adalet.az header logo
  • Bakı 18°C
09 Iyun 2022 14:47
1337
İQTİSADİYYAT

HAVAYA UÇAN PULLAR VƏ AZAL....

Bəzən AZAL tenderlərdə elə şərtlər irəli sürür ki, bu tamamilə absurdur...

Əslində cəmiyyətin “AZAL” QSC-dən ümumiyyətlə uçuş biletlərinin baha olmasından, həm də ona rəğmən on milyonlarla manat zərər etməsinin izahını tələb etdiyi bu günlərdə yeni qərar qəbul olundu. Belə ki, Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasına biletlərin qiymətini 10 manat bahalaşdıraraq, 50 manatdan 60 manata qaldırıb.

Bununla bağlı Nazirlər Kabinetinin 2008-ci ildə verdiyi qərara dəyişiklik edilib. Qərarda göstərilir ki, Azərbaycanın digər bölgələri ilə məhdud nəqliyyat əlaqəsi olduğuna görə, Naxçıvana aviauçuşların dəyərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir. Qərarda göstərilən məbləğ 95 manat müəyyənləşdirilsə də daha sonra 70 manata endirilib. Daha sonra Muxtar Respublikaya gedən vətəndaşların bilet xərcinin 10 manatını dövlət ödəyəcək.

Lakin bu qiymət artımının səbəbi açıqlanmır. Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra Naxçıvana hava yolu qısalıb, nəticədə yanacaq xərcləri bir qədər azalıb. “AZAL” hər sərnişinə görə 10 manat da dövlətdən alıb həyata keçirdiyi hava reyslərinin rentabelli olmadığından gileylənir. Bu haqda Hava Yollarının rəsmiləri bir neçə dəfə mətbuata açıqlamalarında şikayətləniblər. Ancaq bu nə qədər əsaslı arqument ola bilər axı?

Hazırda Türkiyənin ən ucqar şərq və qərb nöqtələrini birləşdirən və Bakı-Naxçıvan (371 km) marşrut xəttindən 4 dəfə uzun olan Iğdır-İstanbul (1277 km) reysinin daşıma xərci bir sərnişin üçün 75-90 manat aralığında dəyişir. Misal üçün, İstanbul-Adana (922 km) reysi 70 manat, Ərzurum-İstanbul (1048 km) reysi 60 manat təşkil edir. Hətta, bir neçə il əvvəl Türkiyə aviaşirkətləri Bakı-Naxçıvan aviareyslərini AZAL-dan daha ucuz həyata keçirməklə bağlı hökumətə müraciət etsə də, təklif qəbul edilməyib ( Hətta Türk Hava Yolları dövlətdən kompensasiya almadan hər sərnişini 45 manata daşıya biləcəyi barədə açıqlama vermişdi.

