BİR YARALI BARMAĞA ÇİŞ ELƏMƏYİ BACARMAYAN BMT - AQİL ABBAS yazır

AQİL ABBAS
151 | 2025-06-18 14:08

Birləşmiş Millətlər Təşkilatı adlı bir institut var. Dünya ölkələri də bu təşkilatın üzvüdür və hər il də üzvlük haqqı ödəyirlər. Və indiyədək bu təşkilatın bir yaralı barmağa çiş elədiyini görməmişəm. Bəlkə də dializ xəstəsidi bu təşkilat.

Bu təşkilatda beş daimi üzvdən ibarət bir Təhlükəsizlik Şurası da var. 

Və bu Şuraya üzv olan dövlətlər də itlə-pişik kimidirlər, kəsəsi, düşməndilər. 

Sayın Ərdoğan deyir, dünya beşdən böyükdür. Bəli, doğrudan da dünya beşdən böyükdür, amma bu beş bütün dünyanı, burasını mədəni yazım, barmağına sarıyıb. 

Dünya qopur. İsrail İranı, İran da İsraili gecə-gündüz raket atəşinə tutur. Əməlli-başlı müharibə gedir. Bu müharibənin çərçivədən çıxıb III Dünya

Müharibəsinə  çevrilməyinə bir neçə gün qalıb. Birləşmiş Millətlər Təşkilatı da boş-boş çayxana iclasları keçirir. 

Bir sözlə, Birləşmiş Millətlər Təşkilatını filan yerinə alan yoxdur. 

Yadınızdadırsa, 92-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı dörd qətnamə çıxarmışdı. Ermənistan həmin qətnamələri burnunu silərək atdı zibil yeşiyinə. Və BMT  bir dəfə maraqlanmadı ki, onun çıxartdığı qətnaməni Ermənistan niyə yerinə yetirmir?

Axırda Azərbaycan dövləti və onun Ali Baş Komandanı İlham Əliyev məcbur olub həmin qətnamələri özü yerinə yetirdi. 

Hələ mən Rusiya-Ukrayna müharibəsindən, qardaş qırğınından, Qəzza  faciəsindən danışmıram ki, BMT yenə heç bir qələt edə bilmir. 

Ona görə də mən BMT-ni təşkilat yox, çayxana adlandırıram – Birləşmiş Millətlər Çayxanası.  Bu Çayxananın da Baş Çayçısı adı heç dilimə yatmayan bir nəfərdi. Adını ona görə yazmıram ki, qorxuram səhv edəm, biədəb söz çıxa. 

TƏQVİM / ARXİV