adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
04 Iyul 2022 08:54
286
SİYASƏT

Günümüzün əsas çağırışları 

“Azərbaycan növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Belə ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı  keçirildi. Dövlət başçısı İlham Əliyev konfransdakı nitqində Azərbaycanın qurumun inkişafına, üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərindən bəhs edərək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasını da bu təşəbbüslərin tərkib hissəsi kimi qeyd etdi. Təşəbbüslərin dəstəklənməsinə görə  Qoşulmama Hərəkatının üzv  dövlətlərinə minnətdarlığını bildirən cənab İlham Əliyev belə bir  əminliyi də ifadə etdi ki, parlament şəbəkəsi  təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Azərbaycan daim əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlament səviyyəsində qurulmasına xüsusi önəm verir. Tarixi Zəfərimizdən, Azərbaycanla Türkiyə arasında Müttəfiqlik sənədinin imzalanmasından sonra Azərbaycan, Türkiyə və Pakistan  parlamentləri sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi də deyilənlərin təsdiqidir. Beynəlxalq mübahisələrin həllində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolunu artırmaq, konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu platforma yaratmaq günümüzün əsas çağırışları sırasındadır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır: “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması  Azərbaycanın ilk təşəbbüsü deyil. Digər mühüm təşəbbüs Gənclər Şəbəkəsinin yaradılmasıdır ki, gələn ay qurumun Gənclər Sammiti keçiriləcək. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.”

Millət vəkili onu da əlavə edib ki,  ölkəmizin quruma üzv dövlətlərin yekdil qərarı nəticəsində sədrlik müddətinin 2023-ci ilin sonunadək  uzadılması Azərbaycanın beynəlxalq mövqeyinə dəstəyin, artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir: “Ölkəmizin quruma sədrliyi dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamana təsadüf etdi. Hər bir qlobal problemin həllinə öz yanaşmasını ortaya qoyan Azərbaycan ilk gündən dünyaya bu çağırışı etdi ki, qlobal problemə qarşı səylərimizi birləşdirməliyik. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşünün  mövzusu da məhz “COVİD-19-a qarşı birlikdəyik” idi. O da məlumdur ki, Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən dəstəklənərək reallığa çevrildi.”

“Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsinə  dəstəklərini də ifadə etdilər. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə qurumda təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar” söyləyən Malik Həsənov diqqəti dövlət başçısının  nitqində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı yer alan məqamlara yönəldib: “ATƏT-in Minsk qrupu neytral mövqe nümayş etdirmək əvəzinə Ermənistana dəstək mssiyasını həyata keçirdi. Azərbaycan ən yüksək tribunalardan Ermənistana sanksiyaların tətbiq edilməsinin vacibliyini bəyan etdi. Əlbəttə, zamanında bu sanksiyalar tətbiq edilsəydi Vətən müharibəsi yaşanmazdı. Dövlət başçısının beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi bəyanatlar sırasında bu reallıq da xüsusi yer alırdı ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır?  Əgər rəşadətli Azərbaycan ordusu  torpaqlarımızı azad etməsəydi, həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.”

Millət vəkili Minsk qrupunun fəaliyyətsizliyindən, missiyasının nədən ibarət olduğunu dərk etməməsindən danışaraq onu da əlavə edib ki, Qarabağ münaqişəsinin tarixə qovuşmasından,  yeni səhifənin açılmasından, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması üçün addımların atılmasından sonra Minsk qrupuna ehtiyac yoxdur. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Minsk qrupuna artıq əlvida demişik. Ermənistan onu həyata qaytarmağa çalışsa da  bu, mümkünsüzdür.

Malik Həsənov işğal və postmünaqişə dövrünün reallıqları fonunda bu əmnliyi xüsusi qeyd edib ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər: “Azərbaycanın hər bir təşəbbüsü əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu baxımdan ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin müzakirə üçün seçdiyi mövzu da bu kimi məqamlara  aydınlıq gətirir.  Bakı konfransında  Qoşulmama Hərəkatının üzv dövlətlərinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nə öz töhfələrini verəcəklərinə əminlik ifadə edildi.”Günümüzün əsas çağırışları