adalet.az header logo
  • Bakı -°C
17 May 2018 14:29
10497
MARAQLI
A- A+

Dünyəvi dövlətin dini kimliyi – Azərbaycanın unudulmayan islam mədəniyyəti

Azərbaycanda dünyəviliyin 150 illik tarixi var. Hələ Cümhuriyyət dönəmində, 1918-cı ildə qurulan Azərbaycan Demokratik Respublikasında da dünyəvilik yeni yaranan dövlətin əsas prinsiplərindən biri idi. Bilindiyi kimi, azərbaycanlılar rus-türk və rus-iran savaşlarının sonunda Rus imperiyasının tərkibinə qatılmağa zorlanmışdırlar. Qafqazda yaşayan müsəlmanların çoxu türk soylular idi, onlar da çağdaş azərbaycanlıların çoxusunun əcdadları hesab edilir. Onların soyu Səlcuqlara, Səfəvilərə, Əfşarlara, Qacarlara gedib çıxırdı. Türk soylular isə ruslardan öncə bu yerlərdə öndə olan hakim imperiya xalqı idi. Elə bu yerlərdə olan xanlıqları da türk soylular yaradıb idarə edirdilər. Buna görə də Cənubi Qafqaz Rusiya imperiyasına qatılandan sonra türk soylu maarifçilər arasında keçmişdə böyük imperiya xalqı olan türklərin enməsi və ruslara yenilib, müstəmləkəyə çevrilərək mövqelərini itirməsi səbəblərini axtarırdılar. Onlardan bir çoxları bunu millətin həddən artıq dini ehkamlara və adətlərə bağlı olmasında görürdülər. Onların fikrincə, dini ehkamlarla çərçivələnmiş türklər irəlləyiş edə bilməyiblər. Onların rəqibləri isə bütün ehkamlardan azad olaraq, sərbəst olmuş, türklərin üzərində üstünlük əldə edə biliblər.

Beləliklə, 19-cu yüzilliyin ikinci yarısında Cənubi Qafqazda türk maarifçilərinin fəaliyyəti başlayır. Bu fəaliyyətin ən başlıca məqsədi irəliləyən Avropa mədəniyyətinə yiyələnmək idi. Ancaq bu yolda əsas maneə milli və dini adətlər idi. Buna görə də elə bu dəyərlər maarifçilərin kəskin tənqidlərinə uğrayırdı. Demək olar, o çağların bütün tanınmış şairləri, yazarları, ziyalıları dünyəvi ideyaları ortalığa atır, bir çox ənənələri və ehkamları tənqid edirdilər. Bununla belə, onlar dini tam inkar da etmir, sadəcə onun cəmiyyətdəki rolunun və nüfuzunun azaldılmasını istəyirdilər. Bununla paralel olaraq, Avropa dəyərlərinə yiyələnmə istəyi ilə yanaşı, milli özünü tanıma prosesi də güclənirdi.

Bütün bu proseslər, eləcə də Rusiya imperiyasının dağılması 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ilə sonlandı. Yeni yaranmış ölkənin üstünlük verdiyi başlıca prinsiplər dünyəvi milliyətçilik və avropalaşma oldu. Bununla belə, İslam dəyərləri də millətin mədəni dəyəri kimi qiymətləndirilirdi. Bu prinsipin günümüzə qədər gəlib çıxması bir daha onu göstərir ki, zamanında qoyulan düzgün yol bu gün də inkişafa doğru aparır. Müstəqil Azərbaycan da dünyəvi dövlətdir və Konistitutsiyada dinin dövlətdən ayrı olduğu xüsusi olaraq göstərilir. Ancaq bu Azərbaycan əhalisinin dindindən, mədəniyyətindən, adət-ənənələrindən uzaq düşməsi anlamına gəlmir, gəlməməlidir.

Əksində, Azərbaycan yenidən müstəqillik qazanandan sonra ölkədə İslam haqqında məlumatlar çoxaldı, yeni məscidlər tikildi, mədrəsələr və universitetlər fəaliyyət göstərməyə başladı. Gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa göndərildi. Buna baxmayaraq, bəzi mövhumatlar sadə xalq arasında günümüzdə də qalmaqdadır. Ancaq dövlətin aidiyyatı qurumları tərəfindən aparılan maarifləndirici tədbirlər sayəsində mövhumata inananların sayı ciddi şəkildə azaldı.

Müstəqil Azərbaycanda müqədəslərin məzarları və başqa sakral obyektlər daha da abadlaşdırıldı, onların üstündə dini mahiyyətli binalar ucaldıldı. Bir çox insanlar o yerlərə inanclarını bağlayıb ziyarətə çıxırlar. Bunun nəticəsində problemlərinin çözülməsinə inanırlar. Xalq arasında kiminsə o yerlərə ziyarət etdiyindən sonra sağalması, kiminsə işlərinin çözülməsi kimi rəvayətlər yayılır.

Müqəddəs ölülərin məzarlarından başqa, Azərbaycanın ayrı-ayrı bölgələrində totemizmə yaxınlaşan ibtidai inanclar da vardır. Örnək üçün Bakının yaxınlığında dəvə və ilan ocaqlarını göstərmək olar. Oraya gələn uşaqları olmayan qadınlar dəvənin altından keçərək hamilə olacaqlarını sanırlar, ilanlardan isə sağalma diləyirlər. Animistik (ölülərin ruhların gəlişinə inanc) inanclar da bu gün mövcuddur. Bu inancların çox əski köklərinin olduğqarına baxmayaraq, xalq içində onların hamısını İslamla bağlayırlar. Deməli bu kimi sadə xalq inancları müsəlman dəyərləri ilə qarışmış və "islamlaşdırılmışdır".

Birbaşa İslam dininə bağlı olan strukturlara, qurumlara, təhsil və ibadət ocaqlarına gəldikdə isə Azərbaycanın müstəqilliyi boyu onların sayı görünəcək qədər artıb. 2011-ci ildə ölkədə məscidlərin sayı 1802-ə qədər artıb. Onlardan çoxusu hələ Sovetlər dönəmindən öncə tikilmiş köhnə binalardır. Yeni

tikilən məscidlərin sayı isə 595 ədəddir. Həmin ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çoxusu müsəlmanların olan 534 dini icmalar qydiyyatdan keçib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyəvi dövlət olsa da, dini kimliyini heç bir zaman unutmayıb, daim inkişaf etdirib. Bu da Azərbaycanın tolerant, multikultural bir ölkə olduğunu göstərir. Təkcə bir amilə nəzər salmaq kifayət edər ki, Azərbaycanın tolerantlıq modelinə dünyanın niyə istinad etdiyi açıq şəkildə görmək mümkün olsun. Məsələn, müstəqil Azərbaycanda krişnaçılar, yəhudilər, bəhailər, pravoslavlar, Alban-Udin xristian icması, Katolik və Lüteran kilsələri bu gün də azad şəkildə fəaliyyət göstərirlər. Bu günə qədər bu missionerlərin fəaliyyətinə heç bir maneə törədilməyib, əksinə inkişaf etmələri üçün əlverişli şərait yaradılıb.

Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.