adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

EVEREST, ViLSON VƏ... TüRK DiLi

VƏSİLƏ USUBOVA
26862 | 2009-02-07 08:08
İnsan nə qədər iradəli, daxilən dözümlü, üstəlik, qaradinməz, öz aləminə qapanan olsa da, hərdənbir birisiynən dərdləşməyə ehtiyac duyur. Ancaq beləsini tapmaq həmişə asan olmur. Əli Kərim demiş: "Dünya adamla doludu, amma mən dərdimi deməyə adam tapmıram. Adamlar qulaq asmaq vərdişini çoxdan tərgidiblər. Hamı dinləməkdən çox danışmağı, ağıllı söz eşitməkdənsə özü öyüd-nəsihət verməyi, başqasını duyub qiymətləndirmək əvəzinə özlərini tərifləməyi xoşlayır. Bilirəm ki, heç kəs məni istədiyim kimi anlamayacaq, yaxud özünə əziyyət verib anlamağa çalışmayacaq, yenə də arabir kiminləsə dərd bölüşmək, təsəlliverici söz eşitmək istəyirəm. Ağzımı açan kimi, sözlərimdən birini tutub başlayır özü bildiyi kimi yozmağa və öz iş-gücündən danışmağa. Dərd bölüşmək istəyən mən, dönüb oluram dərd götürən. Özünə həmdəm axtaran mən, dönüb oluram başqasının ağrı-acısını yaşayan dərd ortağı . Neçə dəfə özümə söz vermişəm ki, ürəyim partlasa da, heç kəslə kəlmə kəsən deyiləm...
   
   Yaxşı ki, bir nəfər var. İş yoldaşlarımdan biriynən (təəssüf ki, ancaq biriynən) arada dərdləşməyimiz bayaqdan bəri gileyləndiyim həmdərd kasadlığını qismən də olsa, aradan qaldırır. Kişi xeylağı olsa da çox mövzularda anlaşırıq və bu anlaşma ikimizə də xeyli sakitlik və könül rahatlığı gətirir.
   
   Onunla çox şeylərdən danışırıq. Hər səhər otağıma girəndə salam, hal-əhvaldan sonra ilk sualı bu olur: "Axşam televizorda hansı intellektual verilişlərə baxmısan?" Təbii ki, həmişə müsbət cavab verə bilmirəm. Bəzən bir verilişə ikimiz də baxırıq, bəzən o baxdığını mən gözdən qaçırıram, yaxud əksinə. Çox zaman fikirlərimiz üst-üstə düşür. Yazıçı və şairlərimizin həyat və yaradıcılığından, repressiya qurbanlarından, xaricdə yaşamağa məcbur olub ürəyi daima Vətən, torpaq həsrətiynən döyünən soydaşlarımızdan bəhs edən verilişləri, səviyyəli dialoq və müzakirələri ikimiz də xoşlayırıq.
   
   Son günlər nə soruşurdusa, o dəqiqə hirslənib özümdən çıxırdım: "Heç televizoru açmaq da istəmirəm. Görmürsən, türk seriallarının da verilməsini dayandırıblar? Adama elə pis təsir eliyir ki, söz də tapa bilmirsən. Düşmənlərimiz bizə türk deyir, zaman olub ki, kimliyimizdə də türk olduğumuzu yazıblar, amma bu müstəqillik dövründə özümüzə türk deməyə qorxuruq. Belə çıxır ki, bundan belə öz dilimizi dublyaj edib qulaq asacağıq. Nə qədər gülünc bir işdi... Sözü ötənlər də nədənsə susurlar..." Bu mövzuda danışanda hiddətlənməmək olmur, hiddətlənəndə də söhbətin dadı-duzu qaçır. Məni hiddətləndirən seriallara maraq deyil. Onların əksəriyyətinə baxmıram. Ancaq boynuma alıram ki, onların nümayişinin kəsilməsinə əməlli-başlı kədərlənirəm. Ümumiyyətlə, belə məsələlər barədə çox düşünürəm, özümçün ayırd eləməyə çalışıram. Görürəm ki, bütün dünya Azərbaycanı sırf islam, müsəlman ölkəsi eləməkdən ötrü sinov gedir. Ancaq türkçülük söhbəti ortaya gələndə sözləşiblər kimi, susub mətləbdən yan keçirlər. Bəs, belə olan vəziyyətdə özümüzünkülər (onlar, doğrudanmı, özümüzünkülərdi?) niyə belə edirlər?! Türk diliynən Azərbaycan türkcəsi arasında fərq bu qədərmi böyükdü? Düzdü, onların danışığındakı bəzi sözləri çoxumuz anlamırıq. Belə vəziyyət elə bizim müxtəlif bölgələrdə yaşayan soydaşlarımızın da danışığına aiddi. Uzağa getmirəm, kəndimizin adamları elə söz və ifadələr işlədirlər ki, mənasını anlasam da, indiyədək heç bir yazılı ədəbiyyatda rast gəlməmişəm. Biz Şamaxı-Quba dialektində danışırıq. Fikir vermişəm ki, çox sözlərin vurğusunu da elə türklər kimi vururlar. Fikrim var ki, belə sözlərin siyahısını tutum, Bakıya yolum düşəndə Milli Elmlər Akademiyasına gedib dilçi alimlərimizlə söhbət edim. Bu arzunu reallaşdırmaq barədə fikirləşməyin özü adama zövq verir...
   
   Ekran, efir bir yana dursun. Bütün Bakı rusca danışır. Nə tank tırtılları altında əzilməyimiz, nə Rusiyanın bazarlarında, bar və restoranlarında baş verənlər, nə də skinhedlərin qol-qabırğa sındırmaları qəlbimizdəki sevgi alovunu söndürə bilmir. Mən hələ doxsanıncı illərin o üzündə qalan, yüz illərlə ölçülən müstəmləkə həyatımızdan danışmıram. Yəqin, çoxları deyəcək ki, sən niyə bazarları, kafe-restoranları, başıpozuq skinhedləri misal çəkirsən? Mən də soruşuram: Yoxsa, elə bilirsiniz, bizləri bazar adamından yuxarı mərtəbədə görürlər?! Görürlərsə, niyə dövlət səviyyəsində tədbirlər görülmür? Bilirəm, bizimkilər bu məsələdə özlərini aldatmaqdan xoşlanır, həqiqəti olduğu kimi dərk etməkdən qaçırlar. Bir dəfə də görməmişəm ki, şikayətlənsinlər, ya narazılıq eləsinlər. Heç bir millət qürurunu bu qədər ayaqlar altına atmır. Canları cəhənnəm, qoy özləri də özlərini kiçik görsünlər. Amma əsas zərbə qadınlarımıza, uşaqlarımıza dəyir, axı. Hələ millətsevər, yurdsevər insanlarımızı demirəm. Belələrinin üzünə deyirəm: "Amma sizə İstanbulda, Ankarada bir şillə vursalar, bunu dünya boyda faciə edərsiniz. Bir iş adamının, bir alverçinin münasibətiynən ölçürsünüz tarixi köklərimizi, bağlarımızı. Başımızdan basanlara, bizi aşağılayanlara qarşı çox dözümlü və humanistsiniz..." Təbii ki, bunları anlamaq çoxlarına sərfəli deyil. Bu nə beynəlmiləlçilikdi, nə də insanpərvərlik. Öz kökünə nə qədər dərindən bağlansan, başqa xalqları və millətləri də bir o qədər yaxından duyub anlarsan. Həm də dünyada öz yerini daha yaxşı tanıyarsan.
   
   Mənə uzanan dost əllərini ikiəlli sıxmağa hazıram. Biz də dünyaya millət kimi gəlmişik. Kiminsə təpəmizdə oturmağa haqqı yoxdu!
   
   Hansı dinə inanmaq, etiqad etmək insanların öz işidi. Amma əslini-nəslini danmağa, soyunu, kökünü inkar etməyə, ucuz tutmağa heç kəsin haqqı yoxdu. Çünki bu artıq şəxsi məsələ deyil. Belələri heç başqa millətlərə də gərək deyil.
   
   Bu dediklərim eyni dərəcədə türklərə də aiddi. Onların da içində ağı qaradan seçməyənlər, yolundan azanlar, düşmən dəyirmanına su tökənlər az deyil. Bizim onlardan, onların da bizdən umub-küsməyə haqqımız var!
   
   Kimsə mənə qardaşımdan da yaxın ola bilər. Bu zaman o, artıq mənim dostumdu, ancaq qardaşım deyil. Qardaşım-mənim atamın oğludu!!!
   
   
   
   P.S. Yazıya nöqtə qoyub qəzetləri açıram. "525-ci qəzet"in 04 fevral 2009-cu il tarixli nömrəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Azərbaycan ekspedisiyasının Antarktidaya səfəri haqda məqalədə bu sözləri oxuyuram: "... stansiyanın rəhbəri bizi başqa bir şəxslə görüşdürdü. Maraqlı məqamdır ki, həmin şəxs bizimlə türkcə danışmağa başladı..." Vəssəlam. Elə bilirsiniz, bu balaca zirvədi?! Bəlkə biz də öz ana dilimizdə danışaq?!

TƏQVİM / ARXİV