adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 10:23
71
SİYASƏT
A- A+

Günay Əfəndiyeva: "İşbirliyimizi daha da gücləndirməliyik"

“Müasir dünyada informasiya ictimai inkişafın, beynəlxalq əməkdaşlığın və milli təhlükəsizliyin əsas amillərindən birinə çevrilib. Rəqəmsal texnologiyalar coğrafi məsafələri aradan qaldırsa da, eyni zamanda yeni çağırışlar yaradır. Yanlış məlumatların sürətlə yayılması, informasiya manipulyasiyaları və rəqəmsal təhlükəsizliyə təhdidlər bu sahədə birgə fəaliyyətin əhəmiyyətini daha da artırır.

Vahid informasiya məkanının formalaşdırılması Türk Dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Bizi ortaq çoxəsrlik tariximiz, dilimiz, zəngin mədəni irsimiz, mənəvi dəyərlərimiz birləşdirir. Əsas məqsədimiz həmintarixi bağlarıngündəlik informasiya mübadiləsində də öz əksini tapmasını, xalqlarımızın bir-birinin həyatından, əldə etdiyi nailiyyətlərdən, həyata keçirdiyi təşəbbüslərdən daha yaxından xəbərdar olmasını təmin etməkdir”.

Bu sözləri Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XV Plenar iclasındakı çıxışı zamanı Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müaviniGünay Əfəndiyeva deyib.

Millət vəkili müasir dövrdə türk xalqlarının bütün sahələrdə inteqrasiyasının vacibliyini vurğulayaraq, bildirib: “Unutmamalıyıq ki, bir-birimizi nə qədər çox tanıyacaq, biləcək, öyrənəcəyiksə, o qədərbir-birimizə yaxın və bugünkü dünya reallıqlarında o qədər güclü olacağıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, “Türk dünyası bizim ailəmizdir”. Bugünkü həssas beynəlxalq mühitdə bir ailəyə sahib olmaq, bir-birimizin dəstəyini hiss etmək ortaq gələcəyimizə əmin şəkildə irəliləmək imkanı verir. Ona görə bizim həmrəylik ruhumuz hər gün qurduğumuz əlaqələrdə, atdığımız addımlarda və bölüşdüyümüz məsuliyyətdə özünü göstərməlidir”.

Günay Əfəndiyeva bildirib ki, iclasda təqdim olunan məruzədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyənin bu sahədəki qanunvericilik və institusional yanaşmaları, eləcə də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq çərçivəsində toplanmış təcrübə ümumiləşdirilib.

Deputat Türk Xəbər Agentlikləri Alyansının yaradılması, müvafiq sahəyə məsul nazirlərin və qurum rəhbərlərinin görüşlərinin keçirilməsi, birgə media forumların təşkili və peşəkar kadrların hazırlanmasına yönəlmiş proqramların həyata keçirilməsini mühüm praktiki addımlar kimi qiymətləndirib.

Günay Əfəndiyevaəməkdaşlığın daha artıqinkişafı üçün möhkəm təməlin olduğuna diqqəti çəkərək,mövcud potensialdan daha geniş istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

“Şübhəsiz, bu sahəyə yönəlik işbirliyimizi daha da gücləndirməliyik. İnanıram ki, gələcəkdə daha sıx görüşərək, böyük aktivliklə yeni birgə layihələrdə iştirak edəcəyik”, - deyə, millət vəkili qeyd edib.