnən niyyətlərin həyata keçirilməsi üçün hərbi müdaxilələri əsas götürdülər. Beləliklə, 1939-cu il sentyabr ayının 1-də Faşist Almaniyasının Polşaya hərbi müdaxiləsi İkinci Dünya müharibəsinin başlanmasına səbəb oldu. Çünki iki gundən sonra İngiltərə və Fransa Alamiyaya müharibə elan etdilər. Fransanı və İngiltərəni müharibəyə sövq edən Polşaya kömək məsələsi deyil, özünü qorumaq instinkti ilə yanaşı pay bölgüsündə kənarda qalmaq qorxusu idi. Çünki Yer kürəsi onların gözünə şar şəklində hazırlanmış tort kimi görünürdü. Belə bir instinkt və qorxu həm də SSRİ-nin canına sirayət etmişdi.
Şimal-qərb sərhədlərinın qorunmasından ehtiyyat edən SSRİ 28 sentyabr 1939-cu ildə Almaniya ilə "Dostluq və sərhədlər haqqında” müqavilə bağladı.
30 noyabr 1939-cu ildə SSRİ Finlandiyaya hərbi müdaxiləyə başladı. Finlandiyaya müdaxilə 12 mart 1940-cı ildə başa çatsa da və "Qış müharibəsi” adı ilə tarixə düşə də, SSRİ-də səfərbərlik elan edildi. Müharibə şəraiti ilə əlaqədar olaraq ali təhsilli vətəndaşlar üçün verilən möhlət ləğv edildiyindən Məcid Rəsulov 15 dekabr 1939-cu ildə hərbi xidmətə çağırıldı. Bu zaman ona ADU-nun rəhbərliyi tərəfindən belə bir arayış verildi:
-Məcid Rəsulov aspirant olduğu müddətdə rəhbər mütəxəssislərin müsbət rəyini qazanmışdır. İlk imkan yarandığı zaman o, aspiranturada təhsilini davam etdirərsə, onun elmi işçi kimi formalaşmasına tam əsas vardır.
M.Rəsulovun mülki riyaziyyatçı ixtisası onun hərbi təyinatının müəyyən edilməsinə səbəb oldu. O hərbi xidmətinə 293-cü atıcı diviziyanın 393-cü artileriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində başladı. O yüksək çinli zabitlərə riyaziyyat kursları keçirdi və müharibənin tezliklə qurtaracağı ümidi ilə yaşayırdı. Lakin belə bir məsəl vardır: "Sən saydığını say, bax, gör, fələk nə sayar.” Sən demə, Sovet-fin müharibəsi böyük tamaşanın ilk pərdəsi imiş.
Məcid Rəsulov İki illik hərbi xidmətni başa vurmaqda ikən Böyük Vətən müharibəsi başlayır. Onu 393-cü arilleriya alayının hesablayıcı bölməsinin

Məcid Rəsulov . 1944-cü il.
960-cı artilleriya alayının komandiri
komandirliyindən azad edib, Qərb cəbhəsinə göndərirlər. O, Qərbi Ukraynanın qədim şəhəri Lutsk uğrunda gedən qızğın döyüşlərin birində yaralanır. Avqust ayı idi. Onu Sverdlovska (Yekaterinburqa) müalicə olunmaq üçün təxliyyə xəstəxanasına göndərirlər. Ural Federal Dairəsinin mərkəzi sayılan Sverdlovsk hələ Nikolay vaxtından Peterburqla müqayisə edilən şəhərlərdən biri idi: Peterburqu Avropaya, Sverdlovskı isə Asiyaya-Sibirə açılan "rus pəncərəsi” adlandırırdılar.
Yaraları sağalan kimiyenidən cəbhəyə qayıdan M. Rasulov 1941-ci ilin noyabrından 1942-ci ilin mart ayınadək 293-cü atıcı diviziyanın tank əleyhinə batareyasının komandiri təyin edilir. 1942-ci ilin martında Tbilisiyə-Zaqafqaziya hərbi dairəsinə kiçik leytenantlar kursuna göndərilir. Kursu bitirib kiçik leytenant rütbəsində cəbhəyə qayıdır.
