adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HAQQ-ƏDALƏT GEC DƏ OLSA ÖZ YERiNi TAPIR

OQTAY SALAMOV
25361 | 2009-01-31 05:08
Mərhum Xalq Artistimiz Yusif Vəliyev: Hər dəfə Tariyeli görəndə sanki cavanlaşıram, yenidən aktyor peşəsini seçmək istəyirəm. O, sözün həqiqi mənasında klassiklərin ənənəsini uğurla davam etdirir.
   
   
   
   Xalq Artisti Zəroş Həmzəyeva: Tariyelin Naxçıvana gəlişi bir canlanmaya səbəb oldu. O, az bir zamanda tamaşaçıların qəlbində özünə yer tutmağı bacardı. Tariyel bizim teatrda bir neçə rol oynadı. Çox gözəl oynadı. Naxçıvanlılar ona "bizim Tariyel" deyirlər.
   
   
   
   Nodar Şaşıqoğlu (Mixaylo rolunun ifaçısı): Tariyel Qasımov həyatda necə var, səhnədə, ekranda da eləcə görünür. Aktyor oynadığı rolun xarakterinə uyğun mütləq qiyafəsini, xarakterini dəyişməlidir. Amma çox vaxt səsləndirmədiyi fikri baxışlarıyla, imkanlarıyla tamaşaçılara çatdırmağı bacarmalıdır. Bu müsbət cəhət Tariyel Qasımovun ifalarında aşkar görünür.
   
   
   
   Xalq şairi Zəlimxan Yaqub:
   
   - Mənim hörmətli dostum, qardaşım, sevimli sənətkarımız Tariyel Qasımov haqqında söz demək mənim üçün çox xoşdur, çox şərəfdir. Ona görə ki, Tariyeldə böyük ürək var, güclü məntiq var, coşğunluq var, özünə sığmamazlıq var.
   
   Tariyel sənətkar kimi güclüdür, gözəl xarakterlər ustasıdır. Bununla belə, onun kino ilə bağlı yaradıcılığı haqqında kinoşünaslar, sənətşünaslar daha çox danışa bilər. Amma mən bir ziyalı kimi onun insani tərəflərini qabartmaq istəyirəm. Tariyel Allah adamıdır, hal əhlidir, səmimidir, xəlqidir, millidir. İnsanı baxışdan duyandır. Dostu, tanışı, meydanı genişdir. Yəni özünü dartsın, rəsmiyyət göstərsin, fəxri adları var, nəyi var, bunlar öz yerində. Amma heç vaxt hiss elətdirməz ki, o, filan sənətkardır, filan obrazları yaradıb. Onda böyük bir həyat eşqi var. Bu da onu həmişə cavan saxlayır. Mən arzu eləyərdim ki, mənim gözəl sənətkar dostum, aktyor qardaşım bundan sonra da gözəl obrazlar yaratsın.
   
   
   
   Akademik Teymur Bünyadov:
   
   - Azərbaycanın qərb qapısı sayılan Qazax mahalı dünya şöhrətli şairlər, yazıçılar və əvəzsiz qəhrəmanlar yurdudur. Lakin bu torpaqdan, bu bölgədən aktyorlar demək olar ki, yox dərəcəsindədir və yaxud barmaqla saymaq olar. Onların önündə gedən, təkcə mahala deyil, Azərbaycan xalqına şöhrət gətirən sənətkarlardan biri bizim xalq artisti Tariyel Qasımovdur. Onun yaradıcılığında əsas yeri həm kino sənəti tutur, həm də dram - Fərman Kərimzadənin "Axırıncı aşırım"ında epizodik rolda oynaması nə qədər baxımlı, nə qədər gözəgəlimlidir.
   
