adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 17:06
61
ƏDƏBİYYAT
A- A+

 “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi

8 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında “Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirilmişdir.

Muzeyin həyətində – açıq havada təşkil olunan sərgidə Azərbaycan ədəbiyyatının zəngin nümunələri, regionda yaşayan, yaradan yazarların əsərləri, eləcə də tanınmış Azərbaycan yazıçı və şairlərinin kitabları nümayiş etdirilib. Sərgidə klassik ədəbiyyat, şifahi xalq ədəbiyyatı, publisistika, hərbi vətənpərlik mövzusunda yazılmış əsərlər, uşaq ədəbiyyatı bölümləri ilə yanaşı müasir ədəbi nümunələr də diqqət çəkmişdir.

“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisinin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatını və mütaliə mədəniyyətini təbliğ etmək, yerli yazarların yaradıcılığını geniş ictimaiyyətə tanıtmaq, məktəblilərin və gənclərin kitaba marağını artırmaq olmuşdur.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov da iştirak edib. Akademik Rafael Hüseynov tədbirdə çıxış edərək Azərbaycan ədəbiyyatının zənginliyindən, kitabın, mütaliənin və ədəbiyyatın cəmiyyətin mənəvi həyatındakı mühüm rolundan danışıb, belə təşəbbüslərin ədəbiyyatın daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətini qeyd edib. Həmçinin Xaqani Şirvani adına Aran Regional Filialının Kürdəmir rayonunun mədəni inkişafında, ədəbi mühitinin zənginləşməsində və yerli ziyalıların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rolunu qeyd edib. Bununla yanaşı, o, Aran Regional Filialının təşəbbüsü ilə Kürdəmir ziyalılarının ədəbi yaradıcılığını əks etdirən, onların əsərlərini bir araya gətirən toplunun hazırlanması ideyasını irəli sürüb. Bu təşəbbüsün rayonun ədəbi irsinin qorunması, yerli müəlliflərin yaradıcılığının tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Rafael Hüseynov Kürdəmir ziyalılarından, tanınmış və mötəbər şəxslərindən ibarət, rayonun ictimai-mədəni həyatına töhfə verəcək bir Kürdəmir cəmiyyəti yaratmaq arzusundan da bəhs edib. O, sərgidə nümayiş olunan kitablarla tanış olub, yerli yazarlarla görüşərək onların yaradıcılığı ilə bağlı söhbətlər aparmışdır.

Tədbirdə regionda yaşayıb-yaradan yazarlardan AYB-nin üzvləri Tofiq Abdullayev, Coşqun İbrahimov, Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy və digər müəlliflər iştirak edərək öz kitablarını ziyarətçilərə təqdim etmiş və əsərlərindən nümunələr səsləndirmişlər. Müəlliflər əsərləri və kitabların mövzuları haqqında oxucularla fikir mübadiləsi apararaq, əsərlərindən nümunələr səsləndirmişlər.

Tədbirdə rayonun idarə və müəssisələrinin nümayəndələri, məktəblilər və digər ziyarətçilər iştirak ediblər. Məktəblilər sərgidə nümayiş olunan kitablarla yaxından tanış olub, müxtəlif müəlliflərin əsərlərinə baxış keçirib, yerli yazarlarla ünsiyyət qurmuşlar.

Aran filialında təşkil olunan “Ədəbiyyat aləminə səyahət” sərgisi  kitabsevərlər üçün əsl kitab bayramına çevrilib. Müxtəlif mövzulu kitabların bir arada nümayiş etdirilməsi, müəlliflərin öz əsərlərini təqdim etməsi və onlarla canlı ünsiyyət, səsləndirilən ədəbi nümunələr  tədbirə xüsusi canlılıq gətirib.

Tədbirdə eyni zamanda regionda yazıb-yaradan şairlərin kitablarının satışının təşkil olunması da oxucuların diqqətini çəkmiş, onlar yeni aldıqları kitabları müəlliflərə imzalatmış və onlarla xatirə şəkilləri çəkdirmişlər.

“Ədəbiyyat aləminə səyahət” sərgisi iştirakçıların yaddaşında kitab, söz və ədəbiyyatla dolu xoş bir gün kimi qalmışdır.