adalet.az header logo
  • Bakı -°C
30 Sentyabr 2026 11:37
62
SİYASƏT
A- A+

"Həmrəylik təkcə zaldan çıxmaqla ölçülmür" - Millət vəkili

“Həmrəylik təkcə zaldan çıxmaqla ölçülmür”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik sisteminin ömrünü keçirdiyini açıq nümayiş etdirib.

Deputatın sözlərinə görə, sessiyada müzakirələr qarşılıqlı ittiham, boykot və hərbi təhdidlərlə yadda qalıb.

Zahid Oruc qeyd edib ki, Azərbaycan müstəqilliyini qazandıqda beynəlxalq qurumlardan gözləntiləri böyük olub.

“1991-ci ilin 29 sentyabrında Ümummilli Lider Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanınması və gələcək zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi sessiyanın əsas siyasi gündəliyi olmalıdır”, - deyə deputat vurğulayıb.

O, İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına etiraz olaraq plenar zalı tərk edənlərlə bağlı da danışıb:

“Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımlara ardıcıl dəstəkləməsi bir günlük zal boykotundan daha əhəmiyyətlidir”, - deyə Zahid Oruc bildirib.

Deputat Azərbaycanın 30 illik işğal dövründə beynəlxalq ictimaiyyətin mövqeyini də sual edib.

“On illər boyu fələstinlilərin yoxsulluğunu sümürən, bunu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər?” - deyə o soruşub.

Zahid Oruc qeyd edib ki, müharibə qurbanlarına dəstək yalnız qətnamə qəbul etmək və zalı tərk etməklə mümkün deyil:

“İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpasında Marşall Planı mühüm rol oynamışdı. Azad Qarabağda ortaq İslam və türk Marşallı layihəsini həyata keçirib bir kəndi inşa etməyənlərin özlərini qlobal faktor kimi aparmağa ixtiyarı yoxdur”, - deyə deputat bildirib.

O əlavə edib ki, BMT-nin 81-ci sessiyasında mühakimə edilməli tərəf Azərbaycan deyil:

“İcrasız qətnamələr və 30 illik münaqişəni həll etməyən beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin edir və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladı”, - deyə Zahid Oruc vurğulayıb.

Deputatın sözlərinə görə, BMT-nin Azərbaycandan öyrənəcəyi dərs bir diplomatın kresloda qalıb-qalmamasından qat-qat böyükdür.