adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Avqust 2022 15:58
1024
MÜSAHİBƏ

"Ədalətli məhkəmənin kəsdiyi barmaq ağrımaz..." - MÜSAHİBƏ

Adətən bir qayda olaraq insan hüquqları bütün ölkələr üçün ən önəmli məsələlərdən biridir. Bu günkü mövzumuz hüquq və vəkillik işi ilə bağlıdır. Müsahibimiz Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Qulam İsmayılzadədir.

- Qulam bəy əvvəlcə istərdim ki, özünüzü oxucularımıza bir qədər tanıdasınız!

- Mən, İsmayılzadə Qulam Azər oğlu 2010-cu ildə BDU-nun Hüquq fakültəsinin məzunu olmuşam. Magistr təhsil pilləsi üzrə təhsilimi The University of London-da “Beynəlxalq Hüquq” ixtisası üzrə davam etdirirəm. 7 il Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində icra məmuru vəzifəsində, daha sonra, “Mirzayev&Partners Legal Firm” MMC-də hüquqşünas/partnyor kimi fəaliyyət göstərmişəm. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüyəm.

- Bu sahənin mütəxəssisi kimi, hüququn hansı sahələri sizin üçün daha maraqlıdı?

- Mülki hüquq sahəsi məni daha çox maraqlandırır. Belə ki, mülki hüquq çoxşaxəli hüquq sahəsi olub, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir.

- Əgər vətəndaş vəkilin fəaliyyətindən narazı qalıbsa və Vəkillər Kollegiyasına şikayət edərsə, bu zaman vəkilin fəaliyyəti üçün hər hansısa risk ola bilərmi? Ümumiyyətlə adətən şikayətlər nələrdir?

- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında “Qaynar xətt” fəaliyyət göstərir, hansı ki bu xidmət vəkillərin qanunsuz, peşə etikasından kənar hərəkətlərindən, habelə vəkil adından qanunsuz istifadə halları barədə şikayət etmək üçün nəzərdə tutulmuşdur. “Qaynar xətt”ə daxil olan şikayətlər qeydə alınaraq araşdırılır və bir qayda olaraq araşdırmanın nəticəsi barədə şikayətçiyə məlumat verilir. Nəzərə alınmalıdır ki, hər şikayət ilə bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil barəsində intizam tədbiri seçiləcəyi şərt deyil. Hər bir vəkil “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq davranmalıdır. Bu cür olduğu təqdirə vəkilin fəaliyyəti üçün hər hansı risk ola bilməz.

- Təbii ki, vəkil çox güclü xarakterə malik olmalıdır. Lakin ali hüquq təhsili alıb nə hüquqşünas nə də vəkil kimi işləyə bilməyən və ya işin ağırlığından peşəsini yarımçıq qoyub gedənlər də olur. Təcrübənizdə belə hallarla rastlaşmısınızmı?

- Bəli, belə hallarla rastlaşmışam. Ümumən, bəzi insanlarda belə bir stereotip formalaşıb ki, əgər onun övladı müvafiq ixtisas qrupu üzrə universitetlərə qəbul imtahanında yüksək bal toplayıbsa, o mütləq hüquq fakültəsinə qəbul olmalıdır. Bu halda, təbii ki, həmin şəxsin bu sahəyə marağı olmayacaq və bir müddət sonra hüquq sektorunda həmin şəxs özünü gərəksiz biri kimi hiss edib başqa bir sahə üzrə ixtisaslaşmağa çalışacaq. Ona görə də yaxşı olardı ki, ixtisas seçimi etməzdən əvvəl, hər bir kəs seçmək istədiyi ixtisas barədə kifayət qədər məlumata malik olsunlar, həmin ixtisasa yiyələnib hansı sahədə işləyəcəyi, hansı formada gəlir əldə edəcəyini yəqin etsinlər.

- Təbiidir ki, hər bir peşədə müxtəlif səbəblərdən çatışmazlıqlar mövcud ola bilir. Sizin peşənizlə bağlı bir vəkil olaraq narazı olduğunuz məqamlar varmı varsa bunlar nələrdir? Vəkillik fəaliyyətilə bağlı qanunvericiliyimizdə hansı boşluqlar var? Təklifləriniz nələrdir?

- Hesab edirəm ki, vəkillərin təhlükəsizliyi ilə bağlı qanunvericilikdə müvafiq normaların olması zərurəti yaranıb. Belə ki, bir müddət öncə bir vəkil həmkarımızın avtomobilin yandırılması, digərinin avtomobilinə zərər yetirərək içərisindəki əşyaların oğurlanması hadisələri və bu qəbildən olan digər hadisələr məhz vəkillərin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Digər tərəfdən vəkilin öz müştərisi ilə görüşməsində müəyyən əngəllər yaradılır. Bununla bağlı Vəkillər Kollegiyası tərəfindən təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Müraciətlərin əsas məğzi ondan ibarətdir ki, vəkillər öz müvəkkilləri ilə heç bir məhdudiyyət, maneə, icazə tələb olunmadan dərhal görüşə bilsinlər. Bəzi hallarda, ayrı-ayrı qurumlara vəkil sorğuları verildiyi təqdirdə, hətta fərdi və kommersiya sirri sayılmayan məlumatların verilməsindən və yaxud sorğuya cavab verməkdən imtina edilir ki, bu da prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edir.

- Müsahibə üçün sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzu edirəm.

- Mən də sizə təşəkkürümü bildirirəm.

Söhbətləşdi: BÜNYAMİN BÜNYADZADƏ