28 Iyun 2013 00:43
4838
GÜNDƏM

HƏFTƏNİN SORĞUSU

İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ SUALLAR:

- 1-ci sual: İsti yay günləri başlayıb. Amma bildirilir ki, daha yaksək hərarətli günlər hələ irəlidədi. Mənzilinizdə kondisioner varmı?
- 2-ci sual: Bu günlərdə hərbi parad keçirildi. Siz onu izləyə bildinizmi? Ordumuzun bu nümayişi sizə necə təsir bağışladı?
- 3-cü sual: Yaşamaq üçün həyət evinə üstünlük verirsiniz, yoxsa hündürmərtəbəli binalardakı mənzillərə?

1. - Sərhəddin: (şəxsi işi üçün paytaxta gəlmiş əyalət sakini) Hə, düz deyirsiz, istilər yaman başlayıb. Hiss olunur ki, daha da yüksələcək. Biz rayonda yaşadığımız üçün Bakıdakılar kimi istidən əziyyət çəkmirik. Qəşəng kölgəli həyətimiz var. Amma kondisionerimiz yoxdur. Qoydurmamışıq. Amma axır vaxtlar uşaqlar istəyir. Fikirləşirəm ki, gərək biz də birini alıb quraşdıraq. İnşallah həll olunar.
2. - Yox, baxa bilməmişəm. Onda Bakıda yox idim. Həmin gün yol gəlirdim. Amma əvvəlki paradları oturub televiziyadan izləmişəm. Əslində mənim lap sovet dövründən hərbi parada tamaşa etməkdən xoşum gələrdi. İndi özümüzün ordusuna daha çox tamaşa etmək istəyirəm. Amma bu dəfə qismət olmadı.
3. - Biz həyət evində yaşayırıq. Heç vaxt binada yaşaya bilmərəm. Bağrım çatlayar. Yəqin bu ondandı ki, mən ömrü boyu həyət evində, genişlikdə yaşamışam. Ona görə də indi Bakıya qardaşımgilə gələndə əziyyət çəkirəm. Elə çalışıram ki, tez-bazar işimi qurtarım, qayıdım evə.

1. - Sakitağa: (təqaüdçü) Bizim evdə var idi. Amma mənə ziyan elədiyi üçün sökdürüb oğlumgilə göndərdim. Düzdü, yayın ortasında bir az istidən əziyyət çəkirik, amma neyləyim ki, kondisioner mənə çox pis təsir eləyir. Xəstələnirəm, oynaqlarım ağrıyır.
2. - Bəli, tamaşa elədim. Televiziyadan. Xoşum da gəldi. Malades, yaxşı silahlar almışıq. Qürur hissi keçirdim.
3. - Mən özüm həyət evində yaşayıram. Həyətimiz böyük döyül, amma heç olmasa açıq havada oturub-durmağa imkanımız var. Vallah, mənə elə gəlir ki, "zdaniyada" mən yaşaya bilmərəm. Öyrəşmişəm həyət-bacaya.

1. - Nailə: (mağazada satıcı) İstilərdə kondisionersiz mümkün döyül axı... Əvvələr bizdə sovet vaxtında buraxılan o yekə kondisionerdən vardı. Amma köhnəldiyinə görə əl vermədi və onu dəyişdik. Şəxsən mənim istiyə heç dözümüm yoxdu...
2. - Yox, baxmamışam. Heç işdən-gücdən aman tapa bilirik ki. Səhər işdə, axşam da evin işlərində...
3. - Biz binada yaşayırıq. Şəraitimiz, çox şükür, pis döyül. Amma mənim həyət evindən xoşum gəlir. Heyf döyül həyət-bacalı ev. Yoxsa quş yuvası kimi göyün yeddinci qatında hərənin bir yuvası var, dörd divar arasında adamın ürəyi sıxılır.

1. - Səfər: (özəl şirkət işçisi) Yekəxanalıq kimi çıxmasın, bizim evimizdə iki kondisioner var. Çünki biri çatdırmırdı. Vallah, deyirəm ki, nə yaxşı ki, belə şeylər var, yoxsa istilər vaxtı camaat neyləyərdi.
2. - Doğrusu parad vaxtı yox, axşam təkrarına televiziyada baxdım. Ləzzət elədi. Amma niyəsə hələ də gözləyirik, ermənilərin nazı ilə oynayırıq.
3. - Mənim üçün bunun o qədər də əhəmiyyəti yoxdur. Təki yaşadığın yerdə şəraitin super olsun.
1. - Sara: (orta məktəb müəlliməsi) İndi, istilərdə kondisionersiz keçinmək mümkün deyil. Özü də indikilər əvvəlkilərdən çox sərfəlidi. Nə səsləri var, nə küyləri. İşlətmək də rahatdı. Rejimə qoyursan, ürəyin istədiyi qədər evi soyudur, sonra özü də fasilə verir.
2. - Mən paradın bəzi hissələrinə televiziyadan tamaşa eləmişəm. Deyirəm ki, bu namərd ermənilər belə oyunu başımıza açmasaydılar hökumət tanklara-toplara xərclədiyi pulun yarısını əhaliyə sərf edərdi, hamının da vəziyyəti lap yaxşı olardı
3. - Mənə binada yaşamaq sərf eləyir. Çünki vaxt baxımından işləri çatdırmaq, çatdırmamaq məsələsi var. Mən həm işləyirəm, həm də evdəki işlərlə məşğul oluram. Vaxtı çatdırmaq mümkün deyil. Həyət də elə şeydi ki, mütləq gərək onunla dərindən məşğul olasan. Ürəyin istədiyi şəraiti yarada biləsən. Bunları bacarmayacaqsansa həyət nəyə lazımdı ki.

1. - Qəhrəman: (mantyor) Hə, müəllim, kondisionerimiz var.
2. - Düzü, baxa bilməmişəm. Ümumiyyətlə mən nə parada, nə də digər şeylərə baxa bilmirəm. Ona görə ki, iki yerdə işləyirəm. Neyləyim, çatdırmaq mümkün olmur. Ona görə də hər gün tezdən gedirəm, bir də gecə gəlirəm evə. Onda da elə yorğun oluram ki, oturan kimi gözlərim özü-özünə yumulur.
3. - Mən özüm "zdaniya"da yaşayıram, amma deyim ki, həyət evində yaşamaqdan çox xoşum gəlir. Kim nə deyir-desin, həyət evinin ləzzəti ayrıdı. Çölə çıxıb açıq havada oturub-durmaq, ağacın kölgəsində əyləşib bir stəkan çay içmək nəyə desən dəyər...

BABƏK YUSİFOĞLU
[email protected]