adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 12:24
58
ƏDƏBİYYAT
A- A+

“Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır”

“Alim və fəlsəfə doktorlarımız dil açdıqca, cahillərimizə şükür etməyə başlamışam. Səbəbini izah etməyə çalışacağam. Dadıma çatan söz və fikir azadlığı aydınlanma çağının insana tanıdığı haqqdır. Aydınlanma kəlməsi bər-bəzəksiz halıyla iradə azadlığını ifadə edir. “Aydınlanma”, “azad iradə” dedikdə yada ilk kim düşür? Kant!”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, Kant özü aydınlanmış insanı bu cür xarakterizə edirdi: 

““Aydınlanma, insanın özü-özünü könüllü məhkum etdiyi ərgin, yetkin olmamaqdan qurtulmasıdır. Ərmiş olmamaq, başqasının iradəsi olmadan insanın öz ağlından istifadə etməməsidir. Ağlını az olduğu üçün deyil, başqalarının iradəsinin altında olmadığı üçün istifadə etmək cəsarəti göstərməyən insan özü-özünü ərgin, yetkin olmamağa məhkum edər. Sapere aude! Ağlını öz iradənlə istifadə etmək cəsarətini göstər! Budur aydınlanmanın şüarı”. 
Yazıçının sözlərinə görə, Hegelin öz fəlsəfəsini Kantın şöhrətinin kölgəsində yaratdığını elan etməsinə baxmayaraq, Robespyerin

Parisdəki özbaşınalıqları və evinə soxulan Napoleon əsgərləri onu məcbur etdi ki, özünün totalitarlığa meyilli fəlsəfəsiylə Kantın “azad iradəsini” bir az boğsun:

“Kant nədən insan iradəsinə bu qədər azadlıq tanıyırdı? Çünki yoxsul və dindar bir ailənin övladı olmuşdu. Mənəvi asılılığın daha çox maddi asılılıqdan törədiyini öz evində görmüşdü. Böyüdü Kant oldu və xalqına çıxış yolunu göstərdi: Azad iradə! İradəsi azad olmayan insan, cəmiyyət həmişə mənəvi əsarət altında yaşamağa, başqalarının iradəsindən asılı olmağa məhkumdur. Bütün sosial-ictimai eybəcərliklərin qaynağı da mənəvi asılılıqlardır. Kant hətta deyirdi ki, iradəsi azad olmayan insan əxlaqlı ola bilməz. İndi gələk bizə. Daha doğrusu, bizim alim və fəlsəfə doktorları ordusuna. Bizim “hegellər” instinktiv olaraq azad iradəni boğmağa çalışmır, azad olmaq istəyən iradəni boğmağa çalışır. Çünki biz azad iradənin nə və necə olduğunu yaxın iki əsrlik tarixi təcrübəmizdə yaşamamışıq. Bəs niyə azad olmaq istəyən iradəni boğmağa çalışırlar? Çünki özləri də azad iradə sahibi deyillər, olmayıblar.Bizdə nəsildən-nəsilə ötürülən ictimai-sosial miras budur: Biz azad iradə sahibi olmamışıq, siz də olmayın! Bitdi!”.
A.Yenisey bildirib ki, cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi isə məhz azad iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır:
“Biz əxlaqsızlıq deyən kimi cumuruq bir az açıq-saçıq geyinən və cəmiyyətin aşağı təbəqəsindən gələn qız-gəlinin üstünə. Bununla daha böyük əxlaqsızlıqların üstünü örtürük. Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!Sual yaranır? Əgər biz yenə iki əsrlik əsarət düşüncəsiylə (islama olan mənəvi asılılığımızı bu dəfə qoyuram bir qırağa) yaşayacaqdıqsa, nə üçün bu qədər qan töküb müstəqil dövlət qurduq? Əgər mənim düşüncəm yetmiş il əvvəlki azərbaycanlının düşüncəsindən fərqlənməyəcəkdisə, bu qədər qan nəyin uğrunda axıdıldı? Nə üçün mən öz cəmiyyətimi mənəvi əsarətdə saxlayan dəyərlər sisteminə hücum etməmiliyəm, hələ bir sığal da çəkməliyəm? Kantdan əskik oğlanam? Alim və fəlsəfə doktorlarımızdan ricam budur, mən və mənim kimi düşünənlərin müzakirəyə açdığı böyük mətləbləri “təkəbbür”, “özündən müştəbehlik”, “böyüyün üzünə ağ olmaq" kimi mental cəfəgiyyat dəstiylə səciyyələndirib cılızlaşdırmayın. Sizin işiniz bura qədər idi, bundan sonrasına qarışmayın. Həzrət Abbas haqqı, bizim sizin nə vəzifənizdə, nə titullarınızda, nə də çörəyinizdə gözümüz var”.

Vasif ƏLİHÜSEYN