Qızğın döyüşlərin birində taqım komandiri həlak olur və briqada komandiriniun əmrilə M. Rasulov onu əvəz edir. Bir aydan sonra ona cəbhə komandirinin əmrilə qvardiya leyenantı rütbəsi verilir.
1942-ci ilin oktyabr-dekabr aylarında o, Cənub cəbhəsi 10-cu atıcı qvardiya briqadasının ayrıca artilleriya diviziyasının qərargah batareyasının idarəetmə taqımının komandiri olur.
***
Bu odlu və alovlu illər Məcid Rəsulovun yaddaşında daim yaşadı. Cəsədlərlə örtülü yollardan, qan ilə suvarılan çöllərdən keçən bu insan bəzən müharibə xatirələrini danışmaqla ibrət olsun deyə bizlərə ağıl və təskinlik vermək istəyirdi. APDU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, prof. Rafiq Rəsulovun əmisi Məcid müəllimin dilindən söylədiyi xatirə ibrətamizliyi ilə diqqəti cəlb edir:
-Əmim həmişə müharibənin ağır məqamlarından, dəhşətli mənzərələrindən ürək ağrısı ilə danışırdı. Bir dəfə "Ehtimal nəzəriyyəsi” ilə bağlı maraqlı bir söhbət başlamışdıq. Birdən o, dərin fikrə getdi, gözlərini bir nöqtəyə dikdi, bir müddət beləcə dayandı. Düşündüm ki, yəqin, söhbət açdığımız məsələnin hansısa elmi tərəfini axtarır. Sən demə, xəyal onu çox uzaqlara - o ağrılı-acılı illərə aparıbmış. Birdən o, söhbətə başladı və dedi: "İşə bir bax! "Ehtimal nəzəriyyəsi” bir dəfə mənim həyatımı ölümdən xilas edib. Bəlkə də, bu gün yaşamağıma görə mən bu nəzəriyyəyə borcluyam.”
Məni maraq götürmüşdü. Sual dolu nəzərlərimin ona dikildiyini görən əmim söhbətinə davam etdi:
-Müharibənin odlu-alovlu günlərindən biri idi. Mənim riyaziyyatçı olduğumu, "Ehtimal nəzəriyyəsi”ni yaxşı bildiyimi eşidən rəhbərlik belə bir qənaətə gəlibmiş ki, mən generallara, komandirlərə bu nəzəriyyəni öyrədim, müəyyən dərslər keçim. Məqsəd ağır atıcı silahlardan düzgün istifadəyə nail olmaq idi. Dərslər təşkil olundu və mən verilən tapşırığı yerinə yetirdim - "Ehtimal nəzəriyyəsi”nin mahiyyətini hərbçilərə öyrətdim. Mən vzvod komandiri idim. 25 nəfər əsgərə rəhbərlik edirdim. Bir dəfə kəşfiyyata çıxanda mühasirəyə düşdük. İki yolumuz var idi: ya əsir düşməli, ya da mühasirəni yarıb çıxmalı idik. Mühasirəni yarıb çıxmaq bilə-bilə ölümə getməyə bərabər idi.
Hərbin öz qəribə qanunları vardır. Hansı vəzifədə olursan-ol, bəzən qərarı özün vermirsən, hamı ilə məsləhətləşməli olursan. Belə bir çətin anda əsgərlərin böyük əksəriyyətinin səs çoxluğu ilə mühasirəni yarıb çıxmaq yolunu seçdik. Mühasirəni yarıb çıxsaq da, düz on iki nəfər əsgərimizi itirdik. Döyüşçülərimizin yanına qayıdanda polkun komandiri polkovnik məni ən ağır bir cəza gözlədiyini söylədi. Sonra da sual elədi: "Hər dəfə bir tapşırığı yerinə yetirərkən 12 əsgər itirsək, biz necə qalib gələ bilərik?”
