FANİ OLMAYAN DÜNYANIN ELDAR BAXIŞI - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
205 | 2025-10-16 09:00

Çox eşitmişəm bu sözü. Yəqin siz də eşitmisiniz. Adətən bu sözü ölüm-itimlə bağlı deyirlər. Dostun, qohumun, simsar adamı Haqq dünyasına yola salanda işlədirlər...

Doğrusunu deyim ki, bu sözün işlədilməsi hərdən məni ağrıdır və incidir. Çünki bəzən razılaşmıram. Ona görə ki, gördüklərim, yaşadıqlarım və içimdə yaşatdıqlarım barışmır bu sözlə. Elə bu yazımın qəhrəmanı ilə bağlı düşüncələrə dalanda da təkrar xatırladım və barışmadım bu sözlə. Çox uzatmayacam. Sizin də, mənim də eşitdiyimiz söz, fikir belədir:

- Dünya fani dünyadır...
Böyük şairimiz Səməd Vurğun yazmışdı ki:

 

Biz gəldi-gedərik, sən yaşa dünya.

 

Böyük Məmməd Araz da yazdı ki:

 

Dünya mənim, dünya sənin, dünya heç kimin.

 

Böyük Bəxtiyar Vahabzadə də yazdı ki:

 

Min rəngi var, min donu var,

Neçə-neçə oyunu var,

Nə əvvəli, nə sonu var,

Yalan dünya, yalan dünya!

 

Bəli, üç nəhəng, əbədiyaşar şairimizin adını çəkdim, onlara istinad elədim. Və gəldiyim nəticə də bu oldu ki, biz gəlib-gedirik, bizim olmayan dünya öz yerində qalır. Deməli, qalan, yaşayan heç vaxt fani ola bilməz. Fani olmayan da özündə mütləq nəyisə, kimisə yaşadır, saxlayır. Bu, mənim qəti inancımdır. Və o inanca da söykənib indi təkrar oxuduğum, hər zaman da böyük sayqı ilə xatırladığım unudulmaz Eldar Baxışın özəl dünyasına üz tuturam. Bu özəl dünyanın adı “Zaman durna köçüdür”.

Həmişə xatırladığım çöhrəsi, səsi yaddaşımda yaşayan Eldar Baxışın sağlığında nəşr olunan kitabları tez-tez üz tutduğum söz ünvanı idi. Amma bu günlərdə, yəni keçirilən kitab bayramında dəyərli dostum, şair, publisist, araşdırmaçı İlham Qəhrəman mənə Eldar Baxışın “Zaman durna köçüdür” kitabını bağışladı. İnanın ki, sorağını eşitdiyim bu kitabı əlimə götürəndə elə bildim ki, “Azərbaycan” radiosunun binasında Eldar Baxışla qarşılaşdım. Onun özəl baxışı mənə sancıldı. Sonra təbəssümlə mərhum İntiqam Mehdizadəyə dedi ki, dostumuzu yenə dəvət etmisən? Bax, onda bir daha əmin oldum ki, Eldar Baxış diqqətli və yaddaşlı şairdir. Heç nə və heç kim nəzərindən yayınmır. Onun qəfil bu dünyanı tərk etməsi məni də üzdü. Çünki o, ürəyində, ruhunda özünə bir ev tikmişdi. Bu evin açarı onun özünə məxsus idi. Eldar Baxışı Azərbaycana daha çox sevdirən Qarabağ hadisələrinin daş dövründə yazdığı və ən böyük və miskin daşnaklardan biri olan, türk qanına susamış Zori Balayana yazdığı şeir oldu. Bu şeir əl-əl gəzdi, ev-ev dolaşdı və yaddaşlara köçdü. Özü ilə birlikdə Eldar Baxış şəxsiyyətini də, şairliyini də, imzasını da tarixləşdirdi. Və burda onu da xatırladım ki, Eldar Baxışın ünvanlı şeirləri həmişə səs-küy salırdı, gündəm olurdu. Üstəlik, Eldar Baxışın bayatı notunda yazdığı şeirlərdə də böyük fəlsəfə özünü büruzə verirdi. Məsələn, o yazırdı ki:

 

Ahın dağlara-dağlara,

Yaxın dağlara-dağlara.

Uzaq dağlar çox uzaqdı,

Yaxın dağlara-dağlara.

 

Mənə elə gəlir ki, Eldar Baxış bu dörd misrayla dağların da, elə ahın da ölçüsünü, çəkisini, tutumunu, özəlliyini ifadə edib. Axı dağın əzəməti ilə ahın ağırlığı bir-birini tamamlayır. Və...

“Zaman durna köçüdür” kitabını vərəqlədikcə Eldar Baxışın öz sağlığında işıq üzü görmüş kitablarında oxuduğum şeirlərlə yanaşı, ilk dəfə qarşıma çıxan şeirlərin də oxucusu oldum. Elə həmin anda hərdən mənim də yaxın dostlarımla söhbətimdə istifadə etdiyim bu misraların işığı düşdü üstümə.

 

Söz dilimin ucundadı,

sözü deyə bilmirəm mən.

Səni necə sevdiyimi

Düzü, deyə bilmirəm mən.

 

Həmişə işlətdiyim və isti bir təbəssüm doğuran bu misraları şeirləşdirən Eldar Baxış elə bil ki oxucusunu intizarda qoymaq istəməyib. Ardınca hökm verirmiş kimi yazır:

 

Sənin dodağın, bax, çiçək,

Mənim dodağım, bax, arı.

Çiçək orda, arı burda,

Bu da dünyanın axırı.

 

İndi yazımın əvvəlində xüsusi bir niyyətlə, həm də biraz küsdüm şəkildə ifadə etdiyim dünyanın faniliyinə diqqət yetirək. Görün, çiçəyi, arısı olan dünya fani ola bilərmi? Axı, Eldar Baxış deyir ki, çiçəklə arı bir yerdədirsə budur dünyanın axırı. Deməli, çiçək də, arı da həmişə var, onda gəlin etiraf edək ki, dünya da həmişə var.

Özünəməxsus yazı üslubu, həm də şeirə çevirdiyi fikirləri adamın birbaşa ürəyinə tuşlanan Eldar Baxış hökm verməklə yanaşı, etiraf etməyi də çox ustalıqla bacarırdı. Onun etirafları da oxucunu şeirə çəkib gətirirdi. Daha doğrusu, şeiri oxucunun ürəyinə yazırdı. Bax, o anda fikrə gedirdin. Çünki Eldar Baxış pıçıldayırdı ki:

 

Mənim də havamı aldı bu dünya,

görməli işləri görə bimədim.

Yığıb, topalayıb, sevinci mərdə,

kədəri namərdə verə bilmədim.

 

Bəslədiyim arzu gözümdə qaldı,

arzumu gözümdə heç elədilər.

Mənim arılarım öldü acından,

mənim ağrılarım beçələdilər.

 

Oynaq-oynaq sular zarıdı getdi,

yaşıl-yaşıl otlar qurudu getdi.

Gözəl-gözəl qızlar qarıdı getdi,

mən də baxa-baxa qaldım dünyada.

 

Huşlu adam vardı huşunu yedi,

dəyirman acıxıb daşını yedi,

cücə qarışqanın başını yedi,

mən də baxa-baxa qaldım beləcə.

 

Yəqin ki, şeirin havası da, ovqatı da, hətta Eldar Baxışın bu şeirə hopmuş nəfəsi də sizə hər şeyi anlatdı. Şərhə, izaha yer qoymadı. Ona görə də mən təkrar dünyanın fani olmadığına, hər kəsi layiq olduğu mərtəbədə tutduğuna inancımı dilə gətirirəm. Həyatın bir an, bir il, bir qərinə olmasından asılı olmayaraq bir şeyə, bir məqama heç vaxt yuxarıdan aşağı baxmamışam. Çünki tarix var, fakt var. Danışan, göstərən dil var, qələm var, fırça var. Bütün bunlar insanlığın mövcud olduğu bütün zamanların içərisindən sözü, tablonu bu və ya digər formada götürüb bu günümüzə gətirib çıxarıb və belə də davam edir. Ona  görə də  Eldar Baxış üçün dünyanın fani olduğunu düşünmək ağlımın ucundan da keçmir. Bu əminlik Eldar Baxışın poeziyasının diqtəsidir. Bu məqamda mütləq sizə Eldar Baxışın “Ümidin balası, ümidin oğlu” şeirindən iki bəndi təqdim etməliyəm. Böyük bir şeirdən iki bənd. Başlanğıcı və sonu. Oxuyun və siz də təkcə Eldar Baxışı yox, həm də onun ruhdaşlarını, bir də dünyanı düşünün. Lap atüstü olsa da.

 

Atam son anında aşırma kimi

Çiyninin üstündən aşırdı məni.

Gümanı ümidə gəlirdi bircə,

Elə ümidə də tapşırdı məni.

 

Və sonuncu bənd:

 

...İndi özlərinə yer tapa bilmir,

İndi qurcalanır Həşimin oğlu,

İndi dingildəyir Həmidin oğlu.

İndi deyirlər:

Gör nə fikirləşir

Ümidin balası, Ümidin oğlu...

 

Mən də elə Eldar Baxışın sözünə söykənib yazıma belə nöqtə qoyuram:

- Bu dünyada hər şair Eldar Baxış ola bilmədi.

 

TƏQVİM / ARXİV