adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Iyun 2023 18:18
954
MƏDƏNİYYƏT

Hacı İsmayılov hara, kino hara?

Çayxanadan mükafata…

O, ömrünü teatra bağlayıb. Sanki teatrla nəfəs alır… Sənətkar ömrü, sənət ömrü deyəndə yada düşən şəxsiyyətlərdən biri də indiyədək yüzlərlə tamaşalarda rol alan, rolu ilə yadda qalan Hacı İsmayılovdur.Elə yeri gəlmişkən, filmlərində "Mustafa müəllim" obrazı ilə kiçikdən böyüyə hər kəsin sevimlisinə çevirilmişdi. Tamaşaçıların bəzən kədərlənməsinə, bəzən də sevinməsinə səbəb olan Hacı İsmayılov klassik Azərbaycan filmlərinin son qalan ulduzlarındandır…


Hərkəs onu teatrdan tanıyardı… Rolları ilə yaddaşlarda dərin iz buraxan Hacı İsmayılov bütün obrazlarında sadəlöv, fağır, mağmındır. Lakin bu təkrarçılıq deyil.

“Başqa adam” adlandırdığı rejissor Rasim Ocaqov onu ilk dəfə kinoya gətirən olub. Müsahibələrini birində demişdi: “Dublyaja getmişdik. Kinostudiyanın çayxanasında çay içəndə Rasim Ocaqov mənə yaxınlaşdı, dedi, gəl “Ad günü” filminə çəkim səni. Fikirləşdim ki, mən hara, kino hara? Amma bu dəvətlə də kinoya gəldim. 1977-ci ilin yanvar ayında o filmi göstərdilər. 1980-ci ildə isə Dövlət Mükafatı aldı. Rasim Ocaqov məni məndən yaxşı tanıyırdı, məəttəl qalırdım. Onun filmlərinə çəkildiyim şövqü, ləzzəti, yüksəkliyi digər filmlərdə hiss etməmişəm. O, öləndən sonra kinoda yetim qaldım elə bil...”

Məndə çatışmayan nədir?

Tənhalıqdan qaçan Hacı İsmayılov alın yazısına inandığını deyir. Bu yaşına qədər sənət dava-şavasından, dedi-qodusundan qaçmağı bacaran sənətçi səbri ilə seçilir. “Mənə rol verilməyibsə, deməli, məndə nəsə çatışmır. Başqaları bunu bunu ədavət kimi qiymətləndirsə də, mən sakitcə çatışmazlığımı, nöqsanlarımı aradan qaldırmaq üçün özümlə məşğul olmuşam. Papağını qabağıma qoyub fikirləşmişəm ki, məndə çatışmayan nədir? Heç vaxt bacardığımdan yuxarı atlanmamışam. Amma öz mövqeyimi başqasına verən deyiləm. Mənim məqsədim öz işimlə məşğul olmaqdır. Küsməklə, qan-qaraçılıqla nəyə nail olacağam ki? Teatr ailədir, evdir, Onun mətbəxi də var, yataq otağı da. Hər şeyi açıb ortalığa qoymaq olmaz. “Pis adam”, “yaxşı adam” deyib insanları kateqoriyaya bölüb xırda hisslərlə yaşamaq olmaz. Bir az böyük olmaq lazımdır”– fikrini hər yerdə səsləndirən Hacı müəllim özünəməxsus düşüncələri ilə daim seçilir.

İnsan taleyi çox qəribədir. Hansısa məqamda dəyəri yüksək bilinir, an gəlir dəyərindən çox ucuz tutulur. Əsas odur ki, özündən sonra xəyallarda,düşüncələrdə qalmağı bacarsın. Elə sözügedən sənətkarın da dediyi kimi, “O vaxtlar özümüzü oda-közə vurub ailəmizi dolandırırdıq. Dublyaja gedib 5-10 manat alırdıq. “Azdrama”ya gələndə məni “şumavik” götürmüşdülər. 40 manat maaş alırdım, sonra 85 manat oldu. Sadəcə, bir az səbr lazımdır”. İndi isə Hacı İsmayılov sənətdə sözünü lazimi qədər demiş, həmçinin səhnəmizin qüdrətli sənətkarları sırasında adı çəkilir.

2014-cü ildənbəriAzərbaycan Teatr Xadimləri İttifaqınınyaradıcılıq üzrə sədr müavinidir. Yaratdığı obrazların hər birinin arxasında Hacı İsmayılov ürəyi dayanır ki, bu da hər bir tamaşaçının qəlbin asanlıla yol tapmağı bacarıb. Tarixin silinməyən adları içində Hacı İsmayılov yaşayır və bundan sonra da əbədi yaşayacaq. Aktyora sənət həyatında uğurlar arzulayırıq.

Şəlalə Camal