Belə hallarda hərbi səhra məhkəməsi ölüm hökmü də çıxara bilərdi. Bunu mən özüm də bilirdim. Polkovnik silahını qaldırıb mənə tuşlayanda mənim əsgərlərimin hamısı silahlarını qaldırıb ona tərəf tutdular. Mənim əsgərlərim mənim heç bir günahım olmadığını, bu qərarın hamılıqla verildiyini söylədilər. Polkovnikin bu hərəkətinə qarşı ciddi etiraz etdlər.
Fikrindən dönmək istəməyən polkovnik məni hərbi tribunala verəcəyini bildirdi və belə də etdi.
Hərbi tribunalda mənim işimə baxacaq general ona təqdim edilən sənədlərdə Məcid Rəsulov adını görəndə duruxubmuş. Sən demə, bu general mənim "Ehtimal nəzəriyyəsi” öyrətdiyim "tələbələrimdən birisi” imiş. Öz müəllimini tribunalda görmək istəməyən general məhkəmə prosesini bu başdan dayandırır, məni polkovniklə barışdırır. Lakin bu qisasçı polkovnikin ürəyindəki kin, sən demə, öz yerində dururmuş.
Bir gün qızğın bir döyüşün ortasında idik. Göydən güllələr üstümüzə dolu kimi yağırdı. Yerləşdiyimiz sahədən bir qədər aralı ərazinin ortasında hündür bir ağac var idi. Məndən zəhləsi gedən polkovnikin əlinə sanki məni aradan götürmək üçün girəvə düşmüşdü. Polkovnik mənə həmin ağaca çıxıb qarşı tərəfin hansı ərazidə yerləşdiyini müəyyənləşdirməyi tapşırdı. Bu məni bilə-bilə, qəsdən ölümə göndərmək idi. Orada olan bütün əsgərlərlə görüşüb sağollaşdım və ağaca sarı yollandım.
Çətinliklə də olsa, düşmənin yerini müəyyənləşdirib ağacdan düşdüm. Üstümə aramsız yağan güllələr paltarlarımı deşik-deşik etmişdi. Yoldaşlarımın yanına doğru irəliləməyə başladım.
Budur, çatmışam. Ancaq mənzərə o qədər dəhşətlidir ki, nə edəcəyimi bilmirəm. Düşmənin açdığı top atəşi ərazinin külünü göyə sovurmuş, yoldaşlarımın hamısını həlak etmişdi.
Məni bilə-bilə ölümə göndərən polkovnik də artıq həyatda yox idi...
Əmim susdu. Onun gözləri yaşarmışdı.Bircə kəlmə də desə idi, hönkürüb ağlayacaqdı. Biz də heyrət içində idik. Mat qalmışdıq...
Özümə söz verdim ki, bir də "Ehtimal nəzəriyyəsi”ni əmimin yadana
salmayım...
***
1942-ci ilin dekabrından 1943-cü ilin noyabr ayınadək 402-ci atıcı diviziyanın 960-cı artilleriya q ərargah alayının batareyasının komandir müavini təyin edilir. Ona baş leytenant rütbəsi verilir.
1943-cü ilin dekabr ayında o, 102-ci atıcı diviziyanın 960-cı artilleriya alayının batareya komandiri olur və müharibənin sonuna kimi bu vəzifədə qalır.
1944-cü il mayın 1-də döyüşlərdə göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qafqaz uğrunda” ("Za oboronı Kafkaza”) medalı ilə təltif olunur. O elə həmin il Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur.
1945-ci il 9 mayda Berlində Almaniyanın kapitulyasiyası haqqında akt imzalanır. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Almaniya üzərində qələbə” («За победу над Германией») medalı ilə təltif olunanların sırasında baş leytenant Məcid Rəsulovun da adı var idi. Sovet dövrü deyilən zaman içində tələbə olmaq, aspirant olmaq, Böyük Vətən müharibəsi iştirakçısı olmaq, orden və medallı olmaq, üstəlik partbiletli olmaq şəxsiyyətə qarşı edilən hücumlardan hər tərəfli qorunmaq imkanı verirdi, bu- çox böyük şans idi, şərəf idi. xidmətlərinin dövlət tərəfindən tanınması demək idi.
