adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 11:03
56
GÜNDƏM
A- A+

İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir

“Kibertəhlükəsizliyə yalnız texniki müdafiə məsələsi kimi yanaşmaq artıq kifayət etmir”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

O bildirib ki, texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan artıq dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib.

İ.Musayev vurğulayıb ki, süni intellektin sürətli inkişafı dövlətlərin texnoloji və iqtisadi imkanlarını genişləndirməklə yanaşı, informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini də dəyişir.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, Azərbaycanda informasiya və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

O xatırladıb ki, Prezident İlham Əliyevin 2026-cı il fevralın 11-də sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə bu sahənin ölkənin strateji inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı mühüm tapşırıqlar verilib.

İ.Musayevin sözlərinə görə, bu siyasətin institusional davamı olaraq yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasında da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri əsas müzakirə istiqamətlərindən biri olub.