Beləliklə məlum məsələ ilə bağlı bir neçə iqtisadçı ekspertlərin fikirlərini öyrənməyə çalışdıq. Sözügedən bahalaşma ilə bağlı iqtisadçı – ekspert Əli Əhmədov Adalet.az saytına bunları söylədi: “ Fikrim ondan ibarətdir ki, məsələ yalnız Naxçıvan istiqamətində olan təyyarə biletlərinin qiymətində deyil. AZAL – la bağlı məsələyə kompleks baxılmalıdır. Hesab edirəm ki, AZAL –ın idarə edilməsindəki boşluqlar aradan qaldırılmalıdır. Çünki AZAL dövlət qurumları içərisindəki ən qeyri – şəffaf qurumlardan biridir. Hələ indi – indi dövlət tenderlərində və satınalmalarda açıq iştirak edir. Buradakı maliyyə axını və bu proseslərin izlənməsi qeyri – şəffafdır. Düşünürəm ki, ilk növbədə AZAL – ın məhsul aldığı təşkilatlara baxmaq lazımdır. Bilmək lazımdır ki, həmin təşkilatlar nə qədər şaxələndirilibdir və burda rəqabət necədir? Məlumdur ki, AZAL baha qiymətlərlə xidmət göstərsə də yenə də zərərlə işləyir. Bu o deməkdir ki, onun böyük xərcləri var. Və mütləq bu xərclərin siyahısına baxılmalıdır. Yenə təkrar edirəm ki, söhbət təkcə AZAL –ın Naxçıvan istiqamətində uçuş biletlərinin baha olmasından getmir. Ümumiyyətlə bu qurum yenidən qurulmalıdır. Son nəticədə də xəzinəsinin optimallaşdırılması çox vacibdir. Fikrimcə ölkəmizdə bəzi Aeroportlar AZAL – ın tabeliyindən çıxarılmalıdır. Bundan başqa qeyd edim ki, AZAL –ın aldığı məhsullar spesfikdir. Buna görə də bununla bağlı xarici təhcizatçı şirkətlərlə işləmək olar. Yəni ölkəmizə bu sahədə xarici investorlar gəlməlidir. Rəqabət mühiti olmalıdır. Əks halda bu sahədə qiymətlər həmişə baha olacaqdır. Nəzərə alsaq ki, AZAL –ın xərcləri çox böyük olduğu üçün o da qiymətləri hər zaman artırmağa məcbur qalacaqdır. İkinci rəqabət qurumlarının da ölkəmizə gəlməsində maneələr var. Onlardan başlıcası Azərbaycandakı aeroport xidmətlərinin baha olmasıdır. Mənim məlumatıma görə AZAL, uzun illərdir ki, eyni və bir neçə şirkətlə işləyir. Bu da heç normal deyil. Lakin o dövlət qurumu olduğu üçün bu seçimlə reallaşmalıdır. Bəzən AZAL tenderlərdə elə şərtlər irəli sürür ki, bu tamam absurdur. Yaxşı bir hal odur ki, ölkəmizdə son illər Satınalmalar və antiinhisar sahəsində müsbətə doğru irəliləyişlər var. Ümumiyyətlə söhbət yalnız bir şəxsdən – Cahangir Əsgərovdan getmir. Söhbət AZAL –ın idarə olunmasından gedir ki, bu da tamamilə kökündən həll olunmalı məsələdir. AZAL tam müasir və yeni tələblər üzərində yenidən qurulmaldır. Çünki region ölkələri içərisində biz uğurlu təcrübələrə şahidik. Misal üçün Gürcüstan və Türkiyə təcrübəsi var. Bunlar göstərir ki, bu sahədə müsbət nəticələr əldə etmək mümkündür.

Konkret olaraq Naxçıvan istiqamətində uçuş biletlərinin qiymətinin qaldırılması AZAL – la bağlı çox kiçik bir detaldır. Əsas məsələ AZAL –ın tamam yenilənməsidir. Əks halda ölkəmizin turizminə böyük zərbə davam edəcəkdir. ”

Mövzu ətrafında daha bir iqtisadçı ekspert Eyyub Kərimli isə Adalet.az saytına belə bir açıqlama verdi: “ Sözsüz ki, hər bir xidmət sahəsi rentabelli işlədiyi kimi AZAL da rentabelli işləmək istəyir. Lakin AZAL –ın Naxçıvana olan uçuş biletlərinin qiymətindəki artım bir sosial məsələdir. 44 günlük Vətən müharibəsi bitsə də hələ də Naxçıvanın blokada vəziyyəti davam edir. Yəni Naxçıvan əhalisinin Bakıya gəlməsi üçün hazırda yeganə yol təyyarə ilədir. Avtobus yolu ilə bağlı məlumdur ki, hələ də məhdudiyyətlər var. AZAL –ın bu qiymət artımı Naxçıvan əhalisinin xeyrinə olmayan bir addımdır. Çünki bu əlavə maddi çətinlik deməkdir. Naxçıvan əhalisinin içərisində müxtəlif təbəqələrin adamları olsa da bu hamı üçün yenə də bahadır. Çünki buradan xeyli sayda tələbələr və xidməti işləri ilə bağlı istifadə edənlər də var. Təbii ki, bu maddi olaraq çətinliyə səbəb olur. AZAL ölkəmizdə monopolist şirkətlərdən biridir. Hesab edirəm ki,bu formada bilet qiymətlərinin artırılması doğru deyildir. Bilirik ki, AZAL illərdir ki. zərərlə işlədiyini deyir. Amma onun bu şəkildə hansı gəlirlər əldə etməsi çox müəmmalıdır. AZAL bu qiymət artımı ilə nə əldə edəcək ki? Çünki o bu yolla əhəmiyyətli gəlir əldə edə bilməyəcəkdir. Deyək ki, gün ərzində Naxçıvandan maksimum 1500 nəfər sərnişin gələ bilər. 10 manat baha olması AZAL üçün heç bir fayda ola bilməz. Belə çıxır ki, AZAL nə hökumətə və nə də dövlətə heç bir hesabat vermədən istədiyi kimi addım atır. Bu isə düzgün yanaşma deyil. ”

 

Hazırladı : BÜNYAMİN BÜNYADZADƏ