Lakin o, müharibə qurtaran kimi dərhal ordudan tərxis olunanların sırasında olmadı. O, müharibə qurtarandan 6 ay sonra - 1945-ci il noyabrın 21-də ehtiyata buraxıldı.
Bəli, insan daim zaman içidə olur: gedir, gəlir, durur, oturur, gülür, ağlayır, olur və ölür, hətta, öldürür də. ... Məcid Rəsulov da tədris zamanı tələbə və ya müəllim, müharibə zamanı döyüşçü idi.
Allaha çox-çox şükürlər olsun ki, daha müharibə qurtarmışdı. Artıq Məcid Rəsulovun da elmi işlərini davam etdirmək, alim kimi təsdiqini almaq zamanı gəlmişdi...
***
Görüş
VI
Ordu sıralarından qayıdanda ağacları çılpaq, dağları qarlı gördü Məcid Rəsulov. 1945-ci il noyabr ayının ən son günləriyidi. Günəş bathabatda idi. Şəkinin üzünə qışın nəfəsi dəydikcə səhərləri qırovlu, axşamları şirovlu olmuşdu. Uşaqlıq illərində gördüyü yollar o qədər də dəyişməmişdi. Görünür ki, Şəkinin insanları kimi yollarının da qayğısına qalan olmamışdı. Yanıq Məscidin yanında maşından düşüb sola-Bağbanlara doğru buruldu. Evlərinə çathaçatda ürəyində gizli bir titrəyiş hiss etdi. Nədənsə ürəyi bər-bərk döyünürdü. Doğma darvazaya çatmağa beş-on addım qalırdı, lakin darvazadan əsər-əlamət görünmürdü. İlahı, bu nəydi? Evlərini də sökmüşdülər. O boyda evdən kiçicik bir hissəni saxlamışdılar. Darvazanın yerində balaca bir çax-çax vardı. Titrəyən ayaqlarını əlləriylə tutub saxlamaq istədisə də, olmadı. Dayanıb durdu. Ətrafına baxdı. Sanki burada həyat dayanmışdı. Gedən-gələn də yox idi ki, salam verib bir söz soruşaydı. Ukraynanı faşistlər o günə qoymuşdular. Bəs buranı dağıdanlar kimlər idilər? Görünür ki, bu dünyada bir neçə cür faşist varmış!
Ayaqları əsə-əsə çax-çaxa yaxınlaşmışdı ki, birdən evin qapısı açıldı. Evdən çıxan ataəvəzi qardaşı Əbdüləlini gördü. Qışqırmaq istədi, səsi boğazına tıxanıb qaldı, xırıltıdan başqa bir şey əmələ gəlmədi. Elə bil ki, Əbdüləli də nəsə hiss etmişdi. O da sövqi-təbii çax-çax tərəfə boylandı. Görüşən baxışlardan qəfil ildırımlar çaxdı. Necə qucaqlaşdıqlarını, necə qol-boyun olduqlarını da bilmədilər. Bir də gördülər ki, qabaq-qabağa oturub şirin-şirin söhbət edirlər.
Məcid müəllim sanki yuxudan ayılan kimi oldu:
- Qardaş, anam gözümə dəymir.
Əbdüləli müəllim cavab vermək istəyirdi ki, həyətdən gələn ayaq səslərini eşidib susdu. Hənirtisindən gələnin Hamid olduğunu bilib dedi:
- Hamid gəlir.
Hamid ayaqqabılarını çıxarınca Məcid hərbi formada qapıya çıxdı. Qarşısındakı mundirli adamı görən Hamidin sanki dili-ağzı qurudu. Mundirli adam isə Hamidi bağrına basıb o üzündən, bu üzündən öpür, sanki onu çiçək kimi iyləyirdi. Axır ki, Hamid özünü toplayıb: - Niyə demirsən ki, gəlmişəm?- deyə sual etdi.
Məcid müəllim isə öz aləmində idi:
- Maşallah, yepyekə oğlan olmusan, qardaşım! İşləyirsən, eləmi? Harada?
- Beş-on addım buradan aşağıda – ipək kombinatında.
Əbdüləli müəllim hər ikisinin qollarından tutaraq bağrına basırmış kimi onları özünə sarı çəkdi. Hər ikisini diqqətlə nəzərdən keçirdi, bir qədər susdu, üzərinə çökən kədər buludlarını qovurmuş kimi başını tərpədərək hüznlü bir səslə astadan dedi:
- Anamız da dünyasını dəyişdi, Məcid.
Sanki göy gurladı, qəfil çaxan şimşək Məcidi vurdu. Yenə də dizləri taqədən düşdü. Səntirlədi. Əbdüləli müəllim tutmasaydı, yıxılacaqdı. Məcid müəllim özünü toplayıb soruşdu:
-Hadisə nə vaxt olub?
-Bir həftə bundan qabağa qırxı çıxıb. Fikri-zikri sən idin. Uşaqlara tapşır, məni unutmasınlar deyirdi. Gedək, qaranlıq düşüncə qəbrini ziyarət edək.
***
Qəbristanlıq uzaqda deyildi. Nə qər yavaş getsəydin, yarım saata çatardın. Elə ki, yoxuşu qalxıb, qəbristanlığın qapısına çatdılar, Əbdüləli müəllim orada yatan cəmi qəbir əhlinin ruhu şafd olsun deyə verib, fatihə oxudu. İçəri daxil oldular.
Güllü xanımın qəbri lap yuxarıda qazılmışdı. Hər üçü qəbrin ayaq qaltında dayanmışdı. Əbdüləli müəllim yenə də dua verib, fatihə oxudu. Məcid müəllim əyilib anasının torpağını öpdü. Üzünü anasının üzünə qoyurmuş kimi qəbrini qucaqladı. Hamid isə sakitcə gözyaşlarını silirdi. Məcid müəllim Əbdüləliyə dönüb soruşdu:
-Rəhmətliyi nə üçün lap hündürdə dəfn etmisiniz?
Əbdüləli müəllim üzünü qardaşlarına tutaraq danışmağa başladı:
- Görürsünüz də, bizim qəbristanlığımız dağın döşündə yerləşir. Anamız tez-tez vəsiyyət edirdi ki, onu hündür bir yerdə basdıraq, atamız Kokaraldan baxanda bir-birlərini görə bilsinlər. Bu, zarafat deyildi, onun ürəyindən keçənlər idi. bir də
deyirdi ki, mən sizləri doyunca, ürəyim istəyən kimi görə bilmədim. Məni tək qoymazsınız. Tez-tez üstümə gələrsiniz, görüşərik. Müharibə də qurtardı, Məcid gəlmədi. İşdir, əgər o gəlincə mən ölsəm, özü gəlib bura çıxmamış bildirməyəsiniz. O, əsgərdir. Kim bilir ki, başında nə iş var? Mən anamızın ürəyi sıxılmasın deyə ona hey təsəlli verirdim. O məndən də incik idi ki, niyə vaxtında evlənmirəm. Elə hey: - Hamidə muğayat olun, o, gün görməyib, uşaqlığı sürgündə, sonrakı illəri də aclıqda keçib, - deyirdi.
Əbdüləli müəllim əllərini qardaşlarının çiyninə qoyaraq sözünü tamamladı:

Güllü xanım Kərimağa qızının sinə daşı üzərindəki
yazı: "Yad edin hər zaman burda yatanı. Unutmaq
olarmı əziz ananı?”
-Daha qaranlıq düşür. Qayıdaq. Bayaq evdə heç kəsin olmamağına baxma. Biz evə çatan kimi eşidib bilənlərin bizə yığışacaqlarını görəcəksən. Neyləməli, bizim işlərimiz hələ də qaranlıqda gedir.
(ardı var)


Bakı -°C

