adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 08:20
65
SİYASƏT
A- A+

“Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir”

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etməklə Vətən müharibəsinin gedişində mühüm strateji üstünlük qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Bu,  bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı”.

1993-cü il avqustun 31-də işğal edilmiş Qubadlı 27 ildən artıq müddətdə düşmən tapdağında qaldı. Rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı, minlərlə sakin doğma yurdlarından didərgin düşdü. Lakin xalqımız Qubadlıya qayıdacağına inamını heç vaxt itirmədi.

2020-ci ilin oktyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi Qubadlı əməliyyatı hərb tariximizin ən mühüm səhifələrindən birinə çevrildi. Mürəkkəb relyef şəraitində strateji yüksəkliklərin ələ keçirilməsi, düşmənin müdafiə mövqelərinin yarılması və şəhərin azad olunması Azərbaycan hərbçilərinin yüksək peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirdi. Qubadlı zəfəri Şuşaya aparan yolu daha da yaxınlaşdırdı və müharibənin taleyində mühüm rol oynadı.

Cənab Prezident də bəyan etmişdir ki, Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində isə düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. 

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı nümayiş etdirərək ilk növbədə şəhərə hakim olan strateji yüksəklikləri ələ keçirdi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girərək, Qubadlını tam azad etdi.

Qubadlı artıq 6 ildir ki, azaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində rayonda müasir yaşayış məhəllələri salınır, kəndlər yenidən qurulur, yollar, enerji və sosial infrastruktur yaradılır.

Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təsdiqlənməsi rayonun gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Yeni yaşayış kompleksləri, Mahruzlu və Zilanlı kəndlərinin bərpası, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları, müasir enerji infrastrukturu bölgənin iqtisadi və sosial dirçəlişinə xidmət edir.

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafı,  tarixi məskunlaşmanın bərpası və regionun Azərbaycanın ümumi  sisteminə inteqrasiyası deməkdir. Zəngin təbii sərvətləri, münbit torpaqları və əlverişli coğrafi mövqeyi Qubadlının gələcəkdə mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
25 Oktyabr – Qubadlı Şəhəri Günü həm Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramın, həm də azad torpaqlarımızda qurulan yeni həyatın təntənəsidir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı