adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2014 14:14
10068
ƏDƏBİYYAT
A- A+

"Ermənilər Azərbaycan ədəbiyyatını işğal edib" - Müsahibə

"Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir 1937.az saytına müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir:

Əsəd bəy, Əkrəm Əylislinin Nobel sülh mükafatına namizəd göstərilməsinə münasibətiniz? Sizcə, "Daş yuxular” Nobel sülh mükafatı ala bilərmi?

– Bu roman Nobelə ermənilər və ermənipərəst qüvvələr tərəfindən təqdim olunub. Onun Nobel alacağına ümid edənlər erməni lobbisinin gücünə güvənirlər. Amma çətin ki, ona Nobel Sülh mükafatı verilsin. Çünki Nobel Sülh mükafatı siyasi amillərlə bağlı verilir, Qarabağ hadisələri isə beynəlxalq siyasi müstəvidə nəinki Ərəb baharı, yaxud Krım olayları, hətta AKP ilə CHP arasındakı qarşıdurma qədər də önəm daşımır. Bundan başqa roman bədii cəhətdən də zəif, önəmsiz bir şeydir.

Bəs "Daş yuxular” siyasi-ideoloji cəhətdən necə əsərdir?

– "Daş yuxular” həm antitürk, həm də antiislam xarakteri daşıyır, tarixi həqiqətləri təhrif edir, təslimçilik ruhunu, kolloborasionist ovqatı təbliğ edir. Romanın dili rusca, ruhu ermənicədir. Romandan doğan son qənaət budur ki, biz Qarabağ olayları ilə bağlı ermənilərdən üzr istəməliyik. Amma Əkrəm Əylisli bir dəfə də olsun özünə sual vermir ki, axı biz nə etmişik ki, ermənilərdən üzr istəyək. "Ocaq” kitabının müəllifi Zori Balayanın Azərbaycan xalqına münasibətilə "Daş yuxular” müəllifinin münasibəti arasında heç bir fərq yoxdur. Onun bu əsəri guya barış missiyası ilə yazmasına dair fikirlər irəli sürməsi isə pişik başı bəzəməkdən başqa bir şey deyil. Bu, məsələnin siyasi tərəfidir.

Bu roman göstərdi ki, ermənilər artıq ədəbiyyatımızı işğal etməyə başlayb və Əkrəm Əylisli Azərbaycanın ilk işğal olunmuş yazıçısıdır. Beyinlərin işğalı isə torpaqların işğalından daha təhlükəlidir. Bu, işğalın postmodern forması, Əylisli isə Azərbaycan ədəbiyyatında ermənipərəst-daşnakpərəst meylin banisidir. Müəyyən qrup adamların, xüsusən də bəzi gənclərin Əylislini dəstəkləməsi göstərir ki, bu meyil gələcəkdə intensivləşə bilər. Ən çox narahatlıq doğuran da budur. Bu isə məsələnin ideoloji tərəfidir.

– Sizcə, yazıçını bu cür ittiham nə dərəcədə doğrudur? Axı o öz fikrini deməkdə azaddır.

– Heç kəs Əkrəm Əylislinin qələmini tutub, "yazma!” demir. Amma yazıçı öz fikrini deməkdə azad olduğu kimi, tənqidçi də onu tənqid etməkdə azaddır. Biz plüralizm epoxasının adamlarıyıq. Sizin sözünüzdən isə belə çıxır ki, Əkrəm Əylislinin toxunulmazlıq statusu var, o, bütöv bir xalqı təhqir edə bilər, amma heç kəs ona "gözün üstə qaşın var” deyə bilməz. Bu, nə dərəcədə ədalətlidir?

– Sizin təbirinizlə desək, belə ədalətsiz münasibətin səbəbi nədir?

– Ehkamçı, qeyri-dialektik düşüncə, inkişaf amilini nəzərə almamaq. Bu, məsələnin ən ümumi fəlsəfi tərəfidir. Guya yazıçını nədəsə ittiham etmək 37-ci il olaylarının təkrarlanmasıdır. Bunu deyənlər nəzərə almır ki, ədəbi fakta öz dövrünün prizmasından baxmaq lazımdır. Biz 2014-cü ildə 37-ci ilin qanunları ilə düşünə bilmərik. Ən azı, ona görə ki, indi Stalin yoxdur və azad sözə görə yazıçını Sibir gözləmir. Bu isə məsələnin konkret tərəfidir.

– Hər halda, azad fikrinə görə Rafiq Tağının aqibəti göz önündədir.

– Rafiq Tağı olayı, ədəbiyyat yox, din məsələsiylə bağlı idi. Din isə olduqca həssas məsələdir. Yeri gəlmişkən, gənclərin də arasında Rafiq Tağını təkrar edənlər var. Ucuz şöhrət xatirinə milyardlarla insanın inancını təhqir etmək olmaz. "Daş yuxular”ın ən çox narazılıq doğuran tərəflərindən biri də müəllifin İslama qarşı təhqiramiz münasibətidir. İnanmırsan, inanma, bu, sənin öz vicdan işindir, başqalarının hisslərini niyə təhqir edirsən? Axı indi sənin vəzifə davası eləyən yox, üzünü qibləyə çevirən vaxtındır. Siz məni deputatlıqdan çıxardınız, yaxud AYB sədri seçmədiniz, mən də acığa Təzəpiri Eçmiədzinə dəyişəcəm. Əkrəm Əylislinin məntiqi təxminən belədir.

– Necə düşünürsünüz, Əkrəm Əylisli Nobel sülh mükafatını alsa, bu bizim mədəni inkişafımıza müsbət təsir göstərəcəkmi?

– Əgər manqurtlaşmanı mədəni inkişaf sayırsınızsa, onda bu "müsbət” təsirdən danışmaq olar. Bu, məsələnin ölkədaxili tərəfidir. Əgər "Daş yuxular” mükafat alsa, "Azərbaycan beynəlxalq siyasi səhnədə hər hərəkəti şiddətli gülüş doğuran komediya qəhrəmanına bənzəyəcək”. Bu isə məsələnin beynəlxalq tərəfidir. Yeri gəlmişkən, komediya qəhrəmanı ilə bağlı sitat Əylislinin 90-cı illərdə yazdığı bir məqalədəndir.

– Amma etiraf edin ki, "Daş yuxular” ədəbiyyatda bir canlanma yaratdı.

– Məncə, əsas proses yox, onun nəticəsidir. "Daş yuxular”ın yaratdığı canlanmanın nəticəsi çox zərərlidir. Bu, narkotika qəbul edib özünü xoşbəxt saymaq kimi eyforik bir canlanmadır.

– Bəs sizcə, faydalı nəticələrə səbəb olan canlanmanı necə yaratmaq olar?

– Ədəbiyyat xalqın ruhunun ifadəsidir. Qarabağ alınmalı, xalqın ruhu yüksəlməlidir ki, ədəbiyyatda da yüksəliş başlasın. Yəni ədəbi canlanma tarixi zərurətlə şərtlənir. Ayrı-ayrı adamların istəyi, hansısa layihələr vasitəsilə ədəbi canlanma yaratmaq cəhdləri absurd nəticələrə gətirib çıxara bilər. "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun irəli sürdüyü "Hərəyə bir roman yazaq!” devizi nəticəsində meydana çıxan romanların uğursuzluğu da bunu göstərdi. Şahbaz bəyin məqsədi öz-özlüyündə mütərəqqi idi – milləti elliklə şeir bəlasından xilas etmək! Amma nəticəsi nə oldu – göbələk romanlar! Yağışdan çıxıb yağmura düşdük.

– Sizcə, yəni bu gün ciddi heç bir ədəbi məhsul yoxdur?

– Dostoyevskini oxuyan amerikalı düşünür ki, ilahi, bu rus xalqı nə qədər ağlayır! Bizim şairləri, hətta cavanları belə, oxuyanlar da eyni fikrə düşə bilərlər. Bir tərəfdən Füzulini tənqid edir, digər tərəfdən isə özləri Füzulidən də ötə ağlamalı şeirlər yazırlar. Ədəbiyyatın gülüş ruhu ölüb. Dərd poeziyanın ən "modnı” mövzusudur. Qulu Ağsəs, Salam Sarvan kimi şairlər məhsuldarlıq problemi yaşayırlar. Murad Köhnəqala çıxış yolunu mühacirətdə görür. Elxan Zal Qaraxanlı bayağı oxucu zövqü qarşısında güzəştə gedərək, türkçü tematikadan üz çevirib, erotik şeirlərə keçib. Xanəmirin modern sufizmi ancaq intellektuallar – çağdaş təriqətçilər üçün nəzərdə tutulduğundan geniş kütlənin malına çevrilə bilmir. Aqşin Yeniseyin bədbin şeirlərində dünya poetik fikri ilə kodlaşdırmaya ehtiyac var. Bu kodlara malik Qismətin şeirlərində isə emosional impuls zəifdir. Elvin Bakiroğlunun yerlə sürünən şeirlərinin qanadı yoxdur, Anar Aminin şeirlərinin isə qanadından başqa heç nəyi yoxdur. Ələmdar Cabbarlı, Qılman İman kimi xalq şeiri ruhunun istedadlı daşıyıcılarında forma axtarışları zəifdir. Sərt intonasiyası, mövzularının yeniliyi ilə dərd tematikası orbitindən çıxan Emin Pirinin isə bir insan kimi daxili boy artımına ehtiyac duyulur.

Nəsrdə, xüsusən romançılıqda qeyri-professionallıq baş alıb gedir. Kamil Əfsəroğlu, Eyvaz Zeynalov, Aslan Quliyevin romanları qənaətbəxşdir, amma ədəbiyyata yeni imzalar lazımdır. "Yolayrıcı” romanından sonra Elçin Hüseynbəyli elə bil yol ayrıcında qalıb – yazım, yoxsa yazmayım? Məqsəd Nur modernist yazıçı kimi müəyyən uğurlara nail olsa da, ədəbiyyata elə bil ki, ikinci dərəcəli iş kimi baxır. Son romanlarının dil-üslub cilasına baxmayaq, Mübariz Cəfərli fəlsəfəçilikdən əl çəkmək istəmir. İstedadla yazılmış hekayələr müəllifi olan Yaşar və Fəxri Uğurludan neçə illərdir ki, roman gözləyirik. Hələ ciddi romanlarını yazmayan Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Pərvindən ən çox perspektiv planda danışmaq olar. Gənclər arasında daha ciddi romançı potensialı olan Elxan Qaraqan repdən qopa bilmir, ondan da ciddi nasir stixiyasına malik Cavid Zeynallı belletristikaya meyillənir. Fərid Hüseynin esseistikasında hələ ancaq qeyri-müəyyən işıqdan danışmaq olar, amma işıqdan sonra səs, səsdən sonra görüntü olmalıdır. Görək, Fərid yeni yazdığı romanda bizə nə göstərəcək. Bir sözlə, bugünkü ədəbiyyatın durumu haqqında düşünəndə Sabirin bu dördlüyü yada düşür:

Qarışıqdır hələlik millətin istedadı,

Ələnirsə, unu bir yan, tozu bir yanlıq olur.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

– Son dövrlərdə yazılmış romanlar içində bəyəndiyim iki əsər var: biri Etimad Başkeçidin "Min yol mənə söylər” romanı, digəri isə Pərviz Cəbrayılın "Yad dildə”sidir. Bir tənqidçi kimi sizin fikrinizcə, Azərbaycanda son illərdə yazılmış romanlar içində ən uğurlu əsər hansıdır?