   
   
   Yazıçı, millət vəkili Aqil Abbas:
   
   - Tariyel Qasımov həm kinoda, həm teatrda öz sözünü demiş sənətkardır. Həm Azərbaycan məkanında, həm də keçmiş ittifaq məkanında. Tariyel müəllim bir çox yerlərdə fəaliyyət göstərib, teatr yaradıb. Məsələn, Dağıstandakı Azərbaycan Dövlət Teatrı Tariyel müəllimin adı ilə bağlıdır. Özbəklərin neçə filmlərində baş rollarda oynayıb. Yəni Azərbaycan məkanından çıxan sənətkarlardan biri, bəlkə də birincisi Tariyel müəllimdir.
   
   Tariyel Qasımov çox ciddi rollar oynadığı üçün onu kinodan, teatrdan tanıyan adamlar elə bilir ki, o, çox qaraqabaq, gülməyən bir adamdır. Amma Tariyel müəllim çox sadədir. Çox gözəl bir dostdur. Bizim Tariyel Qasımovla yaradıcılıq haqqında, teatr və kino barədə çox söhbətlərimiz olub.
   
   Bütün yaradıcılıq adamlarında bir sirr var. Rəssam görürsən şeir yazır, ya şair rəssamlıq edir. Böyük bir yazıçı fotoqraflıq edir, yəni xobbiləri olur. Amma bu, xobbilikdən çıxıb onun yaradıcılığına çevrilir. Bu mənada Tariyel müəllimin yaxşı şer yaradıcılığı da var.
   
   
   
   Hərdən öz-özümə xəyala dalıb
   
   Düşünüb deyirəm, çox qəribədir
   
   Ömrün yetmiş ili arxada qalıb
   
   İnsanlar səksəndə görən neynəyir?!
   
   Tariyel Qasımovun bir şerindən
   
   
   
   Əhatəli arayış
   
   
   
   Adı: Tariyel
   
   Soyadı: Qasımov
   
   Atasının adı: İsgəndər
   
   Doğum tarixi: 4 fevral 1939-cu il
   
   Doğulduğu yer: Qazax rayonu, Köçəsgər kəndi
   
   Milliyyəti: azərbaycanlı
   
   Təhsili: Ali
   
   Ailə vəziyyəti: evli
   
   İctimai vəziyyəti: qulluqçu.
   
   Təltifləri: Azərbaycan Respublikasının Əməkdar Artisti və Xalq Artisti.
   
   Azərbaycan prezidentinin fərdi təqaüdçüsü
   
   Qabaqcıl Maarif Xadimi
   
   Dörd kitab müəllifidir
   
   Tamaşaçıların qəlbində özünə yer tutub.
   
   Sənətə vurğunluğu Oleq Strijenovun baş rolu oynadığı "Ovod" filmində Artur roluna aşiqliyi ilə başlayıb. Sonra oxuduğu kənd məktəbində dram dərnəyi yaradıb və Səməd Vurğunun "Vaqif" pyesini tamaşaya qoymaqla "rejissor və aktyor" sənətinin yolçuluğuna çıxıb. Özü də tamaşada baş rolu yox, Təlxəyi oynayıb. Məktəbi bitirəndən sonra atası İsgəndər kişinin istəyi ilə mühəndis olmalı idi. Amma kişinin "tanıdığı" adam həmin vaxt şəhərdə olmur. İncəsənət İnstitutuna isə sənəd qəbulu qurtarmışdı. Sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verir və qəbul olunur. Yeri gəlməsə də deyək ki, indi müxtəlif titulları olan və Bədən Tərbiyəsi Akademiyasının rektoru olan Ağacan Abiyevlə tələbə yoldaşı olurlar. Tələbə ola-ola o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə gedir və o dövrün bir çox aktyorları kimi, Lütfi Məmmədbəyovun həvəskarı olur. İdman institutunda üç il oxuyandan sonra sənət istəyi üstün gəlib və institutu buraxaraq sənədlərini Teatr İnstitutuna verib, aktyor sənəti fakültəsinə daxil olur. Atasının onu artist görmək istəməməsi və buna görə də küsülülüyü, pul göndərməməsini ötürərək onu deyək ki, institutu bitirəndən sonra təyinatını Milli Akademik Teatra verirlər. Qeyd edək ki, bu da heç təsadüfi deyildi. Hələ institutun 3-cü kursunda oxuyanda Akademik Teatrın baş rejissoru Tofiq Kazımov Tariyelin tələbə Ramiz Əliyevin dövlət imtahanı üçün hazırladığı "Romeo vaə Cülyetta" tamaşasında oynadığı Romeo rolunu çox bəyənir və elə həmin ildən onu teatra işə götürür. Amma Tariyel Qasımovun böyük sənətə yolu Gənc Tamaşaçılar Teatrından başlayır: "1964-cü ildə institutu bitirəndə Tofiq müəllimin istəyi ilə təyinatımı Dram Teatrına verdilər. Amma həmin vaxt Gənc Tamaşaçılar Teatrının aktyoru Firdovsi Naibov Moskvaya rejissorluq kursuna getdi və məni onun oynadığı rolları ifa etmək üçün həmin teatra dəvət etdilər. O vaxtdan bu günə qədər, 45 ildi Gənc Tamaşaçılar Teatrında çalışıram"...
   
   Xalq Artisti Tariyel Qasımov teatrda 150-dən çox obraz yaradıb. Kino fəaliyyətinə isə "Liftçi qız" filmində Nəriman obrazı ilə başlayıb. Sonralar "Türkmənfilm", Tacikfilm", "Özbəkfilm" studiyalarında çəkilən filmlərdə rollar alıb, müxtəlif xarakterli obrazlar yaradıb. 1981-1983-cü illərdə "Mosfilm"in çəkdiyi "Çili üzərində gecə" və Almaniyanın "DEFA" kinostudiyasının çəkdikləri filmlərdə müxtəlif hərbçi obrazlarını yaradıb. 1979-cu ildə "Qabaqcıl Maarif Xadimi" və "Respublikanın Əməkdar Artisti" fəxri adlarını alır. 1991-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülür. Qazax Dövlət Teatrının bərpa olunmasında, Dərbənddə Azərbaycan Teatrının yenidən fəaliyyətə başlamasında birbaşa və müstəsna xidmətləri var. Bir müddət İrəvan, Naxçıvan, Ağdam Dövlət Teatrlarında rejissor və aktyor kimi fəaliyyət göstərib.
   
   Tariyel Qasımovla şəxsi tanışlığım İrəvan Teatrında işlədiyim vaxt oldu. Onda Hidayətin "Məhəbbət yaşayır hələ" tamaşası hazırlanırdı. Tariyel müəllim baş rolu - Əliş Əlişov rolunu oynamaq üçün teatra dəvət olunmuşdu. Mən onun dublyoru oldum. Elə o vaxtdan da adətən haqqında qaraqabaq, yovuşmaz adam kimi eşitdiyim Tariyel Qasımovu tamam başqa cür adam kimi, olduğu kimi tanıdım. Bu günlər redaksiyaya gəlmişdi. İnanmasam da bilirdim ki, fevral ayında 70 yaşı tamam olacaq. Görüşdük, danışdıq, suallarımı yazıb verdim, bir müddət sonra yazılı cavablarını və özü haqda daha bir neçə materialları gətirdi. Təxminən belə bir yazı alındı:
   
   
   
   - Tariyel müəllim, 70 ilin kürəyini yerə vurdunuz. Necə keçdi ömrün bu hissəsi?
   
   - Mən təkcə öz ömrümü yaşamamışam ki. 200-ə qədər teatr və kino obrazının da həyatı bura daxildir. Şəxsən Tariyel ömrünə gəldikdə isə mənim sənət yolum nə hamar, nə də asan olmayıb. Bu yolda kövrək sevinc də dadmışam, sarsıdıcı kədər də. Qismətimə yuxusuz gecələr də düşüb, gözəl günlər də. Lakin heç bir çətinliyə baxmadan öz məqsədimə çatmağa, sənətə qovuşmağa can atmışam.
   
   Mən aktyoram, ömrüm boyu bağlandığım sənətin peşmançılığını da çəkmişəm. Hər cəfanın bir səfası var. Bu, həyatdır. Onun enişinə də, yoxuşuna da alışmaq lazımdır. Hər çətinliyə görə sənəti - fərq etməz hansı peşə olursa-olsun - qınağa çəkməzlər.
   
   - Sizə olan diqqətdən razılığınız çoxdur, yoxsa narazılığınız?
   
   - Mənə haqsızlıq çox olub. Keçmiş müdiriyyət tərəfindən də, keçmiş nazirlik tərəfindən də. Teatrda baş rolları ifa etmişəm, yanımda ikinci dərəcəli rol oynayanlar məndən də qabaq ad alıblar, məndən də qabaq mükafatlar, təqaüdlər alıblar. Şükürlər olsun ki, haqq-ədalət öz yerini gec də olsa tapır. Təəccüblüsü o idi ki, hətta sənət "dostlarım" da mənə paxıllıq edirdilər. Mən isə təsəllimi yazdığım şeirlərdə tapırdım. "Sənət dostlarım"a belə bir şeir həsr etmişdim.
   
   
   
   Ucaldığım sənətimdə, min əzablar görmüşəm.
   
   Sevilmişəm, sevmişəm, iztirablar görmüşəm.
   
   
   
   Bu yolda enişləri, yoxuşları keçmişəm.
   
   Saysız "dostlar" qazanmışam, insanları seçmişəm.
   
   Gəzmişəm şəhər-şəhər, axtarmışam yerimi.
   
   Arzuma çatmaq üçün dəyişmişəm yurdumu.
   
   Ucalmışam, qalxmışam.
   
   Bu şanı, bu şöhrəti zəhmətlə qazanmışam.
   
   Üzdə bir, arxada bir çox sözlər eşitmişəm
   
   Sevdiyim sənət üçün, güzəştlərə getmişəm.
   
   Bəllidir ki, hər kəsin içində iblis yatır,
   
   İnsanları çaşdırır, araya nifaq qatır.
   
   Ancaq əfsus, çox əfsus, mən nə deyim onlara
   
   Pislərə meydan verib, yaxşını dananlarag
   
   g Bircə onu bilsinlər ki, paxıllığın sonu olmaz
   
   Kimə qismət nə verilib, ondan geri heç alınmaz
   
   Bu istedad mənimkidir, onu sənə verəmməzlər
   
   Sən nə qədər məni dansan, inananlar olmayacaq
   
   Yaşadığım saysız rollar, bil ki, gizli qalmayacaq.
   
   Məsləhətim budur yalnız, halallıqla məşğul ol sən.
   
   Çalış yaxşı sənətkar ol, fəxr edərək sevinim mən
   
   Kitablarda yazılmışam, məqalələr çap olunub
   
   Oynadığım qəhrəmanlar, ürəklərə həkk olunub
   
   Demək bunlar bir tarixdir, onu heç kəs poza bilməz
   
   Xəbislərin niyyətisə, ayaq tutar yeriyəmməz!
   
   Və burada başqa bir mənbəyə verdiyi müsahibədən sitat: "Sənət yolum nə hamar, nə də asan olmayıb... Mənə paxıllıq edən, badalaq vuran istedadsızların ucbatından infarkt da keçirmişəm, ömrümü qısaltmışam... Acı və uğursuz günləri, mənə qarşı olan haqsızlıqları unutmuşam. Bu gün Xalq Artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm, tamaşaçıların məhəbbətini qazanmışam. Möhtərəm prezidentimizin mənim əməyimə hədiyyə olaraq verdiyi mənzildə 70 illiyimi qeyd edirəm.
   
   - Cəbbəxananızda barıt tükənməyib?
   
   - Yaradıcı insanların cəbbəxanasında barıt tükənərsə, deməli, o insan həyatda fəaliyyətini dayandırıb. Mənim cəbbəxanamda isə nəinki barıt azalıb, əksinə, çoxalıb. Möhtərəm prezidentimizin biz sənət adamlarına göstərdiyi diqqət və qayğısına görə yaşayıb, yaratmaq ehtiyacım daha da artıb. Tamaşaçılar məndən yeni-yeni obrazlar yaratmağımı xahiş edirlər. Söz verirəm ki, hələ yeni-yeni gözəl rollarımla onları sevindirəcəyəm.
   
   - Pedaqoji fəaliyyətlə niyə məşğul olmursunuz?
   
   - Mən çox dahi sənətkarlardan dərs almışam. Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov, Mehdi Məmmədov kimi dahilərdən öyrənmişəm. 65 yaşım olanda mən də sənətdə qazandığım təcrübəmdən gələcəkdə aktyor olmaq arzusunda olanlara öyrətmək istədim. Dahi müəllimlərimizi biz andığımız kimi, onlar da bizi xatırlasınlar. Mən aktyor kimi bəlkə də öz sözümü demişəm. Aktyorun, xüsusilə də teatr aktyorunun kədəri ondadır ki, onun işi qısa zaman məsafəsi ilə bağlıdır. O, tamaşaçıları bu gün düşündürür, sabah narahat edir. İllər keçir, o bir xatirəyə çevrilir, ancaq fotoşəkillər qalır. Tələbələr isə özləri sənətkar olanda nəsildən nəslə danışır, müəllimlərini böyük minnətdarlıqla yad edirlər. Bu mənada Mədəniyyət və İncəsənət Universitetinə bir neçə dəfə müraciət etmək istəmişəm. Rektorun qəbuluna düşmək istəmişəmg
   
   -Bəzən deyirlər ki, mədəniyyət "mədə niyyəti"nə çevrilməkdədir, necə baxırsınız?
   
   - Mən onu deyə bilmərəm. Yaxşı olardı ki, həm onu deyənlərdən soruşasınız, həm də mədəniyyəti mədə niyyətinə çevirənlərdən soruşasınız. Mən isə həmişə çalışmışam ki, mədəniyyətimiz, incəsənətimiz yüksəlsin. Mən Azərbaycandan xaricdə ilk dəfə çəkilən aktyor olmuşam. Çalışmışam ki, mədəniyyətimlə, sənətkarlığımla dövlətimizi, xalqımızı yüksək səviyyədə təmsil edim və buna nail olmuşam.
   
   - Tariyel Qasımovdan yeni nə görəcəyik?
   
   - Aktyor kimi yeni-yeni parlaq obrazlar, rejissor kimi yeni quruluşlar, rektorun qəbuluna buraxsalar, gələcəkdə gözəl sənətkarlar yetişdirəcəyimə əminəm!
   
   Sonda yenidən qayıdıram Tariyel müəllimin başda epiqraf kimi yazdığım şerinə. Tariyel müəllim, 70-i başa vurdunuz. Halalınızdı. İnşallah, 80-i də, 90-ı da görəsiniz. Onda biləcəksiniz ki, bu yaşlarda nə yaşanır. Sonra da 100-ün marağı olacaq... Özümüzə də Sizin bu günlərinizi görmək arzusu ilə!..
   
   
   
   "Hörmətli Tariyel müəllim!
   
   Azərbaycan teatrının inkişafındakı fəaliyyətinizi qiymətləndirərək bu xoş anlarda, 70 illik yubileyinizi qeyd etdiyiniz gündə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində, kino və televiziyada yaratdığınız obrazlar sənətsevərlər və teatr ictimaiyyəti tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Sizin yaradıcılıq fəaliyyətiniz sənətkar xoşbəxtliyinin bariz nümunəsidir. Teatr səhnəsində canlandırdığınız obrazlar əsl sənət nümunəsi kimi yaddaşlarda həmişəlik yaşayacaqdır. Bu fərəhli gündə Sizə can sağlığı diləyirəm.
   
   Ən xoş arzularla: Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev".
   
   
   
   Bir də təbrik edirik, Tariyel müəllim!

TƏQVİM / ARXİV