– "Yad dildə” romanı siyasi azadlıq ideyası baxımından diqqəti çəkir, amma sadəcə nə yazmaqla iş bitmir, necə yazmaq məsələsi də var. "Yad dildə”nin yalnız bir parçası – ginekoloq Məhinlə bağlı beş-on səhifəsini çıxsaq, qalan yerlərini oxumaq, az qala, Sizif əməyi kimi bir şeydir. Romandakı nasir stixiyası zəifdir. Məncə, Pərviz "Öləngi” romanı və "Kilkə” silsiləsindən olan hekayələrində daha çox nasir idi. Dil baxımından səlis olan "Min yol mənə söylər” romanı yaxşı oxunur, əsərin fəlsəfi altyapısı var, amma bunlar ümumən nəsrimizin yox, sadəcə, Etimadın uğurudur, özü də bir debütçü kimi uğuru.

Təkcə son illərin yox, son iyirmi-yirmi beş ilin ən fundamental romanı, məncə, Kamal Abdullanın intellektual nəsr örnəyi olan "Unutmağa kimsə yox”udur, amma orda da ümid, işıq yoxdur. Romandan doğan ən ümumi qənaət budur ki, hər şey, əslində, çox sadədir, biz onu qəlizləşdiririk. Amma bunu deyən müəllif özü də fikrini həddən artıq mürəkkəb formada, mürəkkəb dillə verir. Romanın forması ilə ideyası arasında bir ziddiyyət var. Roman həyatı yox, ölümü, əbədiyyəti yox, faniliyi təsdiq edir, ədəbiyyatın təsəlliverici funksiyasını istisna edir, oxucunu ümidsizlik labirintinə salır, çıxış yolu qoymur. "İdeal”dan sonra bu, məncə, bir addım geriləmək deməkdir.

– Bəs dünya ədəbiyyatında sevdiyiniz və uğurlu hesab etdiyiniz əsərlər hansılardır?

– Ən çox sevdiyim əsər Homerin "İliada”sıdır. Axilles, Paris, Yelena, xüsusən də Hektor sevdiyim qəhrəmanlardır. Bu poemanı ilk dəfə 13-14 yaşımda oxumuşam, sonra dönə-dönə ona bir də qayıtmış, amma əsərin bədii təsir gücünün azaldığını hiss etməmişəm. "İliada”dan aldığım təəssürat o qədər güclüdür ki, Hollivudun bu poema əsasında çəkdiyi film ilk dəfə baxanda məni dərindən məyus elədi. İndi-indi filmə alışmağa başlayıram.

– Niyə məhz "İliada”?

– Homer dünyanın ən səmimi şairidir – başqa şairlərdən fərqli olaraq, o, yalan dediyinin fərqində deyil, öz yalanına özü də inanır. "İliada” müəllifinin allahı var – poemanın qəhrəmanları təkcə insanlar yox, həm də allahlardır. Homerin bədii idrakında yerlə göy, allahla insan vəhdətdədir. Bu günkü şerin torpağı var, səması yoxdur. Bu gün şeir allahsızlaşıb. Homer vicdanlı şairdir – dosta da, düşmənə də, Axillesə də, Hektora da eyni sevgiylə yanaşır. Bu gün söz vicdansızlaşıb. Hətta dostun da yox, düşmənin xeyrinə. Ümumən, "İliada”nın ruhu əsrarəngiz, sirli, sehrlidir. Bu gün şeir o sehri itirib. Homer, sadəcə, şair yox, həm də bir sehrbaz, əfsunçu, maqdır. Homerin ritmi, ahəngi möhtəşəm, təsvirləri yaddaqalandır. Döyüş ərəfəsində hündür qala divarlarının üstü ilə gözəllik ilahəsi kimi addımlayan Yelenanın tərənnümünə bərabər səhnə, məncə, dünya poeziyasında yoxdur.

– Bir neçə gün öncə, Xalq yazıçısı İsa Muğanna dünyasını dəyişdi. Onun Azərbaycan ədəbiyyatındakı özünəməxsus mövqeyini necə görürsünüz?

– İsa müəllimin yeganəliyini şərtləndirən çox şeylər var. O, düşüncəsi ölümün sərhədlərini aşan, yazıçılıqdan peyğəmbərliyə yüksələn, özü-özünü inkar edən, guşənişinliyə çəkilən, yazı masasını vəzifə kürsüsündən üstün tutan, deputat olmaq istəməyən, dünya nəsrini ötüb keçən yeganə Azərbaycan nasiridir. Bir də uzun onillər, bəlkə də, əsrlər boyu belə nasirimiz olmayacaq. Çünki bu cür düha bir neçə əsrdən, hətta min ildən bir doğulur. Nizami kimi, Nəsimi kimi... Bəxtim gətirdi, belə bir yazıçı ilə şəxsən tanış ola bildim. O məni sevdi, qəbul elədi, özünə ruhən yaxın saydı. Allah qoysa, onunla bağlı xatirələrimi, yaradıcılığı ilə bağlı fikirlərimi "Ölməzlik” adlı yazımda ümumiləşdirməyə calışacam. Oxucular da bunu məndən istəyir. Allah İsa müəllimə qəni-qəni rəhmət eləsin!

– Belə bir fikir var ki, ədəbiyyatımızda ən çox ədəbi tənqidin tənqidə ehtiyacı var. Sizcə, tənqidimizin hazırkı durumu hansı səviyyədədir?

– Əgər tənqidi tərifləsəm, bunu qeyri-təvazökarlıq, tənqid etsəm, yalançı təvazökarlıq kimi başa düşəcəklər. Bir də tənqiddən narazılığa görə ancaq sevinmək olar. Çünki əgər tənqidçini tərifləyirlərsə, demək, o pis tənqidçidir.

– Son günlər Azərbaycan Yazıçılar Birliyində kadr dəyişiklikləri oldu. Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti”nə, Qulu Ağsəs "Ulduz” jurnalına baş redaktor, siz isə "Azərbaycan” jurnalına redaktor müavini təyin olundunuz. Bu təyinatlar barədə nə fikirdəsiniz?

– Ona yaxın romanın müəllifi olan Elçin Hüseynbəylinin, nəhayət ki, "Ədəbiyyat”a gəlməsində qəribə nə var ki? Qulu Ağsəsin də, məncə, "Ulduz”unun parlamasının vaxtı çatmışdı. Hər ikisinə uğurlar arzu edirəm. İstərdim ki, hər ikisinin müvafiq orqanlarda görəcəyi işlər kosmetik səciyyə daşımasın. Öz təyinatım haqda isə bircə onu deyə bilərəm ki, bu, ictimai rəy tərəfindən özümün də gözləmədiyim dərəcədə müsbət qarşılandı. Göstərdiyi etimada görə Anar müəllimə minnətdarlığımı bildirirəm. Çalışacam ki, bu etimadı doğruldam.

– Yeni işinizdə nə kimi layihələriniz var?

– Jurnala İntiqam Qasımzadə kimi təcrübəli, zövqlü, obyektiv bir adam başçılıq edir. Yaxşı kollektivimiz var. Odur ki, məncə, ağılla, məntiqlə düşünülmüş layihələri həyata keçirmək mümkün olacaq. Ən ümumi şəkildə bunu deyə bilərəm – çalışacam ki, jurnal ədəbi prosesə daha fəal müdaxilə etsin. Həm bu müdaxilə qalmaqalçı yox, jurnalın adına, sambalına uyğun intellektual rakursdan olsun. Qalan işlər barədə, Allah qoysa, payızda danışarıq.

– Qarşıdan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir. Sizcə, qurultay ədəbiyyata nə kimi yeniliklər gətirəcək?

– Qurultayın məruzələri artıq oxunub, bir sıra kadr dəyişiklikləri edilibdir. Yəqin ki, bu istiqamətdə işlər qurultaydan sonra da davam edəcək, işə gənc kadrlar cəlb olunacaq. Qaldı sədr məsələsi, yazıçılar kimi seçsə, o da sədr olacaq. Öz əvəzimdən deyə bilərəm ki, mən Anara səs verəcəm.

Aqşin